İsveçrənin “SRF” Tele-kanalının aparıcısı Mona Vetsch “Mona mittendrin” (Mona aparıcının adıdır. “mittendrin” isə (hadisənin, prosesin mərkəzində, ortasında və ya içində anlamını verir) çəkilişləri zamanı gərgin anlar yaşayıb. Belə ki, yanğınsöndürənlərlə birlikdə hadisə yerinə gedən qrup bir nəfərin necə ölməsini anbaan lentə almaq zorunda qalıb.
Hadisə isə belə baş verib: "Mona mittendrin" proqramında Mona Vetsch Bazel şəhərində yerləşən Yanğınsöndürmə İdarəsinə baş çəkir. Xanım aparıcı 24 saat ərzində yanğınsöndürənlər ilə birlikdə olmağı planlaşdırmışdı. Çəkilişlər əla gedirdi. Gözlənilmədən kədərli bir hadisə baş verdi və kamera qarşısında bir kişi öldü.

"İnsanlar cəmi iki metr uzaqlıqda qəhvə içirlər və burada isə bir insan ölürdü", aparıcı təəssüf hissini ifadə etməyə söz tapmadığını deyib. Yanğınsöndürmə İdarəsinin rəisi isə kədərli olayın aparıcıya çox şiddətli təsirindən narahatlığını ifadə edib. Əlbəttə, hadisə kədərlidir, amma təəssüf ki belə olaylar da bizim peşəyə aiddir.
İsveçrənin “20 Minuten” qəzeti yazır ki, xanım Vetsch bu verlişə icazə almaq üçün öncə yanğınsöndürmə ilə bağlı təlimlərdə iştirak edib.
Məlumat üçün deyim ki, İsveçrədə yanğınsöndürənlər heç də həmişə yanğına görə çağırmırlar. Digər çıxılmaz durumlarda da onlara üz tutanlar çox olur.

Qəzet yazır ki, bir nəfər super-marketin tualetində yerə yıxılıb. Huşsuz vəziyyətdə olduğuna görə onun bağladığı qapını açmaq mümkün olmur. Ona görə də yanğınsöndürənləri çağırırlar. Təcilli Tibbi Yardım maşını da hadisə yerinə gəlir. Tualetin qapışın sındırıb yıxılan adamı kabinetə aparırlar. On iki dəqiqə ərzində xəstənin reanimasiya olunması üçün cəhdlər göstərilir. Buna baxmayaraq, adamı xilas etmək mümkün olmur. Adı çəkilməyən şəxsin ürəyi dayanır. Aparıcı kədərlidir və şokdadır.
Peşəkar yanğınsöndürmə briqadasının leytenantı Marsel Nyffeler aparıcı xanıma təsəlli verməyə çalışır...

“SRF” tele-kanalı olayı nümayiş etdirib. Mərhum proqramda anonim və tanınmaz halda görünür.
Peşəkar yanğınsöndürmə briqadsının üzvləri bildirib ki, onlar bu kimi hallarla tez-tez qarşılaşırlar. Sonu ölümlə nəticələnən bu kimi hallar qaçılmazdır və bizim peşənin tərkib hissəsidir.
Bu olay İsveçrədə ciddi mübahisələrə səbəb olub. Belə ki, bir çox peşəkar jurnalist bir adamın necə ölməsini göstərən kadrların nümayiş etdirilməsinin peşə kodeksinə zidd olduğunu bəyan edib. Tamaşaçılar arasında da bu olay birmənalı qarşılanmayıb. Hələ də mübahisələr davam edir. Bəziləri iddia edir ki, ölən şəxsin yaxınlarının həmin kadrlara baxarkən hansı hisslər keçirməsini düşünmək belə adamı dəhşətə gətirir.
O da maraqldır ki, sözügedən kadrları televiziyadan daha öncə yerli «Blick» qəzeti ictimaiyyətə çatdırıb. Ancaq bütün təzyiqlərə baxmayaraq “SFR” də həmin kadrları yayımlayıb.
Elbəyi Həsənli, Sürix
Musavat.com






