İsrail polisi bir neçə gün öncə ölkənin ən sərt təhlükəsizlik tədbirləri həyata keçirən “Gilboa Həbsxanası”ndan tunel qazaraq qaçan 6 fələstinli məhbusdan 4-nün yaxalandığını açıqlayıb.
Musavat.com xarici mediaya istinadən bildirir ki, polis iki məhbusu şənbə günü səhər saatlarında dayanacaqda bir avtomobildə, digər iki məhbusu isə cümə günü Nazaret şəhəri yaxınlığında tutub.
Qeyd edək ki, məhkumlar ötən həftənin bazar ertəsi günü qaçıblar. Polis qaçaqları bir həftədir hava və quru yolu ilə axtarırdı.
İsrail mətbuatının yazdığına görə fələstinli məhbusların qaçması səlahiyyətlilərin bir sıra səhvlərindən qaynaqlanıb. Bəzi fələstinli qruplar bu qaçışı qəhrəmanlıq kimi qiymətləndirib.
Məlum olub ki, məhkumlar qaldıqları kamerada aylarla qazdıqları 10 metrlik tuneldən qaçıblar. Tunelin qazılması nəticəsində həbsxananın altında dərin boşluqlar əmələ gəlib.
Məhbusların həbsxana divarlarına qədər süründükləri, sonra gözətçi qülləsinin altındakı torpaq yolun ortasına aparan bir tunel qazdıqları bildirilir.
İsrail mediasında çıxan iddialara görə məhbuslar qaçarkən gözətçilər yuxuya gedib. Lakin bu iddialar təsdiqini tapmayıb.
Tutulan məhbuslardan biri “Əl-Əqsa Şəhid Briqadası”nın keçmiş komandiri Zəkəriyyə Zubeydir. O, 2019-cu ildə bir sıra silahlı hücumlarda iştirak etmək şübhəsi ilə İsrail əsgərləri tərəfindən tutularaq, mühakimə olunmasını gözləyirdi.
Digər məhkumlar - Mahmut Ardah, Muhammed Ardah, Iham Kamamcı, Yakub Kadri və Munadil Infaat “İslami cihad” qrupunun üzvləridir. Onların 4-ü israilliləri öldürmək üçün hücumlar hazırladıqlarına və həyata keçirdiklərinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Xalidə Gəray
Musavat.com






