İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrədəki mühacir yazardan səs-küy doğuracaq sensasion müsahibə

3670 15.05.2015 23:09 Son xəbər A A










Onu sosial şəbəkədə elə təhqir edirlər, elə söyürlər ki... Hələ məlum və qınaqlara tuş gələn bəyanatından, İsa Qəmbərə qarşı yazmasından  aylar öncə başlayıb, bu proses. Öncə təmkinliydi cavablarında. Ona “nakişi”, “satqın” yazan partiya funksionerlərinə adekvat cavab belə vermirdi. Lakin birdən-birə, sanki iplər qopdu. İndi Elbəyi Həsənlini -  astagəl və təmkinli iş yoldaşımız tanımaq olmur. Müsavatın hazırkı rəhbərliyinə qarşı olmazın ifadələr, təhqirlər yağdırır. Qurultayın seçdiyi partiya rəhbərliyini “banda” adlandırır...

Qarşılığını da alır. Hazırda, Feysbukda, Müsavat Partiyasına aid qruplarda mövzu ancaq Elbəyi Həsənlidir. Niyə belə oldu?

Biz ondan bu barədə müsahibə götürmək qərarına gəldik. Həm də ona görə ki, tanınmış mühacir Sərdar Ağayev öz müsahibəsində onun adını çəkmiş, qəzetimiz də bunu olduğu kimi yayınlamışdı. Buna görə də, onun cavab haqqı yaranmışdı. 

Bizsə dedik ki, danışdırmışkən, problemin dərinliyinə varaq...

Çox aqressiv idi. İfadələrinin bir çoxunu kəsdik. Lakin yenə də ağır müsahibədir. Və bilirik ki, bu hərəkətimizlə Müsavat rəhbərliyinin, tərəfdarlarının qınağına tuş gələcəyik. Lakin kənar oxucu və tarix bir də hazırda kəskin və çoxsaylı qınaqlara tuş gələn adamı dinləməlidi. O, niyə belə etdi? Elbəyi Həsənli özü bunlara nə deyir?  

****


-Son günlər Müsavat daxilində baş verən proseslərlə bağlı açıqlamalarınız, statuslarınız ciddi ajiotaj doğurdu. Son nəticədən, hazırkı mənzərədən məmnunsuz? Nİyə belə oldu?

-Həyatın hər üzünü görmüş adamam. Məni heyrətləndirmək, hövsələdən çıxarmaq çətindir. Ancaq etiraf edim ki, Müsavat Partiyasında baş verən dağıdıcı proseslər mənim əsəblərimi sıradan çıxardı. Mayın 13-də Müsavat Partiyası Nizami rayon təşkilatından 22 nəfər istefa verib. Bir gün sonra Xətai rayon təşkilatını 55 nəfər tərk edib. Partiyanın əksər rayon təşkilatında ciddi böhran yaşanır, Tovuz rayon təşkilatı ümumiyyətlə bütövlükdə partiyanı tərk etdi. Ucar rayon təşkilatında vəziyyət kritik həddədir. Müsavat Partiyasının xalq arasında ciddi nüfuzu olan üzvləri az qala hamılıqla partiyadan qovulub, ya da istefa verib, özləri gediblər. Mən həmin müsavatçıların çoxunu  şəxsən tanıyıram. Onların əksəriyyəti  büllur kimi saf adamlardır. Onları barbar metodlarla partiyadan getməyə vadar edirlər. Mən həmin müsavatçılarla  bir yerdə çiyin-çiyinə mübarizə apardım, bir yerdə döyülüb-söyüldüm, təhdid edildim,  o qardaşlarımla, o bacılarımla bir yerdəyəm, onlarla həmrəyəm... Müsavatçılara divan tutan qaragüruhçulara  isə nifrətimi açıq şəkildə bildirirəm. Və mənim fikrimcə, bütün bu fəlakətlərə ona görə imza atılır ki, Arif Hacılı və qardaşları Müsavat Partiyasında hakimi-mütləq ola bilsinlər. Bunun üçün onlar partiyanın xaraba qalmasına, orada bayquşların ulamasına belə razıdırlar. Arif Hacılı deyir ki, İlham Əliyev siyasi rəqiblərinə qarşı repressiyalara əl atır, onları müxtəlif üsullarla sıradan çıxarır. Düz deyir. Amma o da düzdür ki, İlham Əliyevin Azərbaycan müstəvisində etdiklərini Arif Hacılı Müsavat Partiyasında həyata keçirir. Fərq miqyasdadır. İlham Əliyevdə olan səlahiyyət Arif Hacılıda olsa ona etiraz edənləri Ku-Kluks-Klan  üsulları ilə Bakının mərkəzində linc etdirər...


Elbəyi Həsənlinin bu iqtidara satılıb-satılmaması Azərbaycanın siyasi müstəvisində heç bir rol oynamır. Məndən qat-qat nüfuzlu jurnalistlər, siyasətçilər, ziyalılar bu iqtidara satılıb. Yəni, Elbəyi Həsənli satıldı nə olacaq, satılmadı nə olacaq?”



-Bu gün İsveçdəki mühacir Sərdar Ağayevin bizə verdiyi müsahibədə sizə ünvanladığı ciddi ittihamlar vardı. Tanış olmusuz yəqin. Barənizdə “Elbəyinin bu fəaliyyəti əsas verir ki, sən nə istəyirsən? İstədiyini almısan, ya alma ehtimalın var? Çox söz demək istəmirəm, kaş ki, fikirlərimdə yanılım” deyərək, bir növ sizin sifarişlə hərəkət etdiyinizə işarə vurub. Və sosial şəbəkədə sizə qarşı çıxış edənlərin çoxu da bu arqumentlə danışır...

- Xalid Kazımlı Hocamız buyurur ki, 27 il türmədə yatan Nelson Mandelaya da "hökumətə işləyir" deyənlər olub. Sərdar bəy yenə yaxşıdır. O, hökmlə demir ki, Elbəyi Həsənli satılıb. Bunu ehtimal kimi irəli sürür.  Ancaq Arif Hacılının qoltuğuna sığınmağı özünə şərəf bilən Eldəniz Yusubov mənə qarşı çoxsaylı ittihamlar səsləndirib. Özü də ittihamlarını mütləq həqiqət formasında təqdim edir. Məsələn, o, yazır: “2008-ci ildə seçkinin nəticələrini saxtalaşdırıb ikinci dəfə hakimiyyəti qəsb edən İlham Əliyevə təbrik göndərdiyiniz halda qurultay iştirakçılarının səs çoxluğu ilə Müsavat Partiyasına başqan seçilən Arif Hacılını təbrik etməyə cürət etmədiniz...bəlkə sənin vicdan dediyin oyana, bir yüngülvari hakimiyyəti də tənqid edəsən. Edə bilməzsən.  Özün yaxşı bilirsən niyə“.

Gördüyünüz kimi, oxşar ittihamdır. Arif Hacılının yanında olanlar tutuquşu kimi eyni ittihamları səsləndirirlər. İcazə verin qəzet vasitəsi ilə Eldəniz bəyə müraciət edim.  Lütfən, 2008-ci ildə İlham Əliyevə  “yazdığım“ təbriki çıxar qoy ortaya. Çıxarda bilsən Arif Hacılının rəhbərlik etdiyi qrupun (Elbəyi qeyri senzur ifadə işlədib, yazmırıq-Red.) ən böyük arzusunu yerinə yetirərəm, yəni Müsavat Partiyasından istefa verərəm. Üstəlik, jurnalistikadan da gedərəm. “Facebook“dan da çıxaram. İctimai-siyasi müstəvidən birdəfəlik buxarlanaram. 

İllərdir ki, Müsavat Partiyasına görə, İsa Qəmbərə görə Yurdçularla savaşdayam. Onlar mənim haqqımda çox yalanlar uydurdular. Amma yurdçulardan belə bu kimi ittiham eşitmədim. Belə bir şey olsaydı onlar bu faktdan geninə-boluna istifadə edərdilər. Təbii ki, sonuna qədər haqlı olardılar. Çünki İlham Əliyevə prezident seçilməsi münasibəti ilə təbrik göndərən adam müxalifətçi sayıla bilməz. Ən azı ona görə ki, Azərbaycanda heç vaxt azad və ədalətli seçki keçirilməyib. Müsavatın tarixində belə bir faktın olması – Əliyevlərə təbrik göndərilməsi mənim yadıma gəlmir. Olsaydı İsa Qəmbər həmin adamı partiyadan kənara atardı. 

Yəqin Eldəniz bəy Arif Hacılı ilə məni səhv salıb.  İlham Əliyevə məktubu o, yazıb. Məncə, bu gün Müsavatda baş verənlər elə o məktubun təsirindən qaynaqlanır. Elbəyi Həsənlinin belə bir qəbahəti yoxdur. Amma sən bu faktın (uydurmanın yox ha!) üstündən sükutla keçirsən. Çünki qoltuğa sığınanlar belə şeyləri görməzlər...

İkinci məqam. Deyirsən ki, Arif Hacılını təbrik etməyə cürət etmədin. Yadına salıram, başqan seçkisi ərəfəsində Arif Hacılını qeyri-türk olmaqda ittiham edirdilər. İş o yerə çatmışdı ki, Vaqif Hacıbəyli nəsil şəcərəsini  ortaya qoymuşdu. Bax, onda bu kimi ittihama etiraz etdim, Arifə dəstək verdim.  Başqa bir məqam, başqan seçkisindən sonra  “Qubad İbadoğlunun cığallığı“ köşəsini yazmışam. 

“Yeni Müsavat“da indi də açıb baxa bilərsən. Həmin yazıya görə Qubad bəy mənə zəng edib, öz etirazını bildirib, arqumentlərini səsləndirib. Mən ona təkidlə demişəm ki, başqan seçkisinin nəticəsi birmənalı olaraq qəbul olunmalıdır. Arif Hacılı da, Mustafa Hacıbəyli də, Vaqif Hacıbəyli də mənə tutduğum mövqeyə görə yazılı şəkildə təşəkkür ediblər...

Bəs mən Arif Hacılıya niyə etiraz edirəm? Çünki o, Müsavat Partiyasında yaranmış umu-küsüləri, gərginliyi aradan qaldırmalı idi. Ancaq o, nə etdi? Başını qaldıranın başını kəsdi. Müsavat Partiyasında “niyə mənə səs verməmisiz“ deyə müsavatçılara divan tutdu. Mənimlə Əliyevlər sülaləsinə qarşı on illər ərzində çiyin-çiyinə mübarizə aparmış insanları partiyadan absurd ittihamlarla uzaqlaşdırdı. Və bu proses getdikcə geniş  vüsət almaqdadır.  Azərbaycanın bütün namuslu insanları, bu vəhşiliyə etiraz etdilər. Əliyev rejiminin dağıda bilmədiyi Müsavat Partiyasını Arif Hacılının .... prinsipləri dağıtdı. Bu möhtəşəm partiyanı dərnək halına gətirdiniz. Bir vaxtlar qürurla “mən müsavatçıyam“ deyən insanlar daha partiya üzvü olduqlarını deməyə belə utanırlar. Çünki  həmən etirazlar başlayır, tərs suallara cavab vermək getdikcə çətinləşir. 

Mərhum Nərgiz xanımın dəfn prosesində bir ağsaqqal müsavatçı  məni qucaqladı, gözləri yaşla dolmuşdu. Mənə dedi ki, bəy, sən uzaqdasan, yəqin xəbərin yoxdur. Bunlar bizi quru yurdda qoydular. O ağsaqqalın partiyadan heç bir təmənnası ola bilməzdi. Amma o, ahıl çağında özü üçün müqəddəs bildiyi bir doğmalığı itirdiyinin fərqində idi və ona ağlayırdı. Və sizlər Müsavat Partiyasını belə bir hala salmaqla nə qədər insanın əsəblərin sarsıtdınız, nə qədər insanı gözüyaşlı qoydunuz? ...

İndi vəziyyət elədir ki, Müsavat Partiyası normal etiraz mitinqi keçirmək gücündə belə deyil. Amma vaxt vardı Müsavat Partiyası 100 minə yaxın insanı küçələrə çıxarırdı.

İcazənizlə hörmətli Eldəniz bəyə onu da xatırladım ki, mən müsavatçı olanda siz Vəhdət Partiyasında Tahir Kərimlinin moizələrinə qulaq asırdız.


Növbəti ittiham odur ki, guya mən bu iqtidarı heç “yüngülvari” də olsa tənqid edə bilmirəm. Bu ittihamı yurdçular da çox işlədib. İndi də Arif Hacılının ətrafında olanlar iddia edirlər ki, Elbəyi Həsənli iqtidara satılıbdır, ona görə də iqtidar haqqında bir şey yazmır və iqtidarın sifarişi ilə Müsavat Partiyasında gedən proseslərə münasibət bildirir. 

Xalqımızda belə bir deyim var: oğurluqla ayağısürüşkənlik 40 gün çəkər. Mən 20 ildir ki, siyasi meydandayam. Təbii ki, mənim də yanlışlarım olub. İnsan mükəmməl varlıq deyil. Amma Müsavat Partiyasının və başqanın başını aşağı edəcək elə bir günaha imza atmamışam. Əksinə, bu partiyaya siyasi nüfuz gətirən işlərdə adım hallanıb. 

İcazə verin soruşum. Axı siz Heydər və İlham Əliyev haqqında nə demisiz ki, onu mən deməyə cəsarət etməmişəm? İlham Əliyev 3 dəfə prezident elan olunub. O da bəllidir ki, prezident konstitusiyanı bütün dünyanın razılığı ilə dəyişdirdi ki, həyatının sonuna qədər kürsünü əldən verməsin. Müxalifət partiyaları öz arasında didişdiyinə görə konstitusiya dəyişikliyinə etiraz edə bilmədi. Qərb ənənəvi müxalifətdən əlini çoxdan üzüb. Ona görə də İlham Əliyevə yaşıl işıq yandırdı. Çünki İlham Əliyev siyasətçidir. Qarşı tərəfin ondan nə istədiyini əla bilir. Və o istəkləri qismən həyata keçirməklə öz iqtidarını qoruyub saxlayır. 

Azərbaycan korrupsiya və rüşvətxorluğun içindədir. Bütün sahələr monopoliyaya alınıb. Monopoliyaların rəhbərlərini də İlham Əliyev qeyri-rəsmi şəkildə özü təyin edib. İnsanlara maaş adına dilənçi payı verilir. Mən İsveçrədə yaşayıram. Mənim bir günə görə aldığım pul Azərbaycanda müəllimlərin, həkimlərin, mühəndislərin aylıq maaşından çoxdur. Bəs Azərbaycanın gəlirləri hara getdi? Hamısını basıb yeyirlər. Təbii ki, mən bunlara etiraz edirəm. Bu barədə də dəfələrlə yazmışam. İndi sizlər məni aşağılamaq üçün bütün bunları görməzdən gəlirsizsə, bu mənim problemim deyil. Vicdan susanda insan kor, kar, hətta lal da ola bilər.

Onu da etiraf edirəm ki, İlham Əliyevin prezident olduğu ölkəyə rahat gedib-gələ bilirəm. Amma sizlər hakimiyyətdə olsanız Bakıya gəlişimə belə imkan vermərsiz. 

- Sizi iqtidara işləməklə yanaşı, siyasi məhbuslarla bağlı məsələdə susmaqda suçlayanlar var. Əslində nədir bu ittihamlara cavabınız? 

-Həmin Eldəniz bəy məni iqtidara satılmaqda ittiham edərək yazır ki, mən siyasi məhbuslarla bağlı həmişə susmuşam. Deyirlər ki, yalançının yaddaşı olmaz. 2013-cü ildə Strasburqda Avropa Parlamentinin qarşısında biz bir yerdə idik. Avropanın müxtəlif yerlərindən gələn siyasi mühacirlər Azərbaycandakı siyasi məhbusların azad olunması tələbi ilə aksiya keçirirdilər. Və mən həmin tədbirdə çıxış etmişəm. Həmin aksiyanın video-yazısı İnternetdə hələ də fırlanır. Sevinc xanım, sizin İsveçrədə yaşayan mühacir Hacı Hacılıdan götürdüyünüz müsahibədə bir foto var. Həmin fotoda mən Eldəniz bəylə Hacı Hacılının arasında dayanmışam.  

Tofiq Yaqublunun fotosu da mənim əlimdədir.  Bundan başqa, mən dəfələrlə öz yazılarımda bu məsələyə toxunmuşam. Statuslarımda da bu mövzu qabarıq şəkildə ortada olub. Yazmışam ki, Afrikanın ən vəhşi ölkələrində belə bu qədər (bəzi məlumatlara görə 130 nəfərə yaxın) siyasi məhbus yoxdur. 

Bəli, İlham Əliyevlə Azərbaycanın halı çox pisdir. Amma o da həqiqətdir ki, İlham Əliyevsiz vəziyyət daha pis olacaq. Niyə? Çünki ortada alternativ siyasi qüvvə yoxdur. Müxalifətdə olanların bir-birinə münasibəti it-pişik münasibətdir.  Dəfələrlə yazmışam. AXCP ilə Müsavat birləşsə və ciddi nizam-intizam içində fəaliyyət göstərsə müxalifətin iqtidara gəlmək şansı yarana bilər. Birləşməsə heç nəzəri baxımdan da müxalifətin iqtidar olması mümkün deyil. Və sizlər bir-birinizi söyə-söyə Azərbaycanı Suriyanın və Ukraynanın gününə sala bilərsiz.

Azərbaycanın isə nə dövlət, nə də xalq olaraq bu kimi fəlakətlərə tab gətirmək gücü qalmayıb. Qarabağ boyda dərdi olan millətin siyasətçiləri hansı ölkələrin əhatəsində yaşadığımızı unutmamalıdır.

-Sizə qarşı ən böyük qınaq sonradan silmiş olsanız da, söyüşdən istifadə etməyiniz oldu. Gərək var idimi buna? Peşmansınızmı?

-Sözügedən status bir çox saytlar tərəfindən tirajlanıb. Həmin statusda söyüş yoxdur, ancaq söyüşdən daha pis olan kəskin ifadələr var. Gərək ifrata varmayaydım. Bir də deyirəm. Heç kəs narahat olmasın. Elbəyi Həsənlinin bu iqtidara satılıb-satılmaması Azərbaycanın siyasi müstəvisində heç bir rol oynamır. Məndən qat-qat nüfuzlu jurnalistlər, siyasətçilər, ziyalılar bu iqtidara satılıb. Yəni, Elbəyi Həsənli satıldı nə olacaq, satılmadı nə olacaq? Ancaq Müsavat Partiyası kimi önəmli bir siyasi təşkilatda baş verən bu cırtdanlaşma prosesi Azərbaycanın bu gününə və gələcəyinə ciddi təsir edəcək. Mənim apardığım dava ondan qaynaqlanır ki, Müsavat Partiyası .... Arif Hacılı və onun ... dəstəsinin güdazına gedir. Ən pisi isə odur ki, İsa Qəmbər də bu prosesə Arif Hacılının yanında yer alıb və ona xeyir-dua verir. 

-İllərin müsavatçısının birdən-birə, qəfil hücumunu birmənalı qarşılamayanlar oldu. Bunca aqressivliyin arxasında nə dayanır?

-Bəzi dostlarımız mənə deyir ki, Arif Hacılı haqqında nə istəyirsən yaz, amma İsa Qəmbərə toxunma. Bu dostlarımız hələ də ümid edir ki, İsa Qəmbər Müsavat Partiyasının Bərpa Mərkəzi kimi bir təşkilat yaradıb, bu partiyanın keçmiş əzəmətini geri qaytaracaq. Çox gözəl arzudur, amma reallıqdan uzaqdır. Çünki İsa Qəmbər  görür ki, partiyada yanğın xarakterli proseslər gedir. Məntiqlə o, yanğını söndürmək üçün odun üstünə su atmalıdır. İsa Qəmbər  isə od-alovun üstünə benzin atır, 20-30 illik dostlarına “siz iqtidara satılmısız”, deyir. Belə şeylər məni hövsələdən çıxarır. Özü də təkcə məni yox. Bildiyiniz kimi mən sözügedən statusu Rauf Arifoğlunun təkidi ilə sildim. Ən maraqlısı isə o oldu ki, mənə ərki çatan Rauf bəy dönə-dönə məni təmkinli olmağa, əsəblərimi cilovlamağa səslədi. Və cəmi bir gün sonra mənim yazdığımdan daha kəskin bir yazı ortaya qoydu. Düzdür, o, ölçülü-biçili ifadələrdən istifadə etmişdi. Ancaq mahiyyətdə daha sərt fikirlər səsləndirmişdi. Niyə belə oldu? Çünki Rauf bəy Müsavat Partiyasının bərpasında iştirak edən 5-10 kişidən biridir. İndi onların bəziləri həyatda yoxdur. Yeganə R. Arifoğlu qalıb, “Yeni Müsavat”dan Bərpa Mərkəzinə qatılan, ilk təşkilat işlərini başladan. Nəsib Nəsibli son olaraq getdi, Rauf Arifoğlunu tək qoydu.  Ölənlərin yerləri cənnət olsun... Yəni, Rauf bəy Müsavat Partiyası ilə bağlı məsələlərdə məndən qat-qat həssasdır. Faktiki olaraq onun da imzası ilə Azərbaycanın siyasi müstəvisinə yenidən dönən Müsavat Partiyası indi günəş kimi qüruba enməkdədir. Və Rauf bəy Müsavatda baş verən bu dağıdıcı proseslərə bəraət qazandıra bilməz. Bu, mümkün olan şey deyil. Hər kəs, Müsavatı sevən sıravi vətəndaşımız da, ziyalımız da, elə müsavatçılar da başa düşürlər ki, bu partiyanı ... xilas etmək lazımdır...
(Mətnortasındakı nöqtələr bizim ixtisar etdiyimiz qeyri-etik ifadələrdir –Red.)
Bəzi dostlarımız onu da deyir ki, sən İsa Qəmbərdən ağıllı deyilsən, bəs hansı məntiqlə ona ağıl öyrədirsən?  Mən heç vaxt belə bir sərsəm iddiada olmamışam.  Özümü heç Heydər Əliyevdən də, İlham Əliyevdən də ağıllı saymıram. Buna baxmayaraq onlara xitab edərək,  illərlə məqalələr yazmışam ki, filan işi yanlış edirsiz, filan məsələdə vətəndaşımızın maraqların nəzərə almamısız və.s. Bu necə olur axı? Biz iqtidar sahibini tənqid edəndə müxalifət liderlərinin nəzərində yaxşı kişi oluruq, elə ki, onların özləri tənqidlərə hədəf olur, həmən “vətən xaini”  yarlığı alnımızın ortasına yapışdırılır. Öncə yurdçular dedilər ki, iqtidara satılmısan, çünki onların büt bildiyi Əli Kərimlini ara-sıra tənqid edirdim. Sonra Müsavatda baş verən bəlli proseslərə etiraz edəndə öz partiyadaşlarım, daha doğrusu Arif bəyin çevrəsi məni topa tutdu. Belə məlum olur ki, bizim iqtidar müxalifətdən daha çox tənqidə dözümlüdür. Amma mən kövrək deyiləm. Bu kimi ittihamları 2000-ci ildən üzü bəri çox eşitmişəm. O vaxt “Şərq” qəzeti yazmışdı ki, Vasif Talıbov mənə 10 min dollar verib. Elə həmin vaxtı  yurdçuların əlində olan  “Azadlıq” qəzeti məni ən nalayiq ifadələrlə təhqir etmişdi. Bax onda mən sarsıldım. İllər keçdikcə bu kimi ittihamlara öyrəşdim. 

Ürəyim doludur. İcazə verin onu da deyim. Rəsmən bəyan edirəm ki, hazırda İsa Qəmbərin yanında deyiləm. Yenidən onun yanında ola bilərəmmi? Mümkündür. Bunun üçün İsa Qəmbər öz liderlik istedadını  daha yüksək səviyyədə nümayiş etdirməlidir. Yəni, kərpic-kərpic sökülmüş Müsavat binasını yenidən və daha sağlam əsaslar üzərində ucaltmalıdır. Bacaracaqmı? Düzü buna o qədər də inanmıram...

-  Maraqlıdır, Müsavatın son sədr seçkilərində kimə dəstək vermisiz?

- Mövqeyimi də açıq ifadə etmişəm. Demişəm ki, mənim səs vermək imkanım olsaydı, Qubad İbadoğluna üstünlük verərdim. Ancaq onu da bilirəm ki, Arif Hacılı başqan seçiləcək. Dediyim kimi də oldu. Siyasi proseslər həmişə inkişafdadır. Bu gün aydın görünür ki, Qubad İbadoğlunun rəhbərlik etdiyi təşkilatda quruculuq işləri sürətlə gedir. Təşkilat üzvləri arasında qarşılıqlı münasibətlər az qala “arım, balım, pətəyim” səviyyəsindədir. Mətbuat demək olar ki, onlar haqqında mənfi xarakterli bir şey yazmır. Əksinə, onlara ictimai simpatiya açıq şəkildə ortadadır. Müsavat Partiyasında isə hər şey tam əks istiqamətdə gedir. Partiya dağılır, mənəvi böhran fəlakət həddindədir. Bütün bu fərqlər Arif Hacılı ilə Qubad İbadoğlunun liderlik xüsusiyyətləri barədə müəyyən fikirlər söyləməyə imkan verir. Qubad bəy yaradıcıdır, müsbət enerjinin daşıyıcısı kimi ortadadır. Arif bəy isə dağıdıcıdır və mənfi enerji ilə yüklənib...

- Sizə görə İsveçrədə yaranmış “Ocaq” təşkilatının müsavatçı olan üzvləri də təzyiqlərlə üzləşib. Bəzi məlumatlara görə Müsavat Partiyası İsveçrə səfirliyinə müraciət edərək oturum almamış müsavatçıların partiyaya heç bir dəxli olmadığını bildirib...

-Müsavat Partiyası rəhbərliyinin Bakıdakı İsveçrə səfirliyinə belə bir müraciəti ilə bağlı məndə heç bir məlumat yoxdur. Düşünürəm ki, bu şayiədir. İnanmaq çətindir ki, Arif Hacılı bu həddə qədər gedər. Ancaq “Ocaq” təşkilatında olan müsavatçılara mənə görə mütəmadi təzyiqlərin olması faktdır. Və mən durumu nəzərə alaraq dostların nəzərinə çatdırmışam ki, mən “Ocaq” təşkilatının sədrliyindən getməyə hazıram. Təbii ki, mən bu təşkilatın sıravi üzvü də ola bilərəm. Çünki bu təşkilatın ikinci adı YOB-dur, yəni “Yaxşı Oğlanlar Birliyi”. Yaxşı oğlanların  bir yerdə olması isə çox təbiidir. Onu da deyim ki, mən bu təşkilatın sədri olsam da İsveçrədəki müsavatçıların ağsaqqalı Hacı Hacılıdır. 


Mən dostlara görə hər cür fədakarlığa hazır olan biriyəm, yəni getməyə həmişə hazıram. Ancaq buradakı müsavatçılar  gedişimə heç çür razılıq vermirlər. Buna baxmayaraq, istefa verib, təşkilatı və dəyərli dostları böhtanlardan qorumağı ciddi şəkildə düşünürəm... Mən öyrəndim ki, Partiya rəhbərliyindən Gülağa Aslanlı bu gün bizim təşkilatda olan müsavatçılara zəng vurub. Onları açıq şəkildə təhdid edib. Deyib ki, seçiminizi edin, ya Elbəyi Həsənli, ya da Müsavat Partiyası. Mən oturum almaq istəyən müsavatçılara görə sədrlikdən getməyə hazıram. Bu məsələ niyə Müsavat Partiyasının rəhbərliyi üçün bu qədər önəmlidir, bilmirəm. Amma mənim üçün sədrlikdən getmək heç bir problem deyil. Təki dostların kefi yaxşı olsun....

Redaksiyadan: Elbəyi Həsənlinin müsahibəsində adları çəkilən hər bir kəsin fikir və mülahizələrini dərc etməyə, arzu edərlərsə, onlardan müsahibə almağa hazırıq.  



Sevinc TELMANQIZI, musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR