İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdəki PKK şəbəkəsi- Avropanın dəstəklədiyi terror qruplaşmasının gizli məqsədləri

884 13.01.2023 19:36 Yazarlar A A

 

Son hadisələr göstərir ki, PKK şəbəkəsi Avropada dəstəklənir və onları sıradan çıxarmaq çox çətin olacaq

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Ankara və Stokholm arasında münasibətlərin qaydaya düşdüyü bir vaxtda PKK terrorçuları növbəti təxribatı törədib. İsveçin paytaxtının mərkəzi meydanında Türkiyə prezidentinin kuklasını asıblar.

Bu hadisə Türkiyədə ciddi narazılıq doğurub, İsveç parlamentinin sədrinin gələn həftə Ankaraya nəzərdə tutulan səfəri təxirə salınıb. Yuxarıda da qeyd etdiyim kimi, iki ölkə arasında NATO üzvlüyü məsələsi ilə bağlı fikri ayrılığı var idi. Ankara İsveç hökumətinin PKK-çıları himayə etdiyini əsas gətirərək, bu ölkənin NATO üzvlüyünü bloklayırdı. Ancaq uzun müzakirələrdən və İsveç tərəfinin PKK terrorçularını təhvil verəcəyi ilə bağlı vədlərindən sonra razılaşma əldə olundu. Lakin indi göründüyü kimi, PKK-çılar heç də sakit dayanmaq fikrində deyillər.

Son hadisə həm də İsveçdə çox güclü PKK “diasporunun” olduğunu göstərir. Əslində, Türkiyə bu məsələdə haqlıdır, çünki Avropada çox güclü PKK təşkilatlanması var. Özü də bu təşkilatlanmanın 50 ilə yaxın yaşı var.

PKK Avropanın bir çox ölkələrində ciddi şəkildə təşkilatlanıb. Bu səbəbdən də Avropa PKK simpartizanları üçün bölgələrə ayrılıb. Ən güclü bölgələrdən biri də “Skandiaviya” adı verilmiş regiondur. Adından da məlum olduğu kimi, bu region Skandinaviya ölkələrini əhatə edir. PKK-çılar Skandinaviya, o cümlədən  İsveçə Türkiyə və digər region ölkələrindən qaçqın kimi gediblər. Bu ölkədə PKK tərəfdarları əsasən QHT və vətəndaş cəmiyyəti institutları yaradaraq bu qurumlarda fəaliyyət göstərirlər.

Eyni zamanda, bu qurumlar vasitəsilə daha çox toxunulmazlıq əldə edir, PKK üçün pul toplayır və tədbirlər, aksiyalar təşkil edə bilirdilər. 1980-ci illərdə PKK tərəfdarları İsveçdə və eləcə də bir çox Avropa ölkələrində çox rahat fəaliyyət göstərə bilirdilər. Bu dövrdə Türkiyədə siyasi vəziyyətə görə minlərlə vətəndaş, o cümlədən də kürdlər Avropa ölkələrinə mühacirət edib.

Ancaq 1980-ci illərin sonlarında PKK daxilində parçalanma və eləcə də, Avropada PKK fəallarına qarşı sui-qəsd hadisələri İsveç hökumətini narahat edib. PKK fəalları Enver Ata və Çetin Güngörün (1985-ci ildə İsveçdə PKK daxili hesablaşma nəticəsində öldürülüb – K.R.) qətlə yetirilməsi Stokholmu hərəkətə gətirmiş, bir sıra cəza tədbirləri görülmüş, eyni zamanda PKK da terror təşkilatı olaraq tanınmışdır. Lakin bununla belə, PKK üzvlərinin fəaliyyətləri müxtəlif QHT adı altında davam edib.

Yeri gəlmişkən, İsveçdə PKK-nı terror təşkilatı kimi tanıyan baş nazir Olaf Palme 1986-cı ildə müəmmalı şəkildə sui-qəsdə məruz qalaraq öldürülüb və onun qatili hələ də tapılmayıb. Bəzi iddialara görə, bu qəsdin arxasında PKK olub.

Ancaq əlbəttə, İsveçdə, eləcə də digər Avropa ölkələrindəki bütün kürdlər PKK tərəfdarı olmayan, təşkilata simpatiya bəsləməyən minlərlə kürd var. İsveç parlamentində müxtəlif dövrlərdə 6 kürd deputat olub. Müxtəlif dövlət vəzifələrində çalışan onlarla kürd var.

İsveçdə PKK tərəfdarlarının yenidən fəallaşması “ərəb baharı”ndan sonraya təsadüf edir. Xüsusən də Suriyada vətəndaş müharibəsinin gedişində kürdlərə münasibət dəyişir. PKK-nın törəmə qurumu olan PYD Suriyada YPG adlı silahlı qruplaşma yaradaraq faktiki olaraq gücə çevrilib. Bu dövrdə bir çox dünya və Avropa ölkəsi PYD/YPG-yə dəstək verib. Bunun bir neçə səbəbi var idi.

Kürdlərin İŞİD-lə vuruşması, Suriya hakimiyyətinə müxalif olmaları, digər suriyalı müxalif silahlı qruplardan fərqli olaraq dünyəvi təşkilatda birləşmələri, solçuluq və nəhayət, etnik azlıq kimi amillərə görə Qərb ölkələrindən ciddi dəstək və rəğbət görürdülər. Hətta Avstraliyadan Avropaya qədər bir çox ölkədən könüllülər gələrək kürdlərlə birlikdə vuruşurdular. Bunlar üçün ayrıca “YPG International” adlı bölmə fəaliyyət göstərib. Burada Amerika, Avropa və Avstraliya daxil olmaqla 17 Qərb ölkəsindən 400-dək qeyri-kürd silahlı vuruşub.

Eyni zamanda, İsveç də daxil olmaqla bir çox Qərb ölkəsi YPG-yə silah və maliyyə yardımı edib. 2019-cu ildə isə İsveçin baş naziri Ann Linde PYD üzvü və qeyri-rəsmi kürd muxtariyyətinin həmsədri İlham Əhmədlə görüşüb. Həmin İsveç həm də PKK-ya qarşı əməliyyatlara cavab olaraq Türkiyəyə silah embarqosu tətbiq edib. Bu isə iki ölkə münasibətlərini daha da gərib.

Nəticədə, İsveçdə PKK tərəfdarları daha rahat fəaliyyət göstərməyə başlayıb. 1994-cü ildən Stokholmda fəaliyyət göstərən İsveç Kürd Şurası Türkiyə əleyhinə etiraz yürüşləri təşkil edib. Türkiyənin “qırmızı bülletenlə” axtarışa verdiyi PKK-çı Rəmzi Kartal Stokholmda açıq seminarlar verib.

Bu prosesin nəticəsində İsveçin Ukrayna müharibəsindən sonra NATO-ya üzv qəbul olunma istəyini Türkiyə veto edib. Əsas kimi isə PKK-ya Stokholmun verdiyi dəstək göstərilib. Ancaq ABŞ və NATO rəhbərliyinin vasitəçiliyindən sonra iki ölkə arasında müəyyən razılaşmalar əldə olunub. İlk dəfə ötən ilin dekabrında İsveç hökuməti Türkiyədə barəsində 10 il həbs qərarı çıxarılmış  PKK terror təşkilatına üzv olmaqda təqsirli bilinən Mahmut Tatı Türkiyəyə ekstradisiya edib.

Lakin son aksiyalar göstərir ki, proses elə də rahat olmayacaq. İsveçdəki çox güclü PKK dəstəkçiləri iki ölkə münasibətlərini pozmağa çalışacaq. Digər tərəfdən, rəsmi Stokholmun PKK üzvlərinin fəaliyyətini hansı həddə qədər məhdudlaşdıracağı da dəqiq bəlli deyil. Başqa sözlə, Avropada PKK şəbəkəsinə qarşı mübarizə çox çətin olacaq.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR