Nəqliyyat Nazirliyinin ötən ilə olan məlumatına görə, Bakıda taksilərə olan tələbat 3500 maşın həcmindədir. Paytaxtda rəsmi qeydiyyatdan keçərək lisenziyalı fəaliyyət göstərən taksilərin sayı isə 7 mindir. Qeyri-rəsmi fəaliyyət göstərən taksiləri də nəzərə aldıqda Bakıda 15 minə yaxın maşın taksi fəaliyyəti ilə məşğuldur.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun fikrincə, problemin həllinə yalnız nəqliyyat sistemində aparılan islahat kimi yox, eyni zamanda sosial islahat kimi yanaşılmalıdır: “Bütün hallarda Bakıda, eləcə də digər bölgələrdə Rusiya istehsalı olan maşınlardan taksi kimi istifadənin qadağan edilməsi islahat kimi doğru addımdır. Bu, həm təhlükəsizlik baxımından əhəmiyyətlidir, həm də eyni növ avtomobillərin taksi kimi fəaliyyət göstərməsi üçün vacibdir. Dünyanın heç bir inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkəsində müxtəlif markalı maşınlardan taksi kimi istifadə edilmir. Bakıda eyni növ və rəngli maşınlardan taksi kimi istifadə edilməsinə dair tələb nəqliyyat islahatlarının bir hissəsi kimi başadüşüləndir. Lakin inkişaf etmiş ölkələrdə belə islahatlar aparılan zaman onların sosial tərəfləri də nəzərə alınır”.
İqtisadçının sözlərinə görə, keçid dövrü yaşayan ölkələrdə belə islahatlar zamanı iş yerlərini itirən şəxslərə müəyyən müddətə kompensasiya ödənilir: “Bu, bəzi ölkələrdə 3 aydan 9 aya qədər müddəti əhatə edir. Taksi sürücülərinin çoxunun ixtisaslı kadr olmadığını nəzərə alsaq, onların yeni işlə təminatı vaxt tələb edir. O səbəbdən ABŞ-da olduğu kimi onlara 8 ay müddətinə kompensasiya ödənilməklə yanaşı, ixtisasa sahib olmaları üçün pulsuz təlimlər keçilməlidir. Məşğulluq idarələri pulsuz təlimlər təklif edir. Həmin insanlar məşğulluq idarələrində təşkil edilən təlimlərə cəlb oluna bilər”.
V.Bayramov deyir ki, kompensasiya verilən müddətdə taksi sürücüsü iş tapmasa, müddət uzadılmayacaq: “Kompensasiya ödənilən müddətdə yeni iş yerinin tapılması taksi sürücüsünün birbaşa vəzifəsi olmalıdır. Kompensasiyalar hazırkı problemin həllində atıla biləcək yeganə addım kimi görünür. Bununla bağlı maliyyə mənbələri də var. Nəqliyyat Nazirliyinin resurslarından kompensasiyaların verilməsinə vəsait yönəltmək olar. Sürücülərlə aparılan sorğular onların aylıq gəlirinin 300 manat olduğunu göstərir. 8 ayda hər bir taksi sürücüsünə 300 manat ödənə bilər”.






