ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın Ağ Ev yazışmalarını özəl email hesabı üzərindən həyata keçirdiyi ortaya çıxıb. Ağ Ev işçilərinin rəsmi yazışmalarını öz email hesabları vasitəsilə həyata keçirmələri təhlükəsizlik protokoluna ziddir və qadağandır.
Ancaq İvanka Trampın vəkili, müvəkkilinin apardığı yazışmalarda gizli məlumatların paylaşılmadığını, İvanka Trampın sözügedən yazışmaları Ağ Ev işçiləri tərəfindən təhlükəsizlik protokolu mövzusunda məlumatlandırılmadan öncə hazırladığını deyib.
2016-cı ildə prezident seçkisi kampaniyası dövründə Donald Tramp demokrat rəqibi Hillari Klintonu özəl email hesabı vasitəsilə yazışmalar aparmaqda ittiham etmiş və Klintonun xarici işlər naziri olduğu dönəmdə Amerikanı təhlükəyə atdığını iddia etmişdi.
“Washington Post” qəzeti dünənki xəbərində İvanka Trampın şəxsi email hesabından apardığı yazışmaların əhəmiyyətli bir hissəsini logistik mövzuları əhatə etdiyini yazmış, ancaq bəzi yazışmaların yenə də federal cinayət kateqoriyasına girə biləcəyini vurğulayıb.
Şəxsi emaildən istifadə etmək bir problem sayılırmı? Amerikanın CBS kanalına danışan bir Ağ Ev səlahiyyətlisi deyib ki, İvanka Tramp email yazışmalarında dövlət sirrini faş etməyib. Eyni səlahiyyətli şəxs Amerika prezidenti qızının şəxsi email hesabından istifadə etməsinin isə təhlükəsizlik protokolu ilə bağlı kifayət qədər məlumatı olmamasından qaynaqlandığını deyib.
Amma Amerikadakı məlumat əldə etmə haqqı qanunundan istifadə edərək, mövzu haqqında Ağ Evdən açıqlama istəyən Amerikan Oversight adlı qrupdan Ostin Evers, İvanka Trampın keçən ilə qədər şəxsi email hesabından istifadəyə davam etdiyini deyib: “Prezidentin ailəsi hüququn üzərində deyil. Konqresin təcili şəkildə istintaqa başlamasına səbəb olacaq cinsdən ciddi sual işarələri var”.
Evers verdiyi yazılı açıqlamada eyni zamanda aşağıdakı sualları da verib: “İvanka Tramp bütün şəxsi email hesablarını Ağ Ev protokoluna və qanunlara uyğun şəkildə səlahiyyətli işçilərə bəyan edibmi? Şəxsi hesabları üzərində gizli məlumatlar paylaşıbmı?”
Sevinc, musavat.com






