İsveçrəli girov: “Dedim ki, gəl birlikdə qaçaq, onun taqəti qalmamışdı“… - FOTOLAR, VİDEO
İsveçrəli girov Flippində fəaliyyət göstərən “Əbu-Səyyaf” terror təşkilatı tərəfindən 2 il əvvəl qaçırılıb. Lorenco Vinciquerranın 49 yaşı var. O, terrorçuların əlindən qaçmaq üçün onların liderini öldürməli olub. Daha sonra o, çəngəlliyə qaçıb. Bu vaxt Flippin ordusu ilə terrorçu təşkilat arasında atışma başlayıb. İsveçrəli girovu təqib edən terrorçular sonda onu yaralasalar da, o, hərbçilərin əlinə keçib. Xəbərdə vurğulanır ki, onun həyatına heç bir təhlükə yoxdur.
Hazırda Flippin xəstəxanasında müalicə olunan isveçrəli ona yardımçı olan hər kəsə minnətdarlığını bildirib. “İstəyirəm ki, yeni ili öz ailəmlə birlikdə keçirim. Bu mənim ən böyük arzumdur“, isveçrəli “ Reuters“ agentliyinə müsahibəsində belə deyib. Keçmiş girovun xanımı isə bildirib ki, xoşbəxtlikdən dünyanın yeddinci qatındayam. İsveçrənin nüfuzlu siyasətçilərindən olan Dinder Burkhalter Flippinə zəng edərək, girovluqdan xilas olan isveçrəli ilə şəxsən söhbət edib.
İsveçrə mediası bildirir ki, Lorenco Vinciquerranla birlikdə 52 yaşlı hollandiyalı da “Əbu-Səyyaf” terror təşkilatının əlində olub: “Ona təklif etdim ki, gəl bir yerdə qaçaq. O, dedi ki, təəssüf ki, qaçmaq üçün taqətim qalmayıb. Onun kürəyində ağrılar var və dişləri də salamat deyildi. Qaçmamışdan 1-2 dəqiqə əvvəl mən ona bir daha bir yerdə qaçmaqla bağlı təklif etdim. Ancaq o, mənimlə qaçmaq istəmədi. Mən bilirəm ki, bundan sonra onunla daha yaxşı davranacaqlar. Çünki o, onların əlində olan yeganə avropalı girovdur“.
Yerli media bildirir ki, son girovun terrorçuların əlindən xilas olması üçün İsveçrə Hollandiyaya hər cür dəstək verməyə hazırdır.
P.S Maraqlıdır ki, yerli media isveçrəli girovun adını açıqlamayıb. Onun foto-görüntülərində isə sifəti gizlədilib. Ancaq dünyanın aparıcı agentliklər isə əksinə, bütün faktları və fotoları açıq şəkildə ortaya qoyub. Fakta bu cür yanaşma da İsveçrənin özəlliklərindən biridir. İnsanların şəxsi həyatına müdaxilə müəyyən həddə qədər ola bilər...
Elbəyi Həsənli






