İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçının işğalını  1 "TT" tapançası və 3 güllə ilə durdurmaq mümkün idimi...

10031 17.05.2017 14:50 Yazarlar A A

 

Bu yazını 25 il əvvəl, 1992-ci ilin mayında yazmışam. Laçındaydım, oradan çıxan son jurnalistlərdən olmuşam. Yadımda Məqsəd Nur var, Nəsiman Yaqublu bizdən bir gün öncə getmişdi; xaosun, panikanın, çığırtıların və mərmi yağışının içərisindən keçib, Bakıya doğru yol başlamışdıq. “Sağ qalsam, bunları yazacam”, deyə düşünürdüm. Nə foto-aparatım vardı, nə indiki kimi, mobil telefonum. Çiynimdə səfər çantası, onun da içində diktofon, qələm, vərəqlər; üstümdə də “TT” tapançası. Allaha və ona  sığınmışdım; darağında cəmi 3 gülləsi vardı. Bizi Laçından çıxardan maşın dağ yoluna döndü, “Qayğı” qəsəbəsi atəş altındaydı, oradan keçəmmədik.  Az getmişdik ki, maşın aşdı, sürücü oradaca onu buraxaraq, geri döndü; biz piyada və bələdçisiz qaldıq, dağlarla yürüyərək, Qubadlını istiqamət götürdük. Qəzetimizin ilk əməkdaşlarından olan İsmayıl Əliyev (Allah rəhmət etsin) sakitcə dedi: “Bəy, erməninin əlinə düşsək, məni vur, əsir düşməyim”... Yeriyə-yeriyə müzakirə etdik ki, əsir düşmək ərəfəsində özümüzü vurarkən, gülləni hansı nahiyəmizə vuraq ki, dərhal ölək. Başda dayandıq. "Amma...", dedi,  Məqsəd Nur, "...İsmayıl, mənim başıma bir güllə yetməz, gərək iki olsun..." Dedim: "O zaman mənə güllə qalmayacaq, bunu necə edək?”. Bir xeyli də yarı zarafat- yarı ciddi, bunu müzakirə etdik...

Döndükdə, Bakıda vəziyyət sərhəddəki qədər fəna idi. Mütəllibov qeyb etdiyi iqtidarına dönmüşdü, AXC-nin timsalında, millət onu yenidən devirməyə qalxmışdı. Cəbhədən cəbhəyə... Durumumuz beləydi. Bir gün sonra Mütəllibovu devirdik, 3 gün sonra İsa Qəmbərin timsalında iqtidar olduq, lakin Laçını qurtara bilmədik, getdi. Əlimdən gələn o oldu ki, özümə verdiyim sözü tutum -  nəticədə bax, Laçından bu yazı qaldı. Düz, 25 il sonra bu yazını kiril əlifbasından latına çevirib, İnternetin qucağına atıram. İmkanınız olsa, oxuyun:     

*****

 Laçını saxlamaq olardı

 

c2e18833-a186-4b23-a1fe-28e0774a755c.jpg (112 KB)

Laçının ermənilərə verilməsindən bir necə gün əvvəl, may ayının 13-14-də orada olub, vəziyyətlə yaxından tanış olmaq bizə nəsib oldu.

Gözlədiyimizə rəğmən, Şuşanın təzədən geri alınması və müharibənin taleyində həlledici rol oynayan Laçının müdafiəsini möhkəmlətmək istiqamətində heç bir ciddi hərbi hazırlıq və yaxud  buna ciddi cəhd hiss etmədik. Əvəzində ön cəbhəyə, döyüş xəttinə xas olmayan anarxiya ilə (hər sahədə ) rastlaşdıq. Rayon və ətraf kəndlərin əhalisi kütləvi şəkildə köçürülürdü. Yollar köç aparan maşınlarla və heyvan sürüləri ilə dolu idi. Köçürülmə yaxşı təşkil olunmadığı üçün tərkibi əsasən yerli əhalidən ibarət  olan özünümüdafiə polkunda da  müəyyən neqativ hallar (əsgərlərin ailələrini və evlərini köçürülmələri üçün müharibənin həlledici məqamında döyüş xəttindən getmələri, yaxud da əsgər ailələrinə xüsusi diqqət yetirilməsindən narazılıq, bütün bunların fonunda döyüşçülər arasında  ruh düşkünlüyünün və inamsızlığın artması) yaradırdı.

Şuşanın verilməsi, ondan bir neçə gün sonra siyasi liderlərdən birinin gedib  orada uğursuz oyun oynaması, daha sonra vəziyyəti fəna görüb geri qayıtması, Şuşaya kömək adı ilə gələn dəstələrin bir-bir qaçması Laçın müdafiəçilərinə ağır psixoloji-mənəvi zərbə vurmuşdu və bunu hiss etməmək, başa düşməmək mümkün deyildi.

"Vətən indi Laçından başlanır. Azərbaycanın bütün qeyrətli oğullarının diqqəti  buraya verilməlidir", - deyə Teyyub Kərimoğlu adlı bir komandir istər hökumətin, istər hərbi nazirliyin və istərsə də bütünlüklə Azərbaycanın Laçına olan cinayətkar laqeydliyinə öz etirazını bildirdi. "Laçın da qurban getsə, Azərbaycan Fələstin vəziyyətinə düşəcək". Bu ifadə də həmin şəxsə məxsusdur...

Hər halda mayın 13 və 14-də Laçın -Qubadlı yoluna da, Şuşa və Laçının  arasındakı Turşsu postuna da, həmçinin digər strateji postlara da bizim hərbi qüvvələr tərəfindən tam nəzarət edilirdi. Həmin günlərdə kənardan qüvvə gətirərək müdafiəni bir azda bərkitmək, həm də psixoloji gərginliyi, ruh düşkünlüyünü, inamsızlığı aradan götürmək mümkün idi.

“Panika" təzə-təzə başlamışdı və bunun qarşısını almaq olardı. Sonradan ən qəhrəman və təcrübəli döyüşçünü belə orada saxlamaq mümkün olmayacaqdı. Çünki müharibənin, döyüşün öz qanunları var. Əsgərin döyüş psixologiyası darmadağın olundusa, o döyüşməyəcək. Artıq onu heç bir qüvvə mövqedə saxlaya bilməz.

 Laçın qurbanlıq idi. Biz də bunu, orada olarkən bütün varlığımızla hiss edirdik. Döyüşçülər də bu qənaətdə idilər və bunu gizlədib eləmirdilər.

 Arif Paşayev hamıdan fərqli olaraq, inamlı görünürdü və bütün döyüşçülərə də görünür, ümid verib, hələlik  orada qalmağa və gələn ağır döyüşün qəbuluna hazır olmağa  bu inam kömək edirdi.

 Təxribatçılar haqqında  burada da danışırdılar. Müdafiə Nazirliyinin və MTN-in əks-kəşfiyyat idarələrinin olmaması, yaxud da olub, millətimizin xeyrinə işləməməsi açıq-aydın hiss olunurdu. Döyüş gedən bütün zonalarda təxribatçılar haqqında danışılır, fəqət indiyə qədər onların törətdikləri cinayətlər açılmamış qalır.

 May ayının 14-də ermənilər saat 17.00 radələrindən Qubadlı-Laçın yolunu atəş altında saxladılar. Ətrafdakı bütün postlarda ağır döyüşlər gedirdi. Laçını sıxırdılar. Lakin yenə ən strateji mövqelərə nəzarət bizdə idi. Turşsuda xeyli zirehli texnika və canlı qüvvə var idi. Kəlbəcər-Laçın və Qubadlı-Laçın yolu ilə gediş-gəliş mümkün idi və axşamüstü Qubadlı -Laçın yolu tamamilə bizim qüvvələrin nəzarəti altında idi.

  Həmin vaxt Müdafiə Nazirinin gəlib Qubadlıda oturması (heç Laçını demirik) və əməliyyat hazırlanmasına rəhbərlik etməsi hadisələrin sonrakı inkişafını dəyişdirə bilərdi.

  Belə bir şəraitdə və yuxarıda deyilən şərtlər altında, fürsət ola-ola Laçın kimi strateji bir ərazini (heç vətən deməyək)  müdafiə etməyə cəhd olunmaması onu göstərir ki, Azərbaycanın Müdafiə Nazirliyi yoxdur, sərhədləri taleyin ümidinə buraxıblar və yerli özünümüdafiə qüvvələrinin qeyrət və imkanları necədirsə, torpaqlarımızın taleyi də elədir.

  Laçının qorunması onu təzədən  geri almaqdan qat-qat asan idi. Və əgər müdafiəmizi üzərinə götürən nazirlik apardığımız müharibənin  taleyini və demək olar ki, ən strateji mahiyyətini  həll edən Laçını qoruya bilmirsə, yalnız oradan qacan əsgərləri lentə aldırıb, televiziya ilə göstərtdirib vahimə yayırsa, öz-özünü  buraxsın, millət də işini bilsin. Ya da indiki müdafiə nazirliyinin bazasında müstəqil tele-şirkət açılsın (buna maddi  imkanları çatar), köməksiz, arxasız, ruhsuz qalıb düşmən qabağından qacan əsgərlərimizi lentə alsınlar, düşməni bizə güldürüb, millətin ürəyinə qan salsınlar.

 Biz Laçından 14- may 1992-ci ildə, günün ikinci yarısında çıxdıq. Qubadlı- Laçın yolu atəş altinda olduğu üçün "Qayğı" qəsəbəsindən sola döndük. Və arxa yolla, maşınların güc-bəla  ilə gedib gəldikləri dağ yolu ilə bir qədər piyada, bir qədər də yük maşınlarından sallana-sallana döyüş gedən ərazini tərk etdik. Arxada Laçın qaldı, Şuşa qaldı, Qarabağ qaldı. Gedirik üzü xəyanətə. Bakıdakı son hadisələrdən xəbərimiz  olmasa da, Laçının qurban verilməsini təsadüf saymırdıq.

"Yeni Müsavat", N-10 (28), 28 may 1992-ci il

lachin-1.jpg (73 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR