44 günlük müharibə zamanı itkin düşən erməni hərbçilərinin qohumları bu gün Eçmiədzindəki hərbi hissə qarşısına toplaşıblar. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onlar Qarabağdakı Rusiya sülhməramlı qüvvələrin komandanı Rüstəm Muradovdan məlumat almaq ümidi ilə Müdafiə Nazirliyinin nümayəndələrini gözləyiblər.
“Biz gözləyirik ki, Muradovun cavabının bizə çatdırsınlar ki, axtarış işləri nə vaxt və harada aparılacaq. Bizə Müdafiə Nazirliyinə getməməyimizi söylədilər, çünki özləri gəlib xəbər verəcəklər”, - deyə uzun müddət ərindən heç bir xəbər ala bilməyən Manya Meloyan jurnalistlərə bildirib.
Toplaşanların sözlərinə görə, artıq Müdafiə Nazirliyinin açıqlamalarına inanmırlar və hər şeyə rəğmən, ərlərinin və uşaqlarının evlərinə qayıtmasını gözləyirlər.
Bu arada etirazçılardan biri rus sülhməramlılarının bazasına zəng edərək və telefonunun səsgücləndiricisini açaraq, onlardan Zəngilan bölgəsində axtarış işlərinin nə vaxt aparılacağını soruşub.
“Hələlik məlumat verməyə hazır deyiləm. Bu gün Hadrut rayonunda işlər gedir”, - deyə rus zabiti telefonun o başında qadına cavab verib.
“Ümid edirik ki, qohumlarımız evə qayıdacaqlar. Biz artıq o qədər dərman içmişik ki, dözə bilmərik” – qadın zabitə bildirib.
Bu zaman yaşlı bir kişi hərbi hissənin qapısında dayanan erməni zabitlərə və polislərə hücum çəkib. “Səni öldürəcəm. Ölümdən və məhkəmədən qorxmuram. Uşaqlarımızı ölümə göndərdiniiz və unutdunuz. Oğlumun üç uşağı qaldı - 3, 5, 7 yaşında. Hər gün atalarının harada olduğunu soruşurlar. Hər gün gah nazirliyə gedirəm, gah da bura gəlirəm” – erməni valideyn söyləyib.
Musavat.com






