Tanınmış hərbi ekspert Üzeyir Cəfərov deyir ki, hazırda istintaqçılar Çingiz Şəfiyevin fəaliyyəti araşdırırlar: “Tamamilə mümkündür ki, istintaqın sonunda onu da məsuliyyətə cəlb edəcəklər. Azər Hüseynov Çingiz Şəfiyevin yaxın adamı olub və onun qanunsuz göstərişlərini yerinə yetirib. O, özbaşına heç nə edə bilməzdi. Çingiz Şəfiyevin xüsusi icazəsi olmadan tabeliyində olan hər hansı bir hərbi hissədə əsgərləri harasa yerləşdirə bilməzdi.Çünki Şəfiyev xüsusi komissiya yaratmışdı və həmin komissiya əsgərlərin yerdəyişməsini həll edirdi. Gədəbəyə təyinat alan əsgəri həmin komissiya Gəncəyə ezam edirdi. Murov dağındakı əsgəri Tovuza yollamaq imkanı vardı.
Bunu əsgərin “ala gözünə” görə etmirdilər. Əgər tutulan zabitlərin günahı varsa və onlar qanunsuz olaraq əsgərlərin yerdəyişməsi ilə məşğul olublarsa, buna görə də Çingiz Şəfiyev məsuliyyət daşıyır və onu da istintaqa cəlb etməlidirlər. Bir daha deyirəm ki, Şəfiyevin xüsusi icazəsi olmadan hərbi hissənin ərazisindən “quş da uça bilməzdi”.






