İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç azərbaycanlıları aksiya keçirəcək

1579 13.04.2014 18:36 Siyasət A A

Aksiyanın keçirilməsinə səbəb son zamanlarda Azərbaycanda siyasi fəalların təqib edilməsi, siyasi məhbusların sayının artmasıdır. Aksiyada səsləndiriləcək əsas şüarlardan biri “Azərbaycandakı siyasi məhbuslara azadlıq!” olacaq. 

Bu barədə musavat.com-a aksiyanın təşkilatçılarından biri, Azərbaycan Evi Təşkilatının mətbuat xidmətinin rəhbəri Tusi Kərimli məlumat verib. O, aksiyanın keçirilməsinin səbəbləri barədə bunları deyib: “ Bu gün İsveç saatı ilə 18:00-da Göteberq şəhərində bir qrup azərbaycanlılar tərəfindən “Azərbaycanda siyasi məhbuslara azadlıq!” şüarı adı altında aksiya keçiriləcək. Bu aksiyada 50-dən çox insanın iştirakı gözlənilir. Azərbaycanda olan haqsızlığa, ədalətsizliyə öz etirazımızı bildirəcəyik ”.

Tusi Kərimli Azərbaycan səfirliyinə etiraz qətnaməsi də göndərəcəklərini bildirdi: “ Aksiyanın qətnaməsində Azərbaycanda müxalif partiyalara və gəncliyimizə qarşı olan   hücumlar pislənilib. Bütün bunlara son qoyulması, azad bir məhkəmə sistemi qurulması tələb edilib. Qətnamə Azərbaycan səfirliyinə göndəriləcək. Əgər bu vəziyyət yenidən davam edərsə, Azərbaycan səfirliyinin və İsveç Parlamentinin qarşısında aksiyalarımız davamlı olacaq”.

Azərbaycan Evi Təşkilatının idarə heyətinin üzvü, sabiq siyasi məhbus  Kənan Hacıəkbəroğlu ( Rüstəmov)   da aksiya barədə musavat.com-a bunları dedi: “Harada yaşamağımızdan asılı olmayaraq hər bir azərbaycanlı öz ölkəsində olan haqsızlığa, ədalətsizliyə qarşı biganə qalmamalıdır. 

Mən özüm 2003-cü il hadisələrində siyasi məhbus olmuşam. Hazırda ölkəmi tərk etsəm də hər zaman ürəyim vətənimlə döyünür. O baxımdan ölkəmdə olan ədalətsizliklərə göz yuma bilmərik. Keçirəcəyimiz aksiyanın səbəbləri də bunlardan ibarətdir. Hazırda Azərbaycanda həbsxanalarda günahsız yatan çoxlu sayda soydaşlarımız var. Onların haqları uğrunda mücadiləmiz davam edəcək. Bu gün ki şüarlarımızın da əsasını onlara azadlıq tələb etmək olacaq”.

Cavanşir ABBASLI  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR