İnsanlara hürriyət, millətlərə istiqlal!

İşığa qoyulan limit bu yay artırıla bilər

2150 24.06.2019 10:10 İqtisadiyyat A A

İqtisadçı: “Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycandadır”

İki ay öncə dövlət başçısının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırıldı. Əhalinin qış aylarında təbii qaza tələbatının yüksək olması və bu səbəbdən illik limitin keçilməsi ilə bağlı kommunal xərclərinin artmasını nəzərə alan hökumət bu addımı atdı.

Hazırda isə yay fəslinin anomal istilərində insanların evdə və iş yerlərində kondisionerləri işə salması elektrik xərclərini  hiss  olunacaq dərəcədə artırıb. Bir çoxları isə aylıq elektrik xərclərini ödəməkdə çətinlik çəkdiyindən evdə, ofisdə kondisioner yandırmaqdan imtina edir. Bu insanların həyat şəraitinin yaxşılaşdırılması və rifahının təmin olunması üçün həm iqtisadçı ekspertlər, həm də deputatlar aylıq elektrik limitinin artırılmasını təklif edirlər. Həmçinin 3 aylıq yay mövsümü dövründə limitin ləğvini təklif edənllər də var.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Fazil Mustafa ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, hökumətin bu istiqamətdə müəyyən addım atacağı gözləniləndir: “Milli Məclisin sonuncu iclasında mən məhz bu məsələyə toxunmuşdum ki, insanların elektrik enerjisindən istifadə ilə bağlı müəyyən problemləri var və bu limitin də müəyyən qədər qaldırılmasına ehtiyac var. Elektrikdə limit aylıq olduğu üçün il ərzində təsir etmir, ancaq yay aylarında təsirini göstərir. Hökumət bunun üzərində yəqin ki, düşünür, müəyyən addımlar atıla bilər. Son zamanlar vətəndaşların maraqlarını nəzərə alaraq prezident tərəfindən atılan addımlara nəzər salsaq bu da mümkün variantlardan biridir. Biz bu məsələni qaldırmışıq, hazırda aktualdır. Hesab edirik ki, bu limit ən azı yay aylarına şamil edilə bilər. Ən azı 3 ay müddətində insanların elektrik enerjisindən rahat istifadəsi üçün limit götürülə bilər. Belə bir addım atılsa vətəndaşın rifahında da öz təsirini göstərəcək”.

İlham Şaban ile ilgili görsel sonucu

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycana məxsusdur: “Əgər biz özümüzü qonşu ölkələrlə müqayisə ediriksə, o zaman Ermənistanla, Gürcüstanla, Moldova ilə deyil, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistanla, İranla müqayisə etməliyik. Bu ölkələr də bazar iqtisadiyyatına uyğunlaşıb. Elektrik məsələsində də ilk növbədə bu xidmətin maya dəyəri əsas götürülür, ikincisi də, əhalinin əlçatanlığının təmin olunması nəzərə alınır. Tarifləri qaldıranda bir neçə nəfəri televiziyaya çıxarıb izah edirlər ki, Avropada elektrik enerjisi daha bahadır, 1 kilovatt elektrik enerjisinin qiyməti 25 sentdir. Ancaq heç kim demir ki, avropalı 5 min avro əməkhaqqı alır. Ona görə də, sadaladığım Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycandadır”.

Ekspertin sözlərinə görə, artıq yüksək qiymətləri əsaslandırmaq üçün qənaət məsələsi üzərində dayanmağa ehtiyac yoxdur, çünki insanlarda qənaət vərdişi yaranıb: “Bizim insanlar da artıq sayğac qoyulduğu üçün qənaət etməyə öyrəniblər. Həm kommersiya oyektlərində, həm də sadə vətəndaşların mənzillərində heç bir israfçılığa yol verilmir. Hamı elektrik enerjisini qənaətlə istifadə edir. Çünki 11 qəpik bahalı bir qiymətdir. Elekrtik enerjisi ilə bağlı limiti keçdikdən sonra insanlar daha çox xərcləməli olur. Bu da insanların əmək haqqına nisbətdə çox yüksəkdir. Heç kimə də fərq qoyulmur ki, kiminsə 600-1000 kvadratmetrlik mənzil sahəsi olanlar da var ki, ayda 500 manat elektrik pulu verir. Ancaq bu insanlar ölkə əhalisinin 1 faizidir. 99 faiz üçün  isə enerji qiymətləri əlçatan deyil. Bu insanlar limiti keçməmək üçün yalnız cüzi ehtiyaclarını ödəyirlər. Bu da doğru deyil. Enerji bu insanların inkişafı və rifahı üçün əlçatan olmalıdır. Bu halda insanların komfortlu yaşayışı təmin edilə bilər”.

İ.Şabanın sözlərinə görə, hökumət daha çox enerji istehsalında xərcləri azaltmaq faydalı iş əmsalını artırmaqla maya dəyərini aşağı sala  və vətəndaşlara güzəşt edə bilər: “Vətəndaşlar elektrik enerjisini 7 qəpikdən çox normal istifadə edə bilərlər. Ona görə də, elektrik stansiyalarının səmərəli idarə olunmasına diqqət yetirmək lazımdır”.

İqtisadçı alim Vüqar Bayramov ile ilgili görsel sonucu

İqtisadçı alim Vüqar Bayramov da əhali üçün elektrik enerjisinə tətbiq edilən limitlərin artırılmasının tərəfdarı olduğunu bildirib: “Azərbaycanın mövcud iqtisadi durumu və xüsusən də 2017-ci ildə iqtisadi stabilliyin əldə edilməsi nəticədə kommunal xidmətlərin daha ucuz təklif edilməsinə imkan verir. Elektrik enerjisinin istehsalında ciddi artımlar müşahidə olunub. Elektrik enerjisinin istehsalı da nəticədə kommunal xidmət olaraq elektrik enerjisinin daha ucuz qiymətə və daha artırılmış limitlər daxilində təklif edilməsinə imkan verir. Azərbaycan iqtisadiyyatında artım tempinin bərpa edilməsi, neftin qiymətinin məqbul səviyyədə olması işığın limitinə baxılması və onun artırılması üçün baza formalaşdırıb”.

Ekspert qeyd edib ki, digər tərəfdən, sektoral faktorlar da işığın limitinin artırılması üçün iqtisad zəmin yaradır: “Limitin artırılması sosial təminat baxımından da vacibdir. Xüsusən aztəminatlı vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından mühüm şərtlərdən biridir. İşığın limitinin vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək səviyyədə artırılmasına ehtiyac var”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR