İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov

1065 25.05.2019 09:55 Ölkə A A


IX Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri mükafatlandırıldı; millət vəkili: “Musa Yaqub da Sabir kimi hər zaman yaşayacaq”

2011-ci ildən bu yana hər il may ayında Şamaxıda ədəbi bir canlanma, həyəcan yaşanır. Əlbəttə, bu, səbəbsiz deyil: 2011-ci ildən üzü bəri Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü, AVCİYA və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə Sabir Bədii Qiraət Müsabiqəsi keçirilir. 2019-cu ildə IX Sabir Bədii Qiraət Müsabiqəsinə apreldə start verilmişdi. Bu il müsabiqəyə 200 nəfərə yaxın şagird qatılıb.


Mayın 23-24-də Şamaxı şəhərində 9-cu müsabiqənin yekun tədbirləri keçirildi. 2016-cı ildən bu yana bu sətirlərin müəllifi də qaliblərin mükafatlandırılması törənində iştirak edir. Sabir yaradıcılığına həsr olunmuş müsabiqədəki çıxışlar, törənin aurası mənəvi qida kimi böyük təsir göstərir, insanın ruhu dincəlir...
Bu ilki tədbirin aparıcıları münsiflər heyətinin üzvü, filologiya elmləri doktoru, professor Asif Hacıyev və qiraət ustası, gənc aktyor Səfa Mehdi idi.
Sabirin şeirlərinin mahir qiraətçisi olan Səfa Mehdinin duyğulu çıxışından sonra Şamaxı rayon İcra hakimiyyətinin birinci müavini Qasım Qasımov, təhsil şöbəsinin müdiri Namiq Nağıyev, Sabir Ev Muzeyinin direktoru Rəqsanə Xəlilova və müsabiqə iştirakçılarının yetişməsində əməyinə görə təltif edilən müəllimələr çıxış etdilər. Onlar belə bir müsabiqə təşkil etdiyinə görə Elxan Süleymanova təşəkkürlərini çatdırdılar.


Tədbirdə Sabir Qiraət Müsabiqəsinin ilk ilinin qalibi, Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin tələbəsi Nuranə Heybətovanın və II müsabiqənin qalibi - Pedaqoji universitetin Şamaxı filialının məzunu, hazırda Nağaraxana kənd məktəbinin dil ədəbiyyat müəllimi olan Gülər Məmmədova tədbir iştirakçıları ilə təəssüratlarını bölüşüblər. G.Məmmədova dedi ki, artıq onun dərs dediyi şagird də bu il müsabiqəyə qatılıb.
Yekunda geniş nitq söyləyən Elxan Süleymanov hər zaman seçicilərinin yanında olduğunu, müraciət edən şamaxılıların problemlərinin həlli üçün imkanları çərçivəsində əlindən gələni etdiyini bildirdi. O, Sabir, Seyid Əzim Şirvani kimi dahi şairləri olduğuna görə şamaxılıları bəxtəvər adlandırdı: “Dünya durduqca Sabir yaşayacaq. Çox adam kitab, şeir yaza bilər. Amma hər yazan tarixə düşməz, sevilməz. Bu gün Sabir təkcə oxunmur, bu müsabiqə ilə həm də onun şeirləri əzbərlənir, ürəklərə köçür. Sabir nadanlığa qarşı mübarizə aparırdı. Nadanlıqla mübarizənin yeganə üsulu isə təhsildir".


E.Süleymanov Sabirə sevgisinin yaranmasının tarixçəsindən söz açdı. Dedi ki, ali təhsil aldıqdan sonra işsiz qalıb. 1962-ci ilin oktyabrında Xruşşova bir məktub yazıb ki, Azərbaycanda sahibsiz gənclərə iş verilmir. Noyabrda artıq Xruşşovdan cavab gəlir: “Bu gənc işlə təmin edilsin, 3 gün ərzində ona məlumat verilsin.”
Mərkəzi Komitədən komissiya gəlir, gənc Süleymanovu sorğu sual edirlər və Sabirin heykəlinin yaxınlığında yerləşən 7 saylı məktəbdə pioner baş dəstə rəhbəri işinə təyin edirlər: “O zaman Bakının mərkəzində cəmi 3 Azərbaycan dilli məktəb vardı, qalanları hamısı rus məktəbləri idi. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər gələndən sonra məhz onun sayəsində Azərbaycan dilli məktəblərin sayı artırıldı...


7 saylı məktəbdə işə başlayandan az sonra qərar verildi ki, Sabirin 100 illiyi qeyd olunsun. Məktəbimizin direktorunun qəbuluna getdim və xahiş etdim ki, daxili radio qovşağını işə salaq. Razılıq aldım və Azərbaycanın görkəmli şairlərinin, yazıçılarının, xüsusi ilə Sabirin əsərlərini qovşaqda səsləndirməyə başladım. Sabir yaradıcılığına baş vurandan sonra onun sehrinə düşdüm və Sabir həyat yolumu işıqlandıran bir ulduz oldu. Sabir mənə güc, cəsarət verdi. Və bu gün o borcu qaytarıram Sabirə ”...
E.Süleymanov bildirdi ki, Sabir müsabiqələrinin 180-ə yaxın qalibi var: “Bizim ilk müsabiqəmizdən bəri Münsiflər Heyətinin sədri olan gözəl şairimiz Musa Yaqub – mən onu Azərbaycanın Şoloxovu hesab edirəm – da ağır xəstə olmasına baxmayaraq, bu ilki tədbirə də qatılmağa qərar vermişdi. Ötən gün evində diplomlara qol çəkdi və dedi ki, tədbirdə də çıxış edəcək. Təəssüf, bu gün halı pisləşdi və gələ bilmədi. Allah ona şəfa versin! Və unutmayın, şair heç zaman ölmür. Musa Yaqub da Sabir kimi daim yaşayacaq”.


Sonra müsabiqə qaliblərinə diplomlar və mükafatlar təqdim təqdim edildi.


I yerə Sabir qəsəbəsi tam orta məktəbin 5-ci sinif şagirdi Hacalı Hacıyev, II yerə Qızmeydan kənd məktəbinin 8-ci sinif şagirdi Aysun Sadıqova, Göylər kənd 2 saylı məktəbin 6-cı sinif şagirdi Eltac İsgəndərov, III yerə Göylər kənd 1 saylı orta məktəbin 10-cu sinif şagirdi Gülnur Ağayeva, Sabir qəsəbə məktəbinin 5-ci sinif şagirdi Mədinə İbrahimova, Avropa liseyinin 6-ci sinif şagirdi Ayşən Adıgözəlli, həvəsləndirici mükafatlara isə Göylər kənd 1 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Nərmin Abdullayeva, Talışnuru kənd tam orta məktəbin 8-ci sinif şagirdi Elariz Məmmədov, Sabir qəsəbə tam orta məktəbin 7-ci sinif şagirdi Riyad Şıxıyev layiq görülüb.
Sabir Bədii Qiraət Müsabiqəsinin keçirildiyi 9 ildə ən çox qalib hazırlamış müəllimlər və müsabiqənin koordinasiya işlərini həyata keçirmiş rayon təhsil şöbəsinin mütəxəssisi Nişanə Əyyubova da təltif edildilər.
Tədbirin sonunda iştirakçılar Seyid Əzim Şirvaninin qəbrini və Mirzə Ələkbər Sabirin abidəsini ziyarət etdilər.


Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”

 

4.jpg (4.04 MB)

2.jpg (4.03 MB)

7.jpg (4.93 MB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR