İsveçrə bəylərindən qalan qəsr də xalqa xidmət edir – fotosessiya
Vaxtı ilə qəsr, indi isə mədəniyyət ocağı olan su içində bu tikili haqqında xatırlayırsınızsa bir dəfə kiçik məlumat vermişdim.
İsveçrənin Seengen qəsəbəsində, XIII əsrdə Hallwyl bəyləri tərəfindən Hollwyl gölündən axıb Aare çayına tökülən kiçik qolun əhatəsində salınmış Hallwyl qəsri haqqında bu dəfə geniş danışacağıq.
Sayılıb-seçilən yerli bəylərin 1265-ci ildə tikdirdiyi bu gözoxşayan qəsr 1870-ci illərə qədər Hallwyl sülaləsinin malikanəsi olmuşdu. Sonrakı dövrdə 40 ilə yaxın istifadəsiz qalan qəsr dağılıb əldən düşmüşdü. 1910-cu ildə ailə tərəfindən restarvasiya edilən qəsr yarı qotik, yarı orta əsrlər stilinə salınmışdır. Qapalı ailə malikanəsi olan bu qəsr 1925-ci ildə həyat yoldaşının ölümündən sonra Wilhelmina von Hallwyl tərəfindən muzeyə çevrilir və qapıları insanların üzünə açılır.
1994-cü ildə isə təqribən 730 il bir sülalənin mülkü olan bu qəsr dövlətə hədiyyə edilir. 1997-2004-cü illər yenidənqurmasından sonra qəsr indi fotolarda gördüyünüz kimi əzəmətli və suların əhatəsində hür həyat yaşayır.
Hal-hazırda qəsr muzey kimi fəaliyyət göstərilsə də Aargau vilayətinin mədəniyyət idarəsi tez-tez qəsrdə kültür layihələri həyata keçirir, konsertlər təşkil edilir.
Xüsusilə bu günlər qəsrin qapısından içəri bir xeyli insan keçir. Belə ki, qəsrin həyətində açıq havada səhnə qurulub, oturacaqlar döşənib. Qəsrdə axşamlar klassik musiqi ifa edilir, bəzi günlər isə teatr tamaşaları nümayiş etdirilir.
Qəsrdə valideynlər rahat olsun deyə uşaqlar üçün xüsusi ərazilərdə bələdçilərin nəzarəti altında vaxt keçirməyə təsislər yaradıblar.
Qəsrdə tədbirlər axşam çağı olduğu üçün bir çoxları qəsrə yaxın Hallwyl gölündə üzərək və ya piknik edərək zamanını keçirir, istirahət edirlər.
Hallwyl gölünün sakinlərindən növbəti həftələrdə danışacağıq. İndi isə yenidən Hallwyl qəsrinin başqa ziyarətçilərindən də danışaq: Bu qəsr həm də yeni ailə quran cütlüklər üçün xüsusi bir yerdir. Cütlüklər toy günü yaxınları ilə birgə bu qəsrə gəlir, fotolar çəkdirirlər və sonra ya qəsrin içindəki restoranda və ya qəsrin çölündəki yaşıllıq ərazidə şənlənirlər. Belə xoşbəxt cütlüklərdən bizim də rastımıza çıxanı oldu, ünsiyyət qurduq və sizin üçün onların da bir neçə fotosunu çəkdik.
İndi isə sizi fotolarla baş-başa qoyub gələn həftəyə qədər sağollaşırıq.
Abbas Atilay,
xüsusi olaraq “Yeni Müsavat” üçün






