Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Sənan Qəribov gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq ona gömrük bəyannaməsinə dair xəbərdarlıq edilib. Lakin S. Qəribov gömrük bəyannaməsi yazmadan “yaşıl” kanalla hərəkət edərkən gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Ona məxsus çantaya baxış zamanı orada gizlədilmiş, bəzilərinin üzərində qaşlar olan 10 ədəd qolbaq, 41 cüt sırğa, 18 ədəd üzük, 3 ədəd kulon, 1 dəst üzük, sırğa cütü və kulon, 1 dəst üzük və sırğa cütü olan qızıl zinət əşyaları və 1 ədəd kiçik həcmli plastik qab aşkarlanıb. Həmin qabın içərisindən də bəzilərinin üzərində qaş olan qızıl zinət əşyaları - 1 ədəd qolbaq, 23 cüt sırğa, 23 ədəd üzük, 2 dəst üzük, sırğa cütü və kulon, 5 dəst üzük və sırğa cütü, 3 ədəd boyunbağı və 2 ədəd isə üzərində göz muncuğu olan sancaq aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, həmin zərgərlik məmulatlarının əyarı 585, ümumi çəkisi isə 594,77 qram müəyyənləşdirilib.






