Ona düzünü de, dərdini de, sözünü de, problemini de, iş tələb etməyə ehtiyac qalmayacaq, Rauf Arifoğlu işini bilən adamdır...
Rauf Arifoğlu çoxdan millətin vəkilidir, bunun rəsmiləşməsinin bunca zaman yubanması, açığı, ədalətli deyil...
“Mənə problemlərlə gəlin...” 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun dekabrın 26-da seçki qərargahı təsis ediləndə dediyi bu qısa çağırış kifayət edir ki, 9 fevralda seçki bülletenində onun adının qarşısını ürəklə işarələyəsən.
Rauf Arifoğlunun qibtə edilməyəcək çətin ömür yolunun son 18 ilinə şahidlik etmiş biri kimi deyə bilərəm ki, həllinə gücü, səlahiyyəti çatmasa, hətta özünə və kollektivə risk yaratsa belə, onun qapısını kömək üçün döymüş adama “yox” deməyi asanlıqla bacarmır. “Başqa, daha başqa variant axtaraq”, deyərək problemi həll etməyə çalışar. Nə qədər şikayətçini “gəl bunu yazmayaq, mən həmin məmura zəng edim, səni qəbul edib dinləsin” deyərək, insanlarla məmurlar arasında görünməz bir körpü olub Rauf Arifoğlu. Yanğına kürəklə yox, su ilə gedib, vətəndaşı məmurun üzərinə salmayıb, vətəndaşın marağını və dövləti qoruyub.
O, heç medianın məmuru ola bilmədi, getdiyi tədbirlərdə nootbuku dizinin üstündə oldu. Rauf Arifoğlu çörəyi dizinin üstündə olan adamlarla yol getməz, amma düşməni olsa belə, dizi üstə də görmək istəməz. Onu qaldıran, qolundan tutan adamdır Rauf Arifoğlu.
Ona hələ seçki kampaniyası başlamamış, bu yerdə isə qibtə ediləcək dəstəyin səbəblərindən biri də budur - hamının işinə yarımağı, hamıya kömək əli uzatması. O insanların sırası o qədər genişdir ki... Alim, başmaqçı, vergi işçisi, qazi, hətta deputat. Sonra nə hərfi ilə başlayan peşə sahibi gəlir? Müəllim, mühəndis... A-dan Z-yə hamı var o sırada. Rauf Arifoğlu kömək etməyi bacardığı kimi, lazım olanda qəzeti üçün dəstək istəməyə də ürəyi var. Çünki hamıya kömək edib, indi isə qazi, QHT işçisi, siyasətçi, jurnalist həmkarları, dostları, sadə vətəndaşlar ona kömək etmək üçün sıraya giriblər.
Rauf Arifoğlunun bildiyimiz və bilmədiyimiz minlərlə adama faydası dəyib. Və ən əsası bunu təmənna ummadan, heç vaxt sənlə münasibətində dilə gətirməyəcək ürəklə edib. Razılaşın ki, insanların xeyli səbirsiz, hətta vəfasız olduğu bu zəmanəmizdə qiymətləndiriləcək yüksək keyfiyyətdir bu.
Rauf Arifoğlu illərdir mandatsız həll etdiyi problemlər üçün indi daha geniş səlahiyyət istəyir. Hərdən düşünürsən ki, Rauf Arifoğlu kimi tanınmış baş redaktorun bəlkə də səs-küylü, bir az da əziyyətli seçki kampaniyası aparmağına o qədər də ehtiyac qalmamalıdır. Amerika sistemli seçki olarsa, şəxsən mən (təkcə mənmi?) ona Azərbaycanın istənilən seçki dairəsindən mandat verməyə səs verər və zamin olardım. Çünki hansı rayondan, şəhərdən, qəsəbədən namizəd olmasının fərqi yoxdur, Rauf Arifoğlu onların problemlərindən xəbərdardır, əməkdaşlarını illərdir bölgələrə əbəs yerə göndərməyib ki...
Bizdən, onu daha yaxından tanıyan jurnalistlərdən, yaxın çevrəsindən olsa, Rauf Arifoğlu çoxdan millətin vəkilidir, bunun rəsmiləşməsinin bunca zaman yubanması belə, açığı, ədalətli də deyil.
Tənbəl, adını mandat aldığı dairədə belə xatırlamayan “vəkillər”in də oturduğu bir parlament üzvü hara, illərdir ki, səhər tezdən iş otağına gələn, heyrətediləcək enerjisi ilə sutkanın az qala 20 saatını bir generator kimi işlək keçirən, əsasən sadə insanların problemlərindən yazan qəzetə yön verən, gecə-gündüz bilmədən 24 saat telefonlarına zəng çatan, zənglərə cavab verən, ən əsası sənə hər vaxt köməyə gələcək bir adam hara? Müqayisə uğursuz oldumu? Fərq göründümü? Əlbəttə!
Rauf Arifoğlunun namizədliyinin irəli sürməsinin kimlərisə qıcıqlandıracağı gözlənilən idi. Rauf Arifoğlu təkcə yaxşı qəzetçi, bir media holdinq yönəticisi kimi güclü rəqib deyil. O, üstəlik güclü texnoloqdur, təşkilatçıdır, natiqdir, həm də indi yaşının ona gətirdiyi ağsaqqal və müdrikdir. Bu səbəbdən inanıram ki, ölkədə onunla başa-baş kampaniya aparan və ədalətli seçimdə ona qalib gələ bilən az namizəd ola.
Amma bir keyfiyyətini də mütləq gələcək seçiciləri üçün deməkdə fayda var: Rauf Arifoğlu həqiqət bildiyi yoldan dönməz, kiminsə problemini həll etməyə gücü çatmasa, oyalamaz, “düzələr” kimi vəd verməz. O səbəbdən hörmətli seçici, inşallah, 9 fevraldan sonra Rauf Arifoğlu ilə söhbətdə səmimi bir adamla, insan sərrafı ilə üz-üzə olacağını heç vaxt unutma. Ona düzünü de, dərdini de, sözünü de, problemini de, iş tələb etməyə ehtiyac qalmayacaq. Rauf Arifoğlu işini bilən adamdır.
Dekabrın 23-də prezident İlham Əliyev ölkə telekanallarına müsahibəsində Milli Məclisə növbədənkənar seçkilər haqda suala cavabında yeniləşəcək parlamentin deputatının bəzi cizgilərini cızdı. Heç şübhə etmirəm ki, Prezidentin dediyi o keyfiyyətlərin daha çoxu Rauf Arifoğlunda var. Siz də diqqət edin: “Yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar”. Rauf Arifoğlunu demirmi...
Rauf Arifoğlunun həm bu səbəbdən, həm də indi - ölkədə bir dəyişiklik ruzigarının hamıya xoş ovqat, gələcəyə ümid gətirdiyi bir dönəmdə mandat almaq istəməsinin başqa sirri yoxdur. O, daha çox işləmək, daha çox problemləri həll etmək, insanlar və ölkəyə daha faydalı olmaq iddiasındadır. Heç ona da şübhə yoxdur ki, Rauf Arifoğluna səs verəcək hər bir seçici siyasi mövqeyindən, sosial statusundan asılı olmayaraq işlək, fəal, seçicisini heç vaxt peşman etməyəcək bir deputat qazanacaq. Həm də çoxdan haqq etdiyi mandatı...

Nazim SABİROĞLU,
“Yeni Müsavat”






