İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrədəki zorlanmış qadın - “The New York Times” “Qatil uşaqları” haqqında nə yazıb?

2869 06.04.2019 20:25 Yazarlar A A

Heç öz övladına nifrət edən ana görmüsünüzmü? İsveçrədə beləsini də gördüm. Ancaq onları ittiham etməyə tələsməyin. Həyatı o qədər mürəkkəb və ziddiyyətlidir ki...

İlk dəfə azyaşlı uşağına nifrət edən gənc qadın haqqında eşidəndə xeyli təəccüb etdim. Hadisənin mahiyyətinə varanda isə tüklərim biz-biz oldu...

İsveçrədə dünyanın dörd tərəfindən gəlmiş insanlar var. Hətta burada Amazon çayının dərinliklərindəki meşələrdə yaşayan və öz həmcinslərinin ətini yeyən (hannibalizm) tayfadan da kiməsə rast gələ bilərsiz. Həyatı qəhr olmuşlar kütləvi qırğınlardan, aclıq və səfalətdən, epidemiyadan qurtulmaq və insan kimi yaşamaq ümidi ilə Avropaya, o cümlədən İsveçrəyə üz tuturlar. Müstəmləkə keçmişi olan Afrika ölkələrinin əksəriyyətində insanlar son dərəcə ağır şərtlər altında yaşayır. Bu vəhşətdən qurtulmaq üçün 100 minlərlə insan Avropaya can atır. Afrika ilə Avropanın arasında isə Aralıq dənizi boyda maneə var. Bu səddi aşmaq üçün istifadə müddəti çoxdan başa çatmış gəmilərə doldurulan insanlar Avropaya daşınır. Bu, böyük bir biznesdir. Təhlükəli səfərə çıxan həmin sınıq-salxaq gəmilərdə yer almaq üçün insanlar müxtəlif bandalara bir neçə min dollar ödəməli olur. Ancaq Afrikadan Avropaya yola çıxan gəmilərin ən azı 30 faizi Aralıq dənizdə qərq olur və minlərlə insan həyatını itirir. İnsanlar isə ölümün gözünün içinə baxa-baxa səadətin dalınca gedirlər...

Azyaşlı uşağına nifrət edən gənc qadın da həmin gəmilərin biri ilə Avropaya gəlib, müxtəlif ölkələrin sərhədindən keçərək İsveçrəyə daxil olub. As sonra isə bəlli olub ki, o, hamilədir...

Qadın deyir ki, düşmən tayfa gecə ilə onların kəndinə hücum edib: "Kimsəni sağ buraxmadılar. Mənim cəmi 16 yaşım vardı. Gözəgəlimli idim. Düşmənlər atamı, anamı və 8 bacı-qardaşımın hamısın öldürdü. Mən isə təsadüf nəticəsində sağ qaldım. Qaçıb yaxınlıdakı qayalıqda gizləndim. Düşmənlər kəndimizi tərk edəndən sonra geri döndüm. Bir kimsəni sağ görmədim. Yalnız kəndimizin ən yaşlı kişisi ağır yara alsa da hələ ölməmişdi. O, məni sağ görəndə çətinliklə də olsa, gülümsədi. Mənə dedi ki, sən Allahın qəzəbinə gəlmiş bu kənddən getməlisən. Ayağın nə qədər yer tutur buradan uzaqlaş. Kəndimizə fəlakət gəldi. Burada qalsan bu fəlakət səni də özünə yem edəcək. Get, Avropaya get. Orada insanlar bir-birin öldürmür. Bilirsən ki, mənim nəvəm 20 ildən çoxdur ki, İsveçrədə yaşayır. O, çox xoşbəxtdir. Get, sən də xoşbəxt ol...

Sarsılmışdım. Əlim, ayağım, hətta dodaqlarım əsirdi. Son sözünü deyib keçinən qocanın gülümsəyən gözlərinə son dəfə baxıb kəndimizdən çıxdım. Hara gedəcəyimi bilirdim. Mütləq İsveçrəyə getməliydim. Ancaq necə?..

Gözəl olmağıma görə kəndimizin oğlanları dəfələrlə bir-biri ilə dava etmişdi. Onda belə davalar mənə xoş gəlirdi. Özüm də öz gözəlliyimə vurulmuşdum. Yola çıxarkən düşündüm ki, bu gözəlliklə kişilərin əlindən qurtula bilməyəcəm. Ona görə də üz-gözümü toz-torpağın içində saxladım. Cır-cındır geyindim. Nə qədər ölkədən keçdim. Ancaq sonda qurtula bilmədim. Məni zorladılar. Bir gündə onlarla kişinin əlindən keçdim...

Onların əlindən qaça bildim. 3 gün sonra başqaları məni zorladı. Oradan da qaçdım. 2 həftə sonra yenidən qollarımı bağlayıb mənə zülm etdilər...

Avropaya gələndə gəmimizdə o qədər adam var idi ki. Gecənin bir aləmində göylərə boylandım. Ulduzlarin işığından səma nura qərq olmuşdu. Düşündüm ki, kəndimizin bütün sakinləri, elə mənim ailəm də haradasa o ulduzların birində xoşbəxt yaşayır. Axı cənnətdə hamı xoşbəxt olmalıdır. İstədim ki, özümü dənizə atım. Mən də öldükdən sonra kəndimizin sakinlərinin yanına gedəcəkdim. Necə də mənə görə bir-biri ilə dalaşan kənd oğlanlarını görmək istəyirdim. Nə yaxşı ki, onlar mənim başıma gələnlərdən xəbər tutmadı...

Özümü öldürməyə cəsarətim çatmadı. Həm də Avropaya çatmağa lap az qalmışdı...

Axır ki, özümü İsveçrəyə yetirdim. Başıma gələnləri anladandan sonra məni həkimə apardılar. Psixoloq fəlakətimi unutmaq üçün mənə dəstək oldu. Ancaq bir gün üzə çıxdı ki, bətnimdə kiminsə körpəsini daşıyıram. Yaşadığım sarsıntıları bir daha yaşamalı oldum. Başım pozuldu. Sonra öyrəndim ki, uzun müddət özümdə-sözümdə olmamışam. Dəli kimi gün keçirmişəm. Ancaq həkimlər məni yenidən həyata qaytara bildi...

Uşaq doğulduqdan sonra bizi ayırdılar. Mən onu görmək belə istəmirdim. Hər dəfə oğlumu görəndə məni zorlayan kişilərin murdar sifətləri gözümün qarısında sıralanırdı...

Axtarıb kəndimizin ən yaşlı sakininin nəvəsini də İsveçrədə tapa bildim. Ancaq onda xoşbəxtlikdən bir əlamət görmədim. O, içki düşkünü idi. Mən ona kəndimizdə yaşanan fəlakətdən danışdım. O, isə “bir çaxır alsaydın babamın şərəfinə badə qaldırardım” dedi...

Sizə nəql etdiyim bu söhbət lap çoxdan olmuşdu. Elə şeylər olur ki, insan onu unutmağa çalışır. Çünki belə şeylər yada düşdükcə insanın halı pozulur. Bəzən isə qəfil bir şey yaddaşının bir ucunda gizlənib qalmış bir hadisəni vurub yenidən üzə çıxarır...

Tanişim “The New York Times” qəzetini mənə verməsəydi və mən “Rwanda`s children of rape come of age” ("Ruandada zorlanma nəticəsində doğulmuş uşaqlar yaşa dolur") məqaləsin oxumasyadım bu yazı qələmə alınmayacaqdı...

Həmin məqalədən bəzi parçalara diqqət edək: “Bir gün öz qızımı yataq otağıma çağırdım və ona dedim: “Sən bilirsən ki, soyqırım zamanı çox sayda insan öldürüldü. Bir çox qadın o vaxt zorlandı. Sən onu da eşitmiş olarsan ki, o vaxt doğulan uşaqların bir qismi məhz soyqırım zamanı zorlanma nəticəsində həyata gəldi. Mən həmişə sənə demək istəmişdim ki, soyqırım zamanı zorlanan qadınlardan biriyəm. Sən də o zorlanmadan sonra doğulmusan. Mən bilmirəm ki, sənin atan kimdir. Çünki o vaxt məni o qədər kişi zorladı ki””.

Qeyd edək ki, 1994-cü ildə Ruandada hutu hökuməti tutsilərə qarşı soyqırım törədib. Ölkə əhalisin 20 faizi-1 milyon nəfərə yaxın insan öldürülüb. Ölənlərin 70 faizi tutsi olub...

Onu da xatırladaq ki, Ruanda da əhalinin 90 faizi tutsi, cəmi 10 faizi isə hutu tayfasına məxsus olub. Ancaq azlıq, yəni hutular həmişə dövləti idarə edib. Elə bu səbəbdən də sonda qırğın olub. O da maraqlıdır ki, Ruanda Fransanın keçmiş müstəmləkəsidir. Soyqırım zamanı Fransa hutulara yardım edib. Sonda tutsilər qalib gəlib. Nəticədə Ruandada rəsmi dövlət dili olan fransız dili qadağan olunub və ölkə könüllü şəkildə ingilis dilinə keçib. Təbii ki, Fransa tutsilərə qarşı törədilən vəhşiliklərdə özünü günahkar saymır...

İndi zorlanma nəticəsində doğulmuş həmin uşaqların 25 yaşı var. Həmin gənclərdən biri “The New York Times”a deyib: “Anam necə zorlanması haqqında mənə danışanda ürəyimdə kəskin ağrılar hiss etdim. Soyqırım zamanı mənim anam da dəfələrlə zorakılıqla üzləşib. Atamın qadın zorlayan və qatil olmasını bilməklə bütün varlığım tarmar oldu”.

Zorlanmış qadınlardan birinin dedikləri isə ürək parçalayır: “Bir gün məni zorlayan kişilərdən biri evimə gəldi. Qarşımda diz çökdü. Göz yaşları içində mənə yalvardı ki, onu bağışlayım. Yadıma düşdü ki, o vaxtlar zorlanan qadınların çoxunu vurub öldürürdülər. Ancaq o, məni zorlasa da, öldürmədi. Düşündüm ki, onu bağışlamalıyam”...

Həmin qadın oğluna olan münasibətdən də narahatdır: “Özüm mənəvi travma ilə yaşamışam. Oğlum da travma ilə yaşamağa məhkumdur. Hər addımda ona deyirlər ki, sənin atan qadın zorlayandır, sənin atan qatil olub”...

https://www.nytimes.com/2019/03/30/opinion/rwandas-children-of-rape-have-come-of-age.html

Elbəyi Həsənli, Sürix

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR