İnsanlara hürriyət, millətlərə istiqlal!

İSLAM KÜÇƏ QƏTLİNİ TƏQDİR EDƏ BİLMƏZ (Şeyx Cavad Lənkəraninin müraciətinə münasibət)

Qum elmi hövzəsində tədris edən ruhaninin bu müraciəti ölkəmizdə böyük əks-səda doğurdu. Həmin müraciət üstü açılmamış qətldə dindarları ittiham etmək istəyən media mənsubları üçün göydən düşmüş “dəlil” oldu. Son illər ölkədə islamçıların təhlükəli siyasi qüvvə kimi formalaşdığını isbatlamağa çalışan bəzi mətbu orqanları Şeyx Cavad Lənkəraninin bu müraciəti ilə özlərinə haqq qazandırmaq istədilər. Özü də məsələ ilə bağlı xəbərlər elə təqdim olunmaqdadır ki, güya Azərbaycan dindarları xarici ölkələrdən, ələxüsus İrandan aldıqları tapşırıqlar əsasında fəaliyyət göstərir, bununla da həm dövlət, həm cəmiyyətimiz üçün ciddi təhlükə yaradırlar. Elə təəssürat yaranır ki, öz konstitusion hüquqularının müdafiəsi uğrunda mücadilə edən dindarlar xaricdən yönəldilir.

Şeyx Cavad Lənkərani bu müraciəti ilə dindarların fəaliyyətinə kölgə salmaq istəyən düşmənlərin əlinə fürsət verdi. Bəzi qüvvələrin “dindarlarda milli təəssübkeşlik, vətənpərvərlik yoxdur” demələri sanki öz təsdiqini tapdı. Diqqəti cəlb edən bir məsələ Rafiq Tağının qatilinin məlum olmamasıdır. Hələ bilinmir qətli kim və niyə törədib. Belə bir halda qatili “Allah yanında böyük qiyməti və töhfəsi olacaq qeyrətli müsəlman kişisi” adlandırmaq düzgün deyil.

Öncə qeyd olunmalıdır ki, Şeyx Cavadın müraciəti heç bir vəchlə islamın mövqeyi kimi qəbul edilə bilməz, çünki dini təhsil ocaqlarında tədrislə məşğul olmaq din adından danışmaq hüququ vermir. Bu cür müraciətlər heç zaman müsəlmanlar üçün rəhbər tutula bilməz. İkincisi, hər ölkədə özünəməxsus ictimai-siyasi durum mövcuddur ki, ona uyğun fəaliyyət planını yalnız həmin ölkənin din xadimləri müəyyən edə bilərlər. Əlbəttə ki, media mənsubları bunu bilməli və Şeyx Cavadın Rafiq Tağının qətli ilə bağlı müraciətini bütün müsəlmanların mövqeyi kimi təqdim etməməli idilər. Ölkə əhalisinin əksəriyyəti inanclı olduğu təqdirdə belə bir süni mənzərə yalnız millətin düşmənlərinə xidmət edə bilər.

Əfsuslar olsun ki, Azərbaycan kimi müsəlman ölkəsində əziz islam peyğəmbərinin (s) ünvanına həqarət edilib. Lakin Rafiq Tağı bu işi görən yeganə insan deyil, bu cür insanların sayı çoxdur. Cəmiyyətin mənəvi düşkünlüyü insanların müqəddasata hörmətsizlik etməsinə şərait yaradıb, ona görə də bu cür halların baş verməsinə çox zaman ya din barədə yanlış təsəvvürlər, ya da ümumiyyətlə din barədə anlayışın olmaması səbəb olur. Elə Rafiq Tağının yazılarından da görünürdü ki, bu şəxsin nəinki islam və müsəlman fəlsəfəsi, hətta müdafiə etdiyi xristianlıq, Avropa tarixi və Qərbin siyasi nəzəriyyələri barədə də məlumatı yox idi. Belə bir şəraitdə islam müqəddasatına həqarət edən şəxslər edamla təhdid edilməməli, din qorxutma vasitəsinə çevrilməməlidir, əksinə, peyğəmbərimizin (ə) məntiqə əsaslanan müqəddəs təlimləri aşılanmalıdır.

İslam heç zaman elmi mübahisələrdən çəkinməyib, əksinə, bütün din rəhbərlərimiz qarşı tərəfi əqli dəlillərlə susdurmağı bacarıb. Necə ki, “Qurani-Kərim” buyurur: “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et”.

İmam Sadiq (ə) dönəmində allahsızlar peyğəmbər məscidinə daxil olub Allahı inkar edərkən imam (ə) onlara hədə-qorxu gəlmirdi, tutarlı elmi cavablar verirdi. Çünki xilafətdə yayılmış saysız-hesabsız fəlsəfi və siyasi məktəblər arasında həqiqi islam yalnız intellektual potensialı ilə özünü doğrulda bilərdi, əzələləri ilə yox. Belə bir şəraitdə əzələ nümayişi yalnız və yalnız dinin aciz olması barədə azğın düşüncələri möhkəmlədə bilər.

Bütün deyilənlərin nəticəsində qeyd etməliyik ki, Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyətdə din adından danışanlar olduqca diqqətli olmalıdır. Həmişə olduğu kimi, dini zümrənin üzərinə böyük bir yük düşür – yaşadığımız cəmiyyətin mənəvi islahı üçün dini həm təbliğ, həm də müdafiə etmək. Bu vəzifə bizim – Azərbaycan dindarlarının üzərinə düşür və bu işi bizim əvəzimizə başqaları görə bilməz. Bu xalqın ayrılmaz bir parçası olaraq onun mənafeyi üçün özümüz çalışmalıyıq, üzləşdiyimiz problemləri özümüz çözməliyik.

Allah qarşısında məsuliyyət hiss edən müsəlman heç zaman hər səslənən fikrə uya bilməz. Dindar yaşadığı cəmiyyətdə təqlid nümunəsi olmalıdır, qınaq obyekti, təhlükə mənbəyi yox. Din əmin-amanlıq, inkişaf üçün şərait yaratmalıdır və yalnız bu məqsədlə din mübarizəni təqdir edə bilər. Küçə qətlləri və belə işlərə dəstək dinin qüdrətini nümayiş etdirmir, onu cılızlaşdırır.

Hacı Şahin
HƏSƏNLİ
Məşhədi Dadaş məscidinin imam-camaatı

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR