İnsanlara hürriyət, millətlərə istiqlal!

İslamda musiqi haramdırmı? - İlahiyyatçılar deyir ki...

2217 04.08.2023 08:42 Gündəm A A

Talibançılar Əfqanıstanın Herat əyalətində musiqi alətlərini yandırıb. Bu barədə “Həşti sübh” nəşri məlumat yayıb. Məlumata görə, musiqi alətləri əyalətin müxtəlif rayonlarından toplanıb. Yerli məmurlar sakinlərə xəbərdarlıq edib ki, musiqiyə qulaq asmaq və ifa etmək haramdır, buna əməl edilməyəcəyi təqdirdə onları ağır cəza gözləyir. Eləcə də teatr yasağı, qız uşaqlarının təhsilinə qoyulan qadağalar.

Taliban hökuməti nəyə əsasən belə qadağaları tətbiq edir? İslamda musiqi, teatr, qızların təhsil alması məkruhdurmu? İslam dininin “konstitusiyası” müqəddəs "Qurani-Kərim" sayılır. Orada bu barədə nə isə deyilirmi? Yaxud Peyğəmbərin (s) bu xüsusda tövsiyəsi, qadağası varmı?

Ölümdən sonrakı həyat... İslam bu mövzuda nə deyir? - İlahiyyatçı Samir  Əzizov “Canlı”da

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mehdiabad qəsəbəsi üzrə imamı, ilahiyyatçı Samir Əzizov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İslam məktəblərində və məktəblər daxilində iki cür yanaşma üslubu mövcuddur: “Klassik və mühafizəkar yanaşma və müasir islahatçı üslubu. Birinci yanaşmaya görə, bütünlükdə musiqi (ilahi naşid, sürud, marş, himn və milli mahnılar istisna olmaqla) və musiqi alətlərinin istifadəsinin hamısı haram sayılır. İkinci yanaşmaya görə isə, bütünlükdə deyil, insanı günaha sövq edən bir qisim musiqi növü (ğina kimi) və bəzi qisim musiqi alətləri haram sayılır. Buna dəlil olaraq "Qurani Kərim"in Loğman surəsinin 6-cı ayəsində olan ayəyə istinad olunur. ”İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır". Burada “ləhvul hədis” (boş və mənasız sözlər) ifadəsi keçir. Bu ifadənin təfsirində musiqi də qeyd olunub. Bəzi alimlər də bunun bu mənada işlədilməməsini əsaslandırmağa çalışmışlar. Bu mövzunun qeyd edilən mənalarda əsaslandırılması daha çox Quranmərkəzli deyil, hədismərkəzlidir".

İlahiyyatçı Rəsul Mirhəşimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. O bildirib ki, özünü müsəlman olmaqda iddialı sayanların bu şəkildə barbarlıq əməlləri barədə təhlillər aparmağa cəhd edərkən dünyada baş verən proseslərə və bu proseslərin doğurduğu nəticələrə kompleks şəkildə baxmaq zərurəti yaranır: “Çünki hissədən tam olan barədə hökm vermək nə qədər subyektiv yanaşmanı ortaya qoyursa, bu hadisələrin birtərəfli təhlili də yanlış rəylərin meydana çıxmasına səbəb ola bilər. Dinimizin təməl prinsiplərinə bu qədər yabançı ”paradiqma"ları ortaya atanların “rasional” düşüncələrinin hansı fəsadlar yaratmağa hesablandığını görmək istəyənlər Avropanın bəzi dövlətlərində "Qurani-Kərim"ə qarşı təhqir kampaniyası və vandallıq aktları ilə analogiyalara baxmalıdır. Bir yanda müsəlmanların müqəddəs kitabına qarşı iyrənc kampaniya aparılır, dünyanın başqa bir ərazisində müsəlman adı ilə hakimiyyətə sahiblənənlər təhsilə, mədəniyyətə və humanist düşüncəyə savaş açır. Məncə, bu hərəkətlərin pərdəarxasına diqqət etsək, eyni mərkəzdən proqramlaşdırılan və idarə olunan ssenarilərin olduğunu görəcəyik. Məqsəd müsəlmanları barbar düşüncə daşıyıcıları kimi dünyaya təqdim edərək, İslam dininə qarşı iyrənc savaşa haqq qazandırmaqdır.

Rəsul Mirhəşimli - 55

 Rəsul Mirhəşimli 

Əgər Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” təhsil, mədəniyyət, musiqi barədə İslam dininin kəskin qadağalar qoyduğunu iddia edir, bunları “haram”, “günah”, “bidət” kateqoriyalarına daxil edirsə, o zaman dağıdıb, sındırmağa ABŞ-nin bu ölkədə qoyub getdiyi milyardlarla dollar dəyəri olan hərbi texnika və silahlardan başlamalı idi. Çünki bu düşüncə hər cür yeniliyi “kafər icadı” sayır. Qəribədir ki, dinimizin haramlar siyahısında olan narkotik vasitələrin ticarəti, istifadəsi və yayılması “Taliban”ın yadına düşmür.   

İslam dini musiqi ilə bağlı təfərrüatlı və konkret müddəalar vermək əvəzinə, ümumi əsasları və məqsədləri müəyyən etməklə kifayətlənir. Buna əsasən, İslamın əsas və prinsiplərinə zidd, günaha sürükləyən, harama təşviq edən musiqilər ərsəyə gətirmək və dinləmək günahdır. Dinimizin təməl inanc, əməl və əxlaq prinsiplərinə zidd olmayan, haramlara səbəb olmayan musiqilərin dinlənilməsinin dini baxımdan qadağasına rast gəlinmir. "Qurani-Kərim" və sünnədə musiqi ilə məşğul olmağın və musiqi dinləməyin mütləq günah olduğunu göstərən heç bir dəlil yoxdur.

O ki qaldı qadınların təhsil almasına qadağa qoyan düşüncələrin əsassız sayılmasına, o zaman İslamın qadınların təhsil hüquqlarını necə qorumasına baxmaq lazım gəlir. İslam qadınların bir insan kimi dəyərli olduğunu ortaya qoyan yeni dünya anlayışı qurmağa başlayıb. Bu anlayışın təzahürlərini və qadınların həyatına yansımasını təhsil sahəsində də görmək olar. Allah Rəsulunun (s) zamanında qadın cəmiyyətin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də yer almağa başladı.

Peyğəmbərimizin zamanında təhsil və təlimdən bəhrələnmək üçün qadın və kişi ayrı-seçkiliyi olmayıb. Hz.Məhəmməd (s) qadınların təhsili üçün xüsusi sahələr ayırmaqla yanaşı, xüsusi günlərdə onların təhsili üçün də vaxt ayırıb. İslam peyğəmbəri savadlı qadınları müxtəlif yerlərə təyin edib və onlara ictimai vəzifələr verib. İslam tarixində qadınlar elm və mədəni həyatda olduqca mühüm yer tutur. İslam dünyasında təhsilin tarixi inkişafına baxdıqda bəzi dövrlərdə məktəblə yanaşı, müəllimlərin fərdi şəkildə təhsil verməsi faktları ortaya çıxır. Bu faktor qadınların yaxın çevrələrindəki elm adamlarından dərs almasını asanlaşdırıb. Lakin bu fakt məktəblərin tamamilə inkarını özündə ehtiva etmir. Böyük İslam alimlərindən Tacəddin əs-Sübkinin hədis dinləyib, öyrəndiyi ustadları arasında 19 qadın müəllimin adı keçir. Hədis alimlərindən sayılan Süyutinin 33, İbn Hacərin 53, İbn Asakirin 80 qadından hədis öyrənməsi barədə məlumatlar var".

İlahiyyatçı qeyd edir ki, İslam dünyasında çox erkən dönəmlərdən etibarən alim qadınların yetişdiyi barədə məlumatlar günümüzə qədər gəlib çatıb: “İslam alimlərinin yazdıqlarında çoxlu sayda qadın alim, mühəddis, fəqih və sənətkarın həyatlarına yer verilir. Türkiyəli professor M. Akif Aydın bu mövzuda yazdığı ”Qadın" adlı kitabında müsəlman qadınların rolu barədə məlumatlar verir, bu faktları sənədləşdirən tanınmış İslam alimlərinin adlarını sadalayır. Qəribədir ki, məlum dairələrdən idarə olunan silahlı qruplaşmalar İslamın savaş açdığı cahillik düşüncəsi ilə yaşayır. Peyğəmbərimizin, “Çətinləşdirməyin, asanlaşdırın. Uzaqlaşdırmayın, yaxınlaşdırın” tövsiyəsi var. Bu tövsiyə İslamın təbliği zamanı sevginin öndə olmasını vacib sayır. Radikal silahlı qruplaşmaların mahiyyəti isə daha çox Peyğəmbərimizin zamanında İslam dininə savaş açmış Əbu Cəhlin düşüncəsi ilə eynilik təşkil edir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR