İnsanlara hürriyət, millətlərə istiqlal!

İstehlak kreditlərinin biznes kreditlərindən çox olmasının gizlinləri

1705 09.05.2019 08:55 İqtisadiyyat A A

Ekspert: “Azərbaycan bankları istehlak kreditlərini verməkdə daha çox maraqlıdır, çünki...”

Azərbaycanda istehlak kreditlərinin ümumi kredit portfelindəki payının 2014-cü ildən başlayaraq azalması tendensiyası son dövrlər yenidən artımla əvəz olunmağa başlayıb. Mərkəzi Bankın açıqladığı məlumatlardan aydın olur ki, ötən ildən etibarən ev təsərrüfatlarına verilən istehlak kreditlərinin həcmi artır.

Bankın məlumatına görə, 2018-ci ilin on bir ayında ev təsərrüfatlarına verilən kreditlərin həcmi 5 milyard 297,8 milyon manat təşkil edib. Bu göstəricinin ümumi kredit qoyuluşlarında çəkisi 42,2 faizə bərabər olub. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi bir ildə 625,6 milyon manat və ya 13,39 faiz artıb.

Qeyd edək ki, istehlak kreditlərinin payının yüksək olması bir neçə il əvvəl hökumətin ciddi narahatlığına səbəb olmuşdu. 2014-cü ildə Mərkəzi Bank istehlak kreditləşməsi şərtlərini ağırlaşdırmaqla bankların istehlak kreditlərini azaltmalarına nail olmuşdu.

Azərbaycanda istehlak kreditlərinin məbləğinin biznes kreditlərindən yüksək olmasının səbəbi nədir? Biznes kreditlərinin payının artması üçün hansı addımlar atılmalıdır?

Samir Əliyev ile ilgili görsel sonucu

Sualları cavablandıran iqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda istehlak kreditlərinin ümumi kredit portfelində payı həmişə yüksək olub: “Son rəqəmlərə əsasən bu pay 42 faiz təşkil edir. Bu, o deməkdir ki, ölkə iqtisadiyyatına yönəldilən hər 100 manatın 42 manatı istehlaka sərf olunur. Ölkədə istehlak kreditlərinin ən yüksək həddi 2014-cü ildə olub - 44 faiz. Sonradan devalvasiyalar nəticəsində müəyyən azalma baş verdi.

İstehlak kreditlərinin payının yüksək olmasının səbəbi, hesab edirəm ki, biznes kreditləri ilə müqayisədə risk səviyyəsinin aşağı olmasıdır. İstehlak kreditlərinin məbləği biznes kreditlərinə nisbətən çox aşağıdır. İkinci tərəfdən, istehlak kreditlərinin müddəti də azdır. Biznes kreditləri 3-5 və daha çox illik müddətə verilirsə, istehlak kreditlərinin müddəti 6 ay-2 ilə çatır. Yalnız ipoteka kreditlərinin müddəti daha uzun olur. Üçüncüsü, istehlak kreditlərində güzəştlər cüzidir, biznes kreditlərində isə güzəşt müddəti tələb olunur. İstehlak kreditlərinin faiz dərəcələrinin səviyyəsi baxımından da biznes kreditlərindən fərqlənirlər. Belə ki, istehlak kreditlərində faiz dərəcələri daha yüksək olur. Bunun nəticəsində bank qısa müddətə və yüksək faizlə verdiyi istehlak kreditindən daha çox gəlir əldə edir. Daha bir səbəb istehlak kreditlərinin daha çox diversifikasiya olunmasıdır. Yəni bank bir müəssisənin iflası nəticəsində vermiş olduğu 1 milyon manat biznes kreditini qısa müddətdə itirə bilər. Lakin onlarla, bəlkə də yüzlərlə şəxsə verilmiş eyni məbləğin itirilməsi təhlükəsi çox aşağıdır. Bütün bunlara görə Azərbaycan bankları istehlak kreditlərini verməkdə maraqlı olurlar".

Bəzi ölkələrdə istehlak kreditlərinin payının yüksək olması normal, bir sıra ölkələrdə isə problem kimi qiymətləndirilə bilər: “Azərbaycan kimi ölkələrdə istehlak kreditlərinin yüksək olması narahatlıqlar yaradır. Məsələn, Rusiyada bu məsələ tez-tez ciddi müzakirələrə səbəb olur. Amma ixrac potensialı yüksək olan Avropa ölkələrində istehlak kreditlərinin artması iqtisadiyyat üçün stimuldur. Bu, istehlakçı indeksinin yüksəlməsinə gətirir. Yəni banklar biznes kreditləri ilə istehsalı stimullaşdırmaqla yanaşı, istehlak kreditləri ilə istehlakçıların istehsal olunmuş məhsulları almalarına şərait yaradırlar. Bu isə bütövlükdə iqtisadiyyatın inkişafını stimullaşdırır. Azərbaycan kimi ölkələrdə isə istehlak kreditləri xaricdən idxal olunmuş məhsulların alınmasına sərf olunur. Yəni biz kredit götürüb Almaniya, Yaponiya, Cənubi Koreya kimi ölkələrin məhsullarını alırıq, bununla da xeyli məbləğdə vəsaitin ölkədən çıxmasına səbəb oluruq. Buna görə də yerli istehsal olmadığı üçün istehlak kreditlərinin artımı idxalı stimullaşdırır”.

S.Əliyevin fikrincə, Azərbaycanda hökumət istehlak kreditlərinin artımının qarşısını almaqdansa, biznes kreditləşməsi şərtlərini normallaşdırmağa çalışmalıdır: “Bu gün ölkədə biznesin kreditə əlçatanlığı problemli məsələlərdən biridir. Bu baxımdan, istehlak kreditlərinin artmasına qarşı hansısa addım atmaq əvəzinə biznes kreditləşməsinin həcmini artırmaq daha məqsədəuyğun olar”.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR