İnsanlara hürriyət, millətlərə istiqlal!

"İşləməyənlərin maaşını o alır" - direktordan pul tələb etməkdə ittiham edilən müəlliməyə cəza kəsildi - TƏFƏRRÜAT

1016 25.10.2019 16:47 Kriminal A A

Məktəb direktorunu hədələyərək ondan 25 min manat tələb etməkdə suçlanan şəxslər hakim qarşısına çıxarılıb. Onların hər ikisinə ağır cəza kəsilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Rafiq Aslanov və 1987-ci il təvəllüdlü Namiq Baxşəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında polis əməkdaşları ifadə verib.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Elçin Camalzadə ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərin Ağdam rayon 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Yeganə Əliyevadan hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşının sözlərinə görə, tərəflər arasında "20 Yanvar" metrostansiyasının qarşısında görüş təyin olunub. Məktəb direktorundan pul tələb edilərkən hər iki şəxs saxlanılıb. Digər polis əməkdaşı Anar Rüstəmov da eyni məzmunlu ifadə verib və əlavə edib ki, hər iki şəxs saxlanılan zaman əməllərini etiraf ediblər. Prosesin davamında hakim məhkəmə istintaqının başa çatdığı elan edilib.

Sənədlərin tədqiqi mərhələsində Namiq Baxşəliyev məhkəmədən xahiş edib ki, məktəbdə işlədiyi 2013-2015-ci illər ərzində maaşının tutulmasının səbəbi araşdırılsın. Hakim bildirib ki, bu məsələnin hazırkı cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, hər iki şəxsin əməli məhkəmə istintaqı dövründə sübuta yetirilib və buna görə də onlara cəza təyin edilməlidir. Dövlət ittihamçısı Namiq Baxşəliyevin 7 il, Rafiq Aslanovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışında bildirib ki, elan olunmuş ittiham əsassızdır. Vəkillər deyib ki, təqsirləndirilən şəxslər məktəb direktorundan öz haqlarını tələb ediblər. Onlar hər ay maaşlarından tutulan pulun geri ödənilməsini istəyiblər. Direktor da bunun qisasını almaq üçün hər iki şəxsdən şikayət edib.

Müdafiəçilər təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslər də son sözlərində məhkəmədən ədalətli qərar gözlədiklərini deyiblər. Rafiq Aslanov Ağdam rayon 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimi olduğunu, məktəbdəki rüşvətxorluğa etiraz etdiyinə görə cəzalandırıldığını deyib.

Rafiq Aslanov qeyd edib ki, xeyli vaxt məktəbdə direktorun qanunsuz əməllərinə etiraz edib: “Bizim məktəbə yoxlama gələndə adamlar qan ağlayırdı, müəllimlərin 2-3 aylıq maaşından kəsilirdi. Mənim də maaşımdan tutulurdu. Axırıncı dəfə məndən 405 manatlıq maaşımı tam istədi, vermədim, etiraz elədim. Bundan sonra konflikt dərinləşdi. Məktəbdə hansı müəllimlər rüşvəti rahat verirlər, səsləri çıxmır, onların şagirdləri də, dərsləri də çox olur. Mənə isə "demoqoqluğuma" görə dərs saatı az verirdilər. Məktəbdə xeyli adı ştatda gedən, amma özü faktiki işləməyən adamlar var, onların maaşlarını direktor alır".

Son sözünün davamında Rafiq Aslanov bildirib ki, məktəbdəki qanunsuzluqlar barədə səs yazıları, müxtəlif müəllimlərin danışıqları da var. O, həmin səs yazılarını istintaqı aparan müstəntiqə də təqdim edib: "Məhkəmədən də xahiş etdim ki, səs yazılarını dinləsinlər. Amma dinlənilmədi".

Onun başqa bir istəyi isə maaş aldıqları banka sorğu göndərilməsi haqda olub. Deyib ki, əgər ordan cavab alınsa, hər ay müəllimlərin maaşından tutulan pulların hara getdiyi aydınlaşar. Amma Rafiqin bu istəyinə də "yox" deyilib: "Mən Yeganə Vəliyevanın bu əməlləri barədə çox yerə şikayət etmişdim. Amma tədbir görmədilər. Əvəzində o, məni şərləyib həbs elətdirdi".

Yeganə Vəliyeva isə Rafiq Aslanovun dediklərini təkzib edir. O, 30 ildir ki, musiqi məktəbinə rəhbərlik edir. Zərərçəkmiş qismində tanınıb və ifadəsində deyib ki, Rafiü öncə ondan maşınını tələb edib, daha sonra da 25 min manat pul.

"Gördüm ki, əl çəkmir, polisə şikayət elədim"- deyə məktəb direktoru söyləyib.

Məhkəmədə şahid qismində dindirilən məktəbin müəllimləri də təsdiqləyib ki, Rafiqlə direktor arasında münasibət gərgin olub. Hətta şagirdlərini alıb, başqa müəllimə verdiyinə görə Rafiqin direktoru təhqir etdiyini deyənlər də olub. Amma onlar kütləvi pul yığımı barədə deyilənləri təkzib ediblər.

Rafiq Aslanov cavabında deyib ki, müəllimlər hazırda da Yeganə Vəliyevadan asılı olduqlarına görə düzgün danışmırlar. Əgər səs yazılarına qulaq asılsa, onların yalanı ortaya çıxar: "O səs yazılarında elə bu müəllimlərin özlərinin də maaşların tutulmasından, pul yığımından şikayətləri var. Amma gəlib burada utanmadan yalan danışırlar".

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinən Namiq Baxşəliyev 6 il, Rafiq Aslanov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR