İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail hərəkətə keçir, bir çox ölkədə səfirliklərin fəaliyyəti dayandırılır

742 05.04.2024 16:24 Siyasət A A

İsrail hakimiyyəti Tehranın gözlənilən hücumuna hazırlaşır. Bir sıra ölkədə diplomatlar qismən evakuasiya edilib.

Musavat.com xəbər verir ki, İsrail baş nazirinin müşaviri Dmitri Gendelman RBK-ə bildirib ki, İranın son hədələri səbəbindən İsrail bir sıra ölkədəki diplomatik nümayəndəliklərinin işini qismən dayandırıb: “Bəzi yerlərdə diplomatların həyat və sağlamlığını qorumaq üçün şəxsi heyətin qismən təxliyəsi həyata keçirilib”, - Gendelman bildirib. Bununla yanaşı nə baş nazirin ofisi, nə də İsrail Xarici İşlər Nazirliyi hansı ölkələrdən söhbət getdiyini açıqlamayıb.

Bundan əvvəl yerli nəşrlər “Bhol” və “Ynet” İsrailin bəzi diplomatik qurumlarının bağlanması barədə məlumat yayıb.

KİV-in məlumatına görə, bir sıra ştatda israilli diplomatlardan işə gəlməmək tələb olunub. “Sky News Arabia” telekanalı qeyd edib ki, İsrailin ən azı 28 səfirliyi və digər diplomatik nümayəndəliklərinə qarşı oxşar tədbirlər görülüb.

Xatırladaq ki, aprelin 1-i Dəməşqə hava zərbəsi endirilib. İran və Suriya rəsmiləri bildiriblər ki, İsrail Hərbi Hava Qüvvələri İran konsulluğunu hədəf alıb. İsrail hakimiyyəti isə öz növbəsində dağıdılan binanın diplomatik statusa malik olmadığını iddia edir. Zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş zabiti və iki generalının həlak olduğu bildirilir.

İranın mümkün hücumu fonunda İsrail Silahlı Qüvvələri (İDF) əlavə olaraq ehtiyat qüvvələrini, o cümlədən “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemlərinin operatorlarını səfərbər etmək qərarına gəlib. Bundan əlavə, İDF komandanlığı hərbçilərin məzuniyyətlərini ləğv edib. Vaşinqton İran və İsrail arasında genişmiqyaslı müharibə təhlükəsindən də narahatlığını ifadə edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, tərəflərdən heç biri gərginliyin daha da artmasında maraqlı deyil. ABŞ, İsrail və Qərb rəsmiləri “Washington Post” a bildiriblər ki, onlar İranın İsrail hədəflərinə pilotsuz təyyarə və ya raket zərbələri ilə cavab verəcəyini gözləyirlər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR