Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin sabiq vəzifəli şəxslərinin məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Elnur Quliyev və Vidadi Eyvazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mədinə Əhmədova ifadə verib.
O, təqsirləndirilənlərdən Elnur Quliyevi tanıdığını deyib.
Bildirib ki, sosial yardım almaq üçün Ə.Quliyevin qəbulunda olub: "Sosial yardım almaq üçün sənədlərimi ona vermişəm. Özüm şəxsən idarəyə gedib sənədləri verdim. Təxminən bir aya hazır oldu. Sonra bankdan mənə kart verildi. Bankomatdan pul çıxarmaq istədim, amma pul yox idi. Sonra kartı aparıb Elnura verdim. Bir müddət sonra da gedib kartı götürdüm. Elnur kartda pul olduğunu dedi".
Şahid məhkəmədə deyib ki, Elnur ondan əvvəlcədən pul istəməyib. Amma iş hazır olandan sonra 600 manat pul alıb.
Məlum olub ki, Mədinə Əhmədova istintaqdakı ifadəsində deyib ki, kartında 1359 manat pul olub. Elnur həmin pulun 600 manatının ona çatacağını deyib və alıb.
Məhkəmədə şahid qismində Barış Sarıyeva da ifadə verib. O da sosial müavinət almaq üçün Elnur Quliyevə müraciət edənlərdəndir.
B.Sarıyeva deyib ki, 3 uşaq anası olduğu üçün sosial yardım almaq istəyib və sənədlərini Elnura verib. Sarıyeva deyib ki, Elnura işini qaydasına qoyacağı halda hörmət edəcəyini deyib.
Bildirib ki, yardım ayrılan zaman kartına köçürülən puldan 500 manatı özünə, qalan məbləğ isə Elnura çatıb.
Məhkəmədə elan olunub ki, B.Sarıyeva istinhaqda fərqli ifadə verib. O, istinyaqdakı ifadəsində sosial yardım üçün kartın 2 min manat pul köçürüldüyünü, həmin puldan 900 manatını Elnur Quliyevə verdiyini deyib.
Şahid bu ziddiyyəti izah edə bilməyib.
Məhkəmədə şahid qismində Tofiq Məhərrəmov da ifadə verib.
Şahid deyib ki, anasına təqaüd düzəltmək üçün Elnur Quliyevə müraciət edib:
"Mənə hansı sənədlərin lazım olduğunu dedi. Əvvəlcədən özüm ona söz vermişdim ki, iş həll olunsa, ona şirinlik verəcəm. Bir müddət keçəndən sonra Elnur zəng elədi ki, sənədlər hazırdır və bankdan kartı götürmək lazımdır. Bildirdi ki, kartı götürəndən sonra anamla birlikdə onun yanında gedək. Kartı aktivləşdirmək üçün anamın imzasına ehtiyac olduğunu dedi. Amma sonra bildim ki, kart aktiv imiş. Bir neçə gün sonra kartı gəlib götürməyimizi istədi. Kartı götürəndə dedi ki, söz verdiyi şirinliyi artıq kartdan çıxarıb. Mən nə qədər götürdüyünü soruşdum. Dedi ki, 600 manat götürüb. Mən də dedim ki, 600 manat şirinlik çoxdur. 50-100 manat nəzərdə tutmuşdum. Puldan sadəcə 100 manatını qaytara biləcəyini dedi. Buna görə də mən şikayət elədim. Prokurorluğa zəng edib bu barədə bildirim. Mənim üzərimə kamera bağlayıb Elnurla görüşməyii istədilər. Elnurdan qaytara bildiyi 100 manatı aldım, aramızda danışıq oldu. Prokurorluq əməkdaşları 100 manatı məndən alıb yola saldılar. Sonra bildim ki, Elnur həbs edilib. Mən belə olacağını bilmirdim. Düşünürdüm ki, yəqin ki, çağırıb xəbərdarlıq edərlər".
Suallara cavab verən şahid 600 manatının geri qaytarılmadığını deyib.
Xatırladaq ki, hər iki şəxsin həbsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğu birgə məlumat yayıb.
Məlumata əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.
E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib, kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri V.Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Həbs edilən şəxslər özlərini təqsirli bilmirlər.
İlkin Muradov,
Musavat.com






