İnsanlara hürriyət, millətlərə istiqlal!

“İstanbul Konvensiyası” cəmiyyətin təməlini sarsıdır, ailə anlayışının mövcud fəlsəfəsini təhdid edir

3164 07.08.2020 19:17 Analitika A A

Bir çox ölkənin konvensiyadan çıxmağa meyl göstərməsi Azərbaycanın onu imzalamamasına haqq qazandırır

İnsan hüquqlarının qorunması ilə bağlı beynəlxalq sənədlərdən bəzilərinin həqiqətən də faydalı olduğu inkaredilməzdir. Ancaq gender bərabərliyi məzmunu daşıyan əksər beynəlxalq sənədlərin adətən, onu imzalayan dövlətlərdə müxtəlif problemlər yaratdığı da qətiyyən diqqətdən yayınmır. Çünki belə sənədlər əksər hallarda dövlətlərin hüquq sistemini təhdid edir. Cəmiyyətlərdə cinslərarası ziddiyyətlər, narazılıqlar və anlaşılmazlıqlar doğurur.

İnkişaf etmiş dövlətlərdə, o cümlədən də, Azərbaycanın Konstitisyasında qadın və ya kişi ayrımı mövcud deyil, hər bir vətəndaş öz cinsindən asılı olmayaraq, ölkə qanunları qarşısında bərabər hüquqlara sahibdir. Və bunu heç kəs poza bilməz.

Halbuki gender bərbərliyi məzmunlu beynəlxalq sənədlərə diqqət yetirdikdə, ilk baxışdan olduqca humanist məzmun daşısa da, əslində, hüquq qarşısında cinsi bərabərliyin pozulmasını təşviq edir.

Məsələn, əgər bir qadın əri tərəfindən döyülübsə, bu, birmənalı şəkildə cinayətdir. Və məhkəmə-hüquq sistemi bu cinayətə bir kişinin qadına qarşı cinayəti kimi deyil, məhz cinsindən asılı olmayaraq, bir vətəndaşın digər vətəndaşa qarşı cinayəti kimi yanaşaraq, səbəblərini araşdırmağa borcludur.

14629608024725920807_1000x669.jpg (85 KB)

Yaxud hər hansı bir şirkət boş vakant yerləri üçün əməkdaş seçərkən cinslər arasında balans yaratmaq xatirinə bir qadınla müqavilə imzalayırsa, bir də mütləq kişi ilə anlaşmaq məcburiyyətində deyil. Həmin şirkət öz tələblərinə daha çox faydalı olacağına inandığı mütəxəssisləri cinsi fərq qoymadan işə qəbul etmək hüququna sahibdir.

Göründüyü kimi, bəzi hallarda belə beynəlxalq sənədlər hətta sanki məqsədli şəkildə cəmiyyətdə yeni sosial narazılıq mənbəyi yaratmaq üçün icad edilmiş tələb təsiri bağışlayır.

Hazırda Avropa Şurasının (AŞ) “Qadınlara və məişət zorakılığına qarşı konvensiya”sı bu qurum və bir sıra Qərb dövlətləri tərəfindən ciddi surətdə təşviq olunur. Bu, ilk növbədə qadın hüquqları, gender bərabərliyi mövzusunun ümumən qlobal miqyasda yayılması tendensiyasının tərkib hissəsi hesab olunur.

Bu sənəd Avropa Şurası Parlament Assembleyasında qəbul edilməklə, 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub. Bu səbəbdən də sənədi “İstanbul Konvensiyası” da adlandırırlar. Avropa Şurasının 45 üzvü tərəfindən imzalanan Konvensiya, 34 üzv ölkə tərəfindən artıq ratifikasiya edilib.

Ancaq son illərdə bu konvensiyanın onu imzalayan ölkələrin cəmiyyətlərində kifayət qədər ciddi problemlər yaratdığı vurğulanır. Və “İstanbul konvensiyası” ilə bağlı bir sıra cəmiyyətlərdə yaranmış narahatlıq əsasən, onun cinsi azlıqların hüquqlarını təşviq edəcəyi, üçüncü cinsi, eynicinsli nikahları tanıyacağı, ailə ənənələrini zədələyəcəyi və s. kimi düşüncədən qaynaqlanır.

images.jpg (7 KB)

Məsələn, konvensiyanın 4-cü bəndində “sexual orientation, gender identity” ifadəsi yer alır. Və bu, Qərb dünyasında tamamilə normal hal kimi qəbul olunsa da, Şərq cəmiyyətləri üçün qəbuledilməzdr, hətta ikrahdoğurucudur.

Onu da qeyd edək ki, Avropa Şurası ölkələri arasında yalnız iki dövlət Azərbaycan və Rusiya bu sənədi imzalamayib. Və son vaxtlar konvensiyanı imzalamış ölkələrin cəmiyyətlərində baş verən hadisələr, ortaya çıxan yeni ziddiyyətlər Azərbaycanın bu sənəddən uzaq durmasına tamamilə haqq qazandırır.

Halbuki, ötən ilin oktyabr ayında Bakıda bir qrup feminist qadın ölkədə qadınlara qarşı zorakılığa son qoyulması üçün aksiya keçirərək, Azərbaycanın da “İstanbul Konvensiya”sına qoşulması ilə bağlı da tələblər səslənmişdi. Və bunun vahid mərkəzdən idarə olunan proses olduğu elə o vaxt da ortaya çıxan reallıq idi. Yəni kimlərinsə, məlum biabırçı “pankart”ları qaldıran feministlərin və belə sənədlərin hesabına Azərbaycan cəmiyyətində ailə institunu sarsıtmaqda, yazılmamış qanunları – adət-ənənələri sıradan çıxartmaqla cəmiyyətdə ziddiyyət mənbələri yaratmaqda maraqlı olduğu şübhə doğurmur.

Əgər, bu sənəd insan hüquqlarının qorunmasında faydalı olsaydı, elə bizdən daha çox Qərb dünyasına yaxın olan Şərqi Avropa ölkələri imzaladıqları konvensiyanı ratifikasiya edərdilər. Belə ki, Çexiya, Macarıstan, Slovakiya, Bolqarıstan, Litva, Latviya, Lixtenşteyn, Ukrayna, Moldova, Böyük Britaniya və s. kimi ölkələrin parlamentləri bu sənədin ratifikasiyasından birmənalı şəkildə imtina ediblər.

copyright_shutterstock222.1000x0.jpg (90 KB)

Hətta onu ratifikasiya etmiş bir sıra ölkələr isə yuxarıda göstərilən narahatlıq doğuran və qəbuledilməz maddələrlə bağlı xüsusi qeyd-şərtlər irəli sürüblər. Məsələn, Xorvatiyanın qeyd-şərtində vurğulanır ki, konvensiyanın müddəaları bu ölkənin hüquq və təhsil sisteminə gender ideologiyasının daxil edilməsi və nikahın konstitusion tərifini dəyişmək öhdəliyi qoymur.

Yəni, Xorvatiya dövləti demək istəyir ki, “Bütün cinayətlər onu törədənlərin cinsi mənsubiyyətinə görə deyil, məhz cinayətkarın cəzalandırılmasını nəzərdə tutan qanunların tələblərinə uyğun araşdırılacaq”, “Hər bir insanın hüquqları cinsi mənsubiyyətə görə deyil, məhz konstitusion tələblərə uyğun təmin ediləcək”, “Vətəndaşların təhsil hüquqları cinsi mənsubiyyətdən deyil, məhz qabiliyyətdən, savad göstəricilərindən asılı olacaq”, “Nikahın yüzilliklər boyu mövcud olmuş formatı dəyişməz qalacaq, eynicinsli şəxslərin nikahı yolverilməzdir” və s…

Üstəlik, “İstanbul Konvensiyası”nı imzalanmış bəzi dövlətlər artıq yalnış addım atdıqlarını etiraf etməyə başlayıblar. Bir müddət öncə Polşa “İstanbul Konvensiyası”ndan çıxmaq niyyətində olduğunu rəsmən bəyanlayıb. Və bu kimi hallar konvensiya ilə bağlı kifayət qədər ciddi problemlərin və narahatlıqların olduğunu göstərir.

Maraqlıdır ki, “İstanbul Konvensiyası”nı ilk imzalayan ölkə olan Türkiyə də artıq bu sənədin icrasından geri çəkilə biləcəyini sezdirir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan “Sənədi bir daha gözdən keçirtmək lazımdır. Xalqın narazılığını anlayıram. Əgər, xalq narazıdırsa və konvensiyadan çıxmağımızı tələb edirsə, bu istəyi yerinə yetirəcəyik” deyib.

aile.jpg (9 KB)

Türkiyədə əsas fikir ondan ibarətdir ki, “İstanbul Konvensiyası”nın imzalanması yanlış addım idi. Hesab olunur ki, sənəddə yer alan gender məsələsi və cinsi orientasiya vurğusu Türkiyənin milli-mənəvi, dini dəyərlərinə və adət-ənənələrinə qətiyyən uyğun gəlmir. Çünki bu iki məsələ LGBT anlayışına bağlı ünsürlərin fəallaşmasına və gender demoqogiyasına sığınan bəzi qrupların cəmiyyətdə pozuculuq işi aparmasına münbit şərait yarada bilər.

“Səadət” Partiyasının Qadınlar təşkilatının rəhbəri Ebru Asiltürk isə Türkiyənin bu konvensiyadan vaxt itirmədən çıxmasının vacibliyini vurğulayıb. Onun fkirincə, rəsmi Ankara qəti addımlar atmaqda gecikir və bu, ölkədə yaxın gələcəkdə ciddi sosial fəsadlara yol aça bilər: “Bu sənəddən imtina etməyimiz artıq bir mənəvi tələbə çevrilib. Cəmiyyətimizdə hansısa problemlər varsa, onları öz qanunlarımıza, adət və ənənələrimizə uyğun şəkildə özümüz həll etməliyik”.

Ümumiyyətlə, Türkiyə də daxil olmaqla, əksər Şərqi Avropa ölkələrində bu konvensiyanı şərh edən əksər ekspertlərin qənaəti belədir ki, belə sənədlər dövlətin hüquq sistemində kəskin ziddiyyətlər yaratmaqla yanaşı, cəmiyyətdə də cinsi mənsubiyyət üzərindən sarsıntılı gərginliklər yaradır. Üstəlik, bu, həm də cəmiyyətin yüzilliklərə dayanan təməl prinsiplərini sarsıdır və ailə anlayışının mövcud fəlsəfəsini təhdid edir.

“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR