İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə əcnəbilərə Azərbaycan musiqisini tədris edən pianoçu Vüsalə Bağırova... - FOTOLAR

801 25.12.2018 17:17 Ölkə A A

Bir millət haqqında hansısa təsəvvürə malik olmaq istəyirsənsə, öncə onun mədəniyyətinə, incəsənətinə nəzər salmalısan. Qürurla deyə bilirik ki, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və incəsənəti var.

Son 20 ildə Azərbaycan xalqı dünyanın başqa ölkələri ilə intensiv inteqrasiya olunur. İnteqrasiya prosesində öz dəyərlərini, mədəniyyətini təqdim edir. Vətənini sevən hər bir azərbaycanlının üzərinə xaricdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək düşür. Bu gün bu xeyirxah missiyanı İsveçdə aparan insanlardan biri də Vüsalə Bağırovadır.

Vüsalə xanım neçə illərdir ki, İsveçdə Azərbaycan musiqilərini tədris edir. O, Azərbaycanda Soltan Hacıbəyov adına Sumqayıt musiqi kollecində Təranə Şahmərdanovadan piano dərsi alıb. Kolleci bitirdikdən sonra Neftçala rayonunda musiqi müəllimi kimi çalışıb. 10 ildir İsveç Krallığının Stokholm şəhərində yaşayır. 4 ildir ki, Stokholmda musiqi məktəbində pianodan dərs deyir. Azərbaycanlı uşaqlarla yanaşı, ispan, çinli və isveçli, rus millətlərindən də tələbələri var.

Onlardan biri də bu günlərdə Azərbaycanın xalq mahnısı olan “Sarı gəlini” ifa edən çinli uşaq Amberdir. Məqsəd Azərbaycan musiqisinin xaricilərin dili ilə daha geniş təbliğidir. Çinli tələbə Amber dərslərdə iştirak etməkdən məmnundur.

“Vüsalə müəllimə bizə bütün dünya musiqilərindən, tarixindən və ölkələrin milli geyim mədəniyyətindən də əlavə məlumat verir. Azərbaycan milli geyiminin gördükdən və musiqisini eşitdikdən sonra mən, məhz bu geyimdə “Sarı gəlin” mahnısını konsertdə ifa etmək istədim və bunu etdim. Çox da alqış aldım”, - deyə, Amber təəssüratlarını bölüşür.

Vüsalə Bağırova Azərbaycan musiqilərinin başqa millətin uşaqları tərəfindən sevilməsinin bizim üçün sevindirici və qururverici hiss olduğunu bildirir: “Repertuarımızda dünya musiqiləri var. “Sarı gəlin” mahnısı isə milli geyimdə başqa millətlər tərəfindən yüksək qarşılandı. Düşündüm ki, gələn il konsertdə ölkələrin musiqilərini ifa edərkən uşaqlar həmin ölkələrin geyimində ifa etsinlər, çünki musiqini sadəcə ifa etmək yox, həm də onun içində olmaq və hiss etmək lazımdır”.

Vüsalə Bağırova İsveçdə musiqilərimizi təbliğ edən Nəzakət Rəşidzadə ilə bərabər çalışır, konsertləri bərabər təşkil edirlər.

“Nəzakət xanım Azərbaycan Milli Konservatoriyanı skripka bölməsini bitirib (indiki Bakı Musiqi Akademiyası), kamera ansambl şöbəsində konsertmeystr kimi çalışıb. İsveç Krallığında skripkadan Azərbaycan uşaqlarına dərs deyir. Mənim qızımın da müəlliməsidir. Nəzakət Rəşidzadənin azərbaycanlı tələbələri Qönçə və Nübar adında qızlardır. Tələbələrim içərisində Əhməd Adıgözəlov da var. Tanınmış musiqiçi Adıgözəlovlar nəslindəndir. O, tələbələrimin yaşca ən böyüyüdür, daha çox klassik musiqiyə üstünlük verir. Tələbələrimin sonbeşiyi Laradır. Stokholmda yeni yaranmış “Tumurcuq” teatrında musiqi bölümündə də təmənnasız çalışıram. Biz bütün dünyaya sübut etməliyik ki, Azərbaycan mədəniyyəti və tarixi qədimdir və möhtəşəmdir. Keçən il uşaqlarla bərabər, qocalar evində könüllü olaraq konsert verdik. Uşaqların çıxışından sonra, konsertin sonunda yaşlı insanların gözləri yaşla dolu idi. Konsertin sonunda uşaqlara hədiyyələr təqdim etdik. Tədbirdə qonaq qismində İsveçdə yeniyetmə olmasına baxmayaraq, ölkəmizin adını həmişə uca tutan Məhəmmədəli Nəzərli və onun anası “Tumurcuq” teatrının rəhbəri Sevinc Nəzərli iştirak edirdi. Azərbaycan xalqının əsl xarakterini, həm insanı keyfiyyətlərini, həm mədəniyyətini, həm də incəsənətini əlimdən gəldiyi qədər İsveç xalqına çatdırmaq istəyirəm”, - deyə Vüsalə Bağırova əlavə edib.

P.S. Bəli, bu gün Vüsalə xanımın simasında Avropada yaşayan və onu təbliğ edən insanlarımızın sayı artmaqdadır. Mədəniyyət böyük silahdır. Ondan yararlanmaq mütləqdir.

Elnur Eltürk, Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR