İnsanlara hürriyət, millətlərə istiqlal!

“İstəyərdik ki, dini bilən adam bu komitədə rəhbər olsun”

2557 26.07.2014 08:30 Ölkə A A

“Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Hacı Qamət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə YAP-çı deputat Mübariz Qurbanlının sədr təyin edilməsi, Sabirabadda saqqalı qırxılan sələfi, Fələstində müsəlmanların öldürülməsi, Suriya və İraqda döyüşlərin getməsi haqda danışıb. 

- Hacı, dini komitəyə Mübariz Qurbanlının rəhbər gətirilməsini necə qarşıladınız? 

- Bu komitəyə bir sədr lazım idi. Belə məsləhət görüblər ki, onu təyin etsinlər. Əslində bu komitə dövlət qurumudur, dini qurum deyil. Amma əlbəttə ki, yaxşı olardı bu sahəyə dini cəhətdən məlumatlı bir adam təyin edilsin. İndi biz bilmirik ki, Mübariz Qurbanlı nə dərəcədə dini sahəni yaxşı bilir. Hər halda, yanında köməkçiləri olacaq və ona istiqamət verəcəklər. 

Gözləyək işləsin, görək nə olur, ondan sonra qiymət vermək olar. Görünür, ondan əvvəlkilər  yaxşı iş apara bilməyiblər ki, vəzifədən azad olunublar. İndi biz də istəyərdik ki, dini bilən adam bu vəzifədə olsun. Amma yenə də deyirəm ki, dövlət qurumu olduğu üçün dindar olmayan adam da dini komitəyə rəhbər gətirilə bilər. Ona görə də dövlət adamını rəhbər gətiriblər, görəcəyi işə baxacağıq. 

- Bəs Mübariz Qurbanlıya təklifləriniz olacaqmı, sələfilərlə işləmək istiqamətində bir çağırış edəcəksinizmi? 

- Bunu zaman göstərəcək. Əgər Mübariz Qurbanlı bizi qəbul etsə, söhbətə çağırsa heç bir problem görmədən gedərik. Sələfilərin bu günə kimi dini idarə ilə problemi olmayıb. Yeni rəhbər də dəvət etsə, heç nədən çəkinmirik, gedib müzakirə edərik, sözümüzü deyərik. Bizim dini komitə ilə hər hansı problemimiz yoxdur. Ümid edirik ki, bundan sonra da hər şey yaxşı olacaq. 

- Hacı, az əvvəl Sabirabadda sələfinin saqqalının qırxılması geniş müzakirə olundu, sizcə, bu, təxribat idi, yoxsa əhali qəzəblənmişdi?

- Sabirabadda baş verən həmin hadisə təsadüfə oxşamır. Sələfinin üzərinə gedənlər arasında hazır olanlar var idi ki, gəlmişdilər. Bu, təxribata oxşayırdı. Mən hadisədən sonra o qardaşla görüşdüm. Mənə elə gəlir ki, ona qarşı bu hadisənin səbəbləri var. 
Bu dəqiqə məclislərdə, yas mərasimlərində mollalar şəhadətdən, namazdan söhbət etmirlər. Onlar insanlara ibadəti, namazı öyrətməkdənsə vəhhabilikdən danışırlar. İnsanlarda sələfilərə qarşı nifrət oyadırlar, aqressivlik yaradırlar. Sələfilər haqda olmayan əməllərdən söhbət edirlər. Bu da istər-istəməz sünni-şiə arasında bir aqressivlik yaradır. Sələfidən düşmən obrazı yaratmağa çalışırlar. Bu da psixoloji problemi olanlara və başqa qrupların maraqları ilə hərəkət edənlərə təsir göstərir. 

- Doğrudanmı sələfilər maşınlarla Sabirabada yürüş etmişdilər? 

- Bəli, məndə əvvəldən bir məlumat var idi. Təbii ki, onlara getməməyi tövsiyə etdim. Biz fitnə yaratmaq istəmirik və buna qarşıyıq. Odur ki, qardaşlara çağırış etdim getməsinlər. Ancaq müəyyən sayda maşınlarla gedənlər olmuşdu. 

Əgər çoxlu sayda adam getsəydi, sünni-şiə münasibətlərinə zərbə olardı. Hətta adi adamlar da özlərindən asılı olmayaraq həmin videoya baxıb qəzəblənirdilər. Çünki 200 nəfər bir sələfinin üzərinə tökülüşüb. Ona görə də daha çox təxribata oxşayır. Sələfiyə hücum edən adamlar hazır gəlmişdilər. Mən bunu bütün Sabirabad camaatına şamil etmirəm. 

Bizə həmin hadisədən sonra Sabirabaddan məktublar da gəlmişdi, baş verənləri pisləyirdilər. Yəni belə xoşagəlməz hadisələr baş verməməlidir, təkrarlanmamalıdır. Bu işi görən həmin şəxs də qanunla cəzasını almalıdır. 

Bura İraq, Suriya deyil. O ölkələrdə qarşıdurmalar adi hala çevrilib. Biz imkan verə bilmərik ki, fitnə yaratsınlar, qızışdırsınlar. Mən həmin vaxt maşınlarla getmək istəyənlərə də çağırış etdim ki, getməsinlər. Düzdür, gedənlər də olmuşdu. Ancaq biz Azərbaycanda yaşayırıq, olmaz ölkədə qarşıdurma yaratmaq. 

- Bəs bu təxribatı kimlər təşkil edə bilər?

- Biz həmin vaxt bu məsələyə toxunduq, fikrimizi dedik. Sabirabadda camaat qızışdırılmışdı. Ola bilsin ki, bunu edənlər xarici, yaxud daxili qüvvələrdir. Dövlət içində fitnə yaratmaq istəyirlər, ara qarışdırmağa çalışırlar. Buna heç cürə yol və imkan vermək olmaz. 

Artıq Ramazan ayı bitir. Millətimizi təbrik edirəm. Biz istəyirik ki, sakitlik olsun, nifaq salınmasın, fitnə yaradılmasın. Kimlər təxribat etmək niyyətindədirsə, bunu nə məqsədlə edirlərsə bilmirik. Ancaq çalışmaq lazımdır ki, insanlar təxribata aldanmasınlar. 

- Hacı, Ramazan ayı demişkən, müsəlmanların müqəddəs ayında Fələstində insanlar, körpələr öldürülür. Niyə Suriyada, İraqda döyüşənlər Fələstinə yardıma getmirlər?

- Əvvəla, biz dua edirik. Allah Fələstindəki məzlumlara kömək olsun. İndi Türkiyədə İsrail malları boykot olunur. Şəriət baxımından bu addım düz gəlmir. Çünki peyğəmbərlər belə formada zülmə etiraz etməyiblər. 

Onlar Allaha sığınıblar. Ona görə bizim dualarımız, aminlərimiz ən böyük silahdır. İraq və Suriyaya gəlincə, fərqli vəziyyətdir. Orda döyüşənlərin hərəsinin öz komandirləri var, qruplara bölünüblər, qarşıdurmalar indi də davam edir. 

İŞİD çox şişirdilmişdi. Sonra məlum oldu ki, döyüşənlər əsasən İraqdakı sünnilərdir, hər şey İŞİD-lə bağlı aydınlaşdı. Məlum oldu ki, tək İŞİD deyil, bu təşkilat çox şişirdilib. Bu mənada onların Fələstinə köməyə getməsi mümkün deyil. Ayrı-ayrı qruplara bölünüblər, Fələstin isə dünyada başqa bir oyundur. 

Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR