İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD-in Azərbaycanda “təzahür”ü: təhdidlərin xarakteri sərtləşir, coğrafiyası yaxınlaşır

1582 03.07.2019 17:29 Analitika A A

İŞİD-çilərin Azərbaycanda varlıqları haqda yaydıqları müəmmalı məlumat, nə qədər şübhəli olsa da, yenə də  ciddi məsələdir. İŞİD-in Azərbaycan qolunun real olaraq mövcud olub-olmamasından asılı olmayaraq, belə bir çarxın və informasiyanın gündəliyə daxil olması Azərbaycan ətrafında təhlükə səviyyəsinin yüksəldilməsi üçün iş aparıldığını göstərir. Bəlkə də belə bir qrup reallıqda yoxdur.

Amma Azərbaycanda belə bir təhlükənin mövcudluğu haqda məlumatın yayılmasında kimlərinsə maraqlı olduğu və bu istiqamətdə iş apardığı şübhə doğurmamalıdır. Deməli, hətta silahlı İŞİD-in Azərbaycan qolu olmasa belə, təkcə bu barədə məlumatın yayılması kifayətdir ki, vəziyyət ciddiyə alınıb, araşdırılsın. Həm də nəzərə almaq lazımdır ki, böyük qlobal dəyişikliklərin enerji mənbələrindən və strateji əhəmiyyətli nöqtələrindən biri də Azərbaycandır. Çin, Rusiya və Avropa İttifaqı ABŞ-ın lider olduğu “köhnə dünya nizamı”nı dəyişməyə çalışırlar. “Kəmər və Yol Təşəbbüsü”, bu plan çərçivəsində cızılan nəqliyyat marşrutları, iqtisadi münasibətlər və s. Çinin təklif etdiyi “yeni dünya nizamı”nın əsas konturları kimi anlaşılmaqdadır. Ancaq bununla belə, “yeni dünya nizamı” haqda tam anlaşma da ortalıqda yoxdur.

Ancaq yeni dünya nizamının tam oturuşmasını gözləmək də uğur vəd etmir. Hadisələrə zamanında reaksiya verib, yeni nizamda öz yerini tutmaq çox vacibdir. Odur ki, Azərbaycan artıq 4 ildir ki, “Kəmər və Yol Təşəbbüsü”nün qurudakı əsas iki marşrutundan birinin aparıcı nöqtəsi olmağa, qlobal ticarətdən öz dividentlərini götürməyə çalışır. Həm də təkcə quru yolla daşınan yüklərin deyil, Çindən investisiyaların cəlbini və siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizəni də ehtiva edən əlaqələr qurmaqdadır. Azərbaycan Prezidentinin apardığı bu siyasət Avrasiyanın strateji nöqtəsində yerləşən ölkənin yeni qlobal dəyişikliyə verdiyi çevik reaksiyadır. Məşhur deyimi bir qədər dəyişsək, belə deyə bilərik: “geopolitika ilə məşğul olmasanız, geopolitika sizinlə məşğul olacaq”.

Yeri gəlmişkən, Azərbaycanın yeni çağırışlara verdiyi daha bir reaksiya Avropa İttifaqı, o cümlədən Almaniya ilə münasibətlərin yeni səviyyəyə qaldırılmasıdır.

Ancaq elə həmin dövrdən başlanan müxtəlif informasiya hücumları, “Kəmər və Yol Təşəbbüsü” marşrutunun Xəzər və Qara dəniz hövzələrindən keçən hissələrində təhlükələrin səviyyəsinin artması müşahidə olunur.

Məsələn, Prezident İlham Əliyevin 2019-cu ilin aprelində Pekinə, İkinci “Kəmər və Yol” Forumuna səfəri, Çin prezidenti Si Cinpinlə yüksək səviyyəli görüşü və 800 milyon dollardan artıq investisiya, yüklərin Azərbaycana cəlb edilməsi və s. haqda anlaşmalar ərəfəsində, daha doğrusu 2019-cu ilin martın sonlarında, heç bir fakta əsaslanmayan, amma Prezident İlham Əliyevlə Si Cinpinin münasibətlərinə xələl gətirməyə hesablanmış “məlumat” yayıldı. Guya Azərbaycan Prezidenti Nyu-Yorkda Prezident D.Trampla görüşü zamanı ona Çinin Əfqanıstanda ABŞ-ın xoşuna gəlməyəcək işlərlə məşğul olduğu haqda məlumat verib. Təbii ki, bu barədə yazan jurnalist heç bir sübut göstərmirdi. Həm də yazanın “Vaşinqton post” qəzetindən olması da burada bir anti-Azərbaycan planının olmasına şübhə yeri qoymurdu. Buna baxmayaraq, Prezident İlham Əliyevin Pekin səfəri nəinki, iqtisadi baxımdan, həm də siyasi aspektdən çox uğurlu oldu. Çin Prezidenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair mühüm bəyanatlar verdi. Daha sonra Çinin xarici işlər naziri ilk dəfə Azərbayacana səfər etdi.

Ancaq daha ciddi problemlər elə bundan sonra başladı. Erməni təxribatçıları Gürcüstanda həm gürcü, həm də azərbaycanlılara qarşı terror planlarında iştirak etmiş cinayətkara Gürcüstanda abidə qoydular. Çox güman ki, məqsəd eyni vaxtda həm Gürcüstana təzyiq etmək, həm də Gürcüstan–Azərbaycan münasibətlərini gərginləşdirmək idi. Sonrakı proseslər isə artıq abidə məsələsi üzərindən “güman” pərdəsini götürüb düşünülmüş bir siyasi planın konturlarını ortaya qoydu. Gürcüstandakı radikal dairələr Azərbaycana qarşı “Keşikçi dağ” kompleksi ilə bağlı iddialar irəli sürdülər. Həm də elə ifadələr işlədirdilər ki, gərginlik yaratmaq niyyəti açıq-aşkar görünürdü. Paralel olaraq Gürcüstanın daxilində də siyasi ehtiraslar qızışdı və Azərbaycan üçün kritik strateji əhəmiyyət daşıyan və nəqliyyat dəhlizinin mühüm hissələrindən olan ölkədə risq və təhlükənin səviyyəsi yüksəldi.

Bütün bunlara qədər isə, 2019-cu il fevralın 19-da Moskvada çeçen-azərbaycanlı qarşıdurması planlamağa hesablanmış təxribat törədildi. Təbii ki, vaxtında qarşısı alınmasa idi, Azərbaycan-Çeçenistan münasibətlərinin gərginləşməsi Azərbaycanın bütün Şimali Qafqazla, eyni zamanda Rusiya ilə də münasibətlərinin pisləşməsinə səbəb olardı. Bu da Azərbaycan ətrafında təhlükə səviyyəsini, risqi yüksəltmiş olacaqdı.

2019-cu ilin mayında isə “Kəmər və Yol” marşurutunun Orta Asiya hissəsinə təhlükənin artması haqda həyəcan təbili çalındı. Rusiya Federal Təhlükəsizlik Xidmətini rəisi Bortnikov həyəcan doğuran informasiya açıqladı. İŞİD-in Əfqanıstanda fəaliyyət gösətərən “Vilayəti Xorasan” qruplaşması Əfqanıstanın şimal hissəsinə, MDB ölkələri ilə sərhədlərə 5 000 nəfərdən ibarət silahlı qüvvələr göndərib. Təbii ki, belə bir vəziyyət Orta Asiya regionu üçün risq səviyyəsinin artması deməkdir.

Odur ki, hazırda İŞİD-in Azərbaycan qolunun meydana çıxması haqda video-çarxın yayılması da Azərbaycan ətrafında risq dərəcəsinin artırılmasına hesablanmış siyasət kimi görünür. İŞİD-in Orta Asiya ölkələri ilə sərhəddə və Azərbaycanda təqribən eyni vaxtda fəallaşması eyni planın tərkib hissəsi kimi ortaya çıxmaqdadır.

Görünür ki, süni çeçen-azərbaycanlı qarşıdurması yaratmağa cəhd və daha sonra Azərbaycan Prezidentinin Pekinə səfəri ərəfəsində dezinformasiya hücumu ilə başlanmış siyasət davam edir. Ancaq, İŞİD-in Azərbaycan qolunun özü haqda məlumat yayması buna qədər olan təhdid və təhlükələrin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. İlin əvvəlindən indiyə qədərki dövr üçün izlədiyimiz prosesdə görünür ki, tendensiya neqativ istiqamətdədir. Yəni, təhlükə dərəcəsinin artmağa meyllənməsi və təhdidin coğrafi olaraq ətraf ölkə və regionlardan Azərbaycanın daxilinə doğru sürünməsi, yaxud da kənar qüvvələrin təhlükələri Azərbaycanın içərisinə sürüməyə çalışdıqları müşahidə olunur. Bütövlükdə isə, göründüyü kimi bu yalnız Azərbaycanın problemi deyil, bütün Avrasiyanın, deməli, dünyanın problemidir.

Bütün Avrasiyanı, xüsusilə də onun bizim də daxil olduğumuz iç, mərkəzi arealını kimlərsə silkələməyə can atır.

Ortaya üç sual çıxır: 1. Bu kimin marağındadır? 2. Bizi daha nələr gözləyir? 3. Biz nə etməliyik?

Azərbaycan artıq təhlükəsizliyin daha da gücləndirilməsinə başlayıb. Beynəlxalq təhlükəsizlik də 1) yeni əlaqələrin qurulması, 2) təhdid və təxribatlara soyuqqanlı reaksiya verilməsi, daha sonra 3) problemləri neytrallaşdırma yolu ilə gücləndirilir. İqtisadi islahatlar xaricdən asılılığımızı azaltmağa yönəlib. Siyasi münasibətlərin yenilənmısi, islahatı isə daxili siyasi müstəvidə barışı təmin etməkdədir. Və siyasi rəhbərlərin bəyanatları da göstərir ki, bütün bu proseslərin dərinləşəcəyi şübhəsizdir. Odur ki, ifrat təşvişə ehtiyac yoxdur. Dövlət və cəmiyyət təhlükəni görürsə və ona münasibəti və reaksiyası eynidirsə, deməli, bərtərəf edilməsi də artıq yarıbayarı asanlaşıb.

Odur ki, cəmiyyət də öz növbəsində təhlükələr haqda daha çox məlumatlı olmalı, gündəlik qayğılarla yanaşı ümumi mənzərəni də görməli, prosesləri daha diqqətlə izləməlidir ki, hakimiyyətin qəbul etdiyi qərarları düzgün təhlil edə, qiymətləndirə və adekvat reaksiya verə bilsin.

İndi hakimiyyətlə cəmiyyətin həmrəyliyinin güclənməsi üçün onlar arasında sinxron düşüncəni təmin edəcək informasiya mübadiləsinin, analitik müzakirələrin əhəmiyyəti hər keçən gün daha da artmaqdadır.

İbrahim Məmmədov,
Əməkdar jurnalist

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR