İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən İrana sərt xəbərdarlıq - Tehran döyüşlərə qoşularsa...

2113 16.11.2023 10:38 Siyasət A A

Qəzzadakı əməliyyatlara görə təkcə HƏMAS deyil, “Hizbullah” və Yəmən husiləri də yəhudi şəhərlərinə zərbələr endirir, İran isə hələ ki proksi qrupların əli ilə İsraillə savaşır

İsrail-Fələstin müharibəsi başlayan gündən ekspertlər bu savaşın coğrafiyasının genişlənəcəyini və Yaxın Şərdə fəlakətli vəziyyət yaşana biləcəyi barədə xəbərdarlıq edirlər. Artıq müharibənin coğrafiyası Livana doğru irəliləyir. İran hələlik prosesdə aktiv rol almasa da, bu ehtimal böyükdür. 

Artıq İsrailin İrana xəbərdarlıqları da var. İsrailin baş naziri Benyamin Netanyahunun sağ əli Ophir Falk Tehrana xəbərdarlıq edib ki, İsrail-HƏMAS müharibəsindən kənarda qalsın. İngiltərənin “Daily Mail” qəzetinə danışan Falkın sözlərinə görə, İran prezident Baydenin dediklərinə diqqətlə qulaq asmalıdır. O bildirib ki, İsrail və HƏMAS arasındakı müharibəyə müdaxilə edilməməlidir: “Biz HƏMAS-ı məhv etməyə yönəlmişik və ümid edirəm ki, baş verməyəcək başqa bir cəbhəyə hazırıq. İsrail ordusu tam hazırdır və İsrailə qarşı başqa cəbhə açmaq hər kəs üçün ən böyük səhv olardı”. Falk İsrailin London və Vaşinqtonun verdiyi dəstəyi alqışladığını, lakin Fələstin tərəfdarlarının təşkil etdiyi yürüşlərdə iştirak edən yüz minlərlə insanın HƏMAS-ın törətdiyi vəhşiliklər barədə “yanlış məlumatlandırıldığını” iddia edib. İsrail rəsmisi dünyanın hər yerindən gələn atəşkəs çağırışlarına reaksiya verib: “Belə bir atəşkəs istəmək 11 sentyabrdan sonra atəşkəs istəməyə bənzəyir”.

Bəs İran savaşa qatılarsa, nələr baş verər? Ümumiyyətlə, ekspertlərin proqnozu nədir, Tehran kənarda qalacaq, yoxsa müdaxilə edəcək? Müdaxilə edərsə, savaş İran ərazisində də gedəcəkmi? Çünki “Hizbullah” da İsrailə zərbələr endirir, qarşılıqlı olaraq Livan əraziləri də vurulur. Yəmən husilərinin “Ansar Allah” hərəkatı Eylat da daxil olmaqla, İsrailin bir neçə obyektinə raket zərbələri endirib. Hərəkatın nümayəndəsi Yəhya Saria bildirib. Onun sözlərinə görə, “İsrailin Fələstin ərazilərindəki müxtəlif hədəflərinə, o cümlədən Umm ər-Rəşraş bölgəsindəki həssas (İsrail üçün) hədəflərə ballistik raketlərlə zərbələr endirilib. Saria qeyd edib ki, raketlər dronlardan istifadə etməklə eyni hədəflərə qarşı həyata keçirilən növbəti hərbi əməliyyatdan cəmi 24 saat sonra buraxılıb. O, həmçinin qeyd edib ki, husilər Qırmızı dənizdə və ya onların sərəncamında olan pilotsuz təyyarələrin və raketlərin uçuş məsafəsi daxilində olan istənilən İsrail gəmisinə zərbə endirmək üçün bütün əməli tədbirləri görməyə başlayıblar.

Yeri gəlmişkən, İsrail ordusu HƏMAS-ın Qəzza şəhəri ətrafındakı müdafiə xəttini artıq yarıb. Ölkənin müdafiə naziri Yoav Qallant deyib. “Mən orduya həm bu gün, həm də yaxın günlərdə tapşırıqları yerinə yetirmək üçün hücumu davam etdirmək əmrini verdim. Biz missiyamızı tamamlayana və girovları qaytarana qədər HƏMAS-ın gizlənəcək yeri olmayacaq”, - nazir bildirib. Y.Qallant qeyd edib ki, qoşunlar Qəzza zolağının şimalına, xüsusən də eyniadlı şəhərə - onların quru hissəsinə nəzarət edirlər. Noyabrın 15-də isə ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya təkrar zəng edib. Liderlər Qəzza zolağında baş verən son hadisələrlə bağlı danışıb. Həmçinin HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi səyləri də müzakirə olunub. “Qəzza zolağında humanitar fasilənin müddətini artırmalıyıq”. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə deyib. “Dediyimiz kimi, hesab edirik ki, fasilələr daha uzun olmalıdır. Biz bunu İsrail hökuməti ilə müzakirə etməyə davam edəcəyik”, - o vurğulayıb. Miller dinc sakinlərin təxliyəsinə imkan yaratmaq üçün Qəzza zolağının bəzi hissələrində hərbi əməliyyatları müntəzəm olaraq bir neçə saatlıq dayandırdıqlarına görə İsrailə təşəkkür edib.

Ermənistanın məkrli Qərbi Azərbaycan planı - “erməni gedişi”nin  pərdəarxası...

Oqtay Qasımov 

Bu mövzuda “Yeni Müsavat”a danışan politoloq Oqtay Qasımov Tehranın açıq şəkildə müharibəyə qoşulacağını gözləmir. Analitikin fikrincə, İran indiki şəraitdə buna getməyəcək, çünki İsrailin müttəfiqləri fürsətdən ona qarşı istifadə edə bilərlər. Həmsöhbətimiz hesab edir ki, Tehran Yaxın Şərqdə baş verən bu hadisələrdə təhrikçi rolunda çıxış edir və proksi qüvvələrlə təmsil olunaraq müharibəyə qoşulur: "Hazırda husilər, HƏMAS və "Hizbullah" İsrailə qarşı zərbələr endirirlər. Onların arasında ən böyük potensialı olan “Hizbullah” hələ ki İsrailə qarşı tam açıq müharibəyə girişməyib. Ona görə də İran müharibəyə birbaşa girişməyəcək və hazırkı şəraiti möhkəmləndirməyə çalışacaq". O.Qasımov müharibənin hazırkı səviyyədə və coğrafiyada davam edəcəyini hesablayır: “ABŞ sualtı gəmiləri göndərib, Britaniya və digər güclər də İsraili dəstəkləyir, amma onlar da birbaşa döyüşlərə qoşulmurlar. Çünki "Hizbullah" lideri Nəsirullah çıxışı zamanı açıq demədi ki, İsraillə müharibə aparacağıq. Ona görə də müharibənin coğrafiyasının genişlənməsinə gəlincə, ABŞ və Çinin döyüşlərin lokallaşdırılmasında maraqlı olacaqlarını düşünürəm".

Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova müharibənin arealının genişlənməsini istisna etməsə də, İsrail-İran müharibəsinin lap yaxında olmadığı qənaətindədir. Ekspert münaqişənin alovunun bura qədər yayılması bütün regionu alova bürüyə və təhdid altında saxlaya bilər. Təhlilçi belə olacağı halda Orta Asiya və Cənubi Qafqaz da qarşıdurmalardan zərər görəcək: “O cəhətdən İran yayınır və müharibənin Fələstin torpaqlarından kənara çıxmamasına çalışır. İsrail də hədəfinin HƏMAS olduğunu açıqlayıb, antiterror əməliyyatı aparıldığını bəyan edib. Yəni bu müharibə deyil, İsrailin bir terror qruplaşmasını zərərsizləşdirmək addımlarıdır. Məncə, İsrail İrana xəbərdarlıq etməsinə baxmayaraq, burada məqsəd çəkindirici faktordur. Tel-Əviv də Tehranla toqquşmaları arzulamır. Bu zaman Suriya, Livan, Yəmən, istisna deyil ki, bəzi ərəb dövlətləri yəhudilərə qarşı müharibədə iştirak edə bilərlər”. Ekspertə görə, ABŞ da İranın vurulmasında tam olaraq həvəsli görünmür: “Vaşinqton İsraili bundan yayınmağa çağırır. Eyni zamanda noyabrın 15-də San-Fransiskoda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ABŞ və Çin liderləri danışıqlar aparıblar. Bu müzakirələrdə müharibənin miqyasının genişlənməməsi barədə razılığa gəlinməsi mümkündür”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR