Özünü “İslam xilafəti” elan edən İŞİD terror təşkilatı 2011-ci ildən etibarən bu ölkədə Bəşər Əsəd ordusunun əsgərləri ilə yanaşı, dinc əhalini də qırır. Bu baxımdan Suriyada Əsəd iqtidarına qarşı xalq hərəkatı meydanı tərk etmək məcburiyyətində qaldı, hətta onun müəyyən kəsimi daxili siyasətinə etiraz etdiyi iqtidarın yanında olmağa üstünlük verdi...
Azərbaycanda da zaman-zaman hüquq-mühafizə orqanları radikal təriqət üzvlərinin həbsini həyata keçirir. Bu yaxınlarda təşkil olunan növbəti əməliyyat zamanı “cihad”çı qrup zərərsizləşdirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də dəfələrlə radikalların olmasını təsdiqləyib və bu təhlükənin məhv edilməsinin vacibliyini qeyd edib.
Komitənin etirafı təhlükənin Azərbaycan üçün də mövcudluğunu qüvvədə saxlayır. Bəs ölkədə Suriyada olduğu kimi, terrorçu qüvvələr meydana çıxsa, müxalifətin mövqeyi nədən ibarət olacaq? Müxalif təşkilatlar yarana biləcək təhlükə ilə bağlı iqtidarla birləşə, vahid mövqedən çıxış edə bilərmi?
Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər bu mövzuda “Yeni Müsavat”a danışarkən öncə müxalifətin yekcins olmadığını qeyd etdi. Onun sözlərinə görə, müxalifətdə xalq hərəkatından çıxan qüvvələr də var, xarici mərkəzdən idarə olunanlar da. Onun fikrincə, xalq hərəkatından çıxan və bugünkü müxalifət partiyalarında olanlar hər zaman milli maraqlar mövqeyindən çıxış edib: “Milli maraqlar üçün təhlükə olanda ümummilli mövqedən çıxış edəcəklər. Ermənistanla müharibə başlayacağı halda müxalifət öz siyasi fəaliyyətini dayandırmağa hazır olduğunu fədakarcasına bəyan etdi. Ancaq milli maraqlardan çıxış etməyən qüvvələr əsasən xarici mərkəzlərin təsiri altındadır”.
AzDP sədri onu da nəzərə almağa çağırır ki, ölkədə əhalinin və müxalifətin ovqatı dəyişib: “Azərbaycandakı iqtisadi proseslər, ədalətli seçkilərin keçirilməməsi insanları radikallaşdırıb. Ona görə də müəyyən şəraitdə hakimiyyətin dəyişməsi üçün bəzi qüvvələr açıq və gizli xarici mərkəzlə danışığa gedə bilər”.
KXCP sədrinin müavini Xəzər Teyyublu siyasi mövqeyindən asılı olmayaraq hər kəsin dövlət müstəqilliyinin qorunmasında iştirakını vacib sayır. Onun sözlərinə görə, əgər belə bir xarici təhdid olarsa, müxalifət milli maraqlar və dövlətçilik mövqeyindən çıxış edəcək.
X.Teyyublu hesab edir ki, bu məsələdə istənilən vətəndaş fəal olmalıdır: “Azərbaycana zaman-zaman belə təhdidlər olub, müxalifət milli maraqlar naminə siyasi ambisiyaları kənara qoyub. Dövlət müstəqilliyi bizim üçün ən prinsipial məsələdir və bunu da ötən dövr ərzində görmüşük. Nəzərə almaq lazımdır ki, ölkəmiz hansı regionda yerləşir, hansı geopolitik proseslər cərəyan edir. Bütün bunları təhlil edib, vahid mövqedən çıxış etmək lazımdır. İqtidarda hansı qüvvənin olmasına baxmayaraq, dövlət müstəqilliyinə olan təhlükə ilə bağlı vahid mövqedən çıxış etməliyik”.
E.SALAMOĞLU