İnsanlara hürriyət, millətlərə istiqlal!

İsgəndər Xəlilovun oğlu Köçəryanla ortaq oldu

18253 11.04.2014 09:00 Ölkə A A

“İSR Holdinq” şirkətlər qrupunun sahibi, Azərbaycanda milyardlarla dollar həcmində biznes aktivlərinə malik olan İsgəndər Xəlilovun oğlu Rusiyanın ən iri dəmiryol operatorlarından birinin Direktorlar Şurasına daxil olub.

Virtualaz.org saytı Rusiya biznes KİV-lərinə istinadən xəbər verir ki, Rəhman Xəlilov “SQ-Trans” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasına bu ilin martında seçilib.

Şirkət məlumatı bir neçə gün əvvəl yayıb.

R.Xəlilov hazırda “İSR Holdinq”in tərkibinə daxil olan “İSR Trans” şirkətinin Direktorlar Şurasının rəhbəridir. “İSR Trans” dəmir yolu ilə neft daşımalarını həyata keçirir. Onun parkında 11 minə yaxın sistern var. Şirkət  19 min müxtəlif təyinatlı vaqon istismar edir. 
Bildirilir ki, “SQ-Trans” şirkətinin Direktorlar Şurasına azərbaycanlı oliqarxın oğlu ilə yanaşı Rusiyanın nəhəng maliyyə korporasiyası “Sistema”nın vitse-prezidenti Vsevolod Rozanov və “Başneft”in vitse-prezdenti Denis Stankeviç də seçiliblər. R. Xəlilovla birlikdə onlar “Sistema”nın fəal əməliyyatlar üzrə vitse-prezidenti İqor Busarovu, “Başneft”in loqistika, təchizat və satış üzrə vitse-prezidenti Ruslan Genşi “Federal yük şirkəti” ASC-nin baş direktorunun müavini Yuri Dyakonovu əvəzləyiblər. 


“SQ-Trans”ın Direktorlar Şurasına 10 nəfər daxildir. “SQ-Trans” Rusiyanın yüngül mineral xammal və neft daşıyan ən iri dəmir yol operatorlarından biridir. Hazırda şirkətin sərəncamında 35 mindən çox vaqon, o cümlədən sıxılmış qaz daşımaq üçün 17 min sistern və neft daşımaq üçün 14 min sistern var. Şirkətə bərabər payla “Sistema” maliyyə korporasiyası və onun partnyoru “Unirail Holdings” sahiblik edir. 

“Sistema” maliyyə korporasiyasına gəldikdə isə onun Direktorlar Şurasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da yer alır. Bundan əvvəl “Sistema” korporasiyası inquş əsilli rusiyalı neft maqnatı, Putinin qəzəbinə düçar olandan sonra bir müddət Rusiyadan qaçmağa məcbur olan Mixail Qutseriyevin “Russneft” şirkətini almışdı. “Russneft”in isə Azərbaycanda neft aktivlərinin olduğu məlumdur və bu barədə mətbuatda geniş bəhs olunub. Sonradan Qutseriyev şirkətini “Sistema”dan geri almışdı.
“Sistema” korporasiası əvvəllər dövlət mülkiyyətində olan “SQ-Trans” şirkətini 2012-ci ildə keçirilən tenderdə 22.77 milyard rubla alıb. Sonradan şirkətin səhmlərinin yarısı “Sistema”nın offşor şirkəti olan “Unirail Holdings”ə transfer olunub.


İ.Xəlilovun Direktorlar Şurasında Ermənistanın eks-prezidentinin, Azərbaycan ərazilərinin işğalına başçılıq edənlərdən birinin yer aldığı “Sistema” korporasiyasının mülkiyyətində olan “SQ-Trans”ın Direktorlar Şurasına seçilməsi isə azərbaycanlı oliqarxın bu şirkətdə payçı olmasından irəli gəlir. Göründüyü kimi, Rusiyadakı azərbaycanlı oliqarxlar üçün biznesin milliyyəti yoxdur. Hərçənd ki, R.Köçəryan “Sistema”da cüzi payla təmsil olunur.
R. Xəlilov atasının nəqliyyat biznesini ötən ildən idarə edir. 2013-cü ilin sentyabrında o,  “İSR Trans”ın İdarəetmə Şurasının sədri vəzifəsinə təyin olunub. R.Xəlilov 1977-ci ildə Bakıda anadan olub, Cenevrə Beynəlxalq Universitetinin beynəlxalq biznes fakültəsini bitirib. Peşəkar karyerasına atasının yaxın dostu və biznes ortağı Vahid Ələkbərovun “LUKoil” şirkətində treyder vəzifəsi ilə başlayıb.2004-cü ildən etibarən “İSR Holdinq”in tərkibinə daxil olan və İsveçrədə yerləşən RİROİL neft ticarəti şirkətinə başçılıq edir. R.Xəlilov Azərbaycanın Neftçala rayonunda  yod-brom zavodunun yenidən qurulması layihəsinin müəllifidir.


R.Xəlilov atasının biznes imperiyasında həm də turizm sahəsinə rəhbərlik edir. 2011-ci ildə Türkiyənin Bodrum şəhərində ata-oğul Xəlilovlara məxsus "Hilton BODRUM TÜRKBÜKÜ RESORT & SPA" beşulduzlu hotelinin açılışı olub. Hotelin fəaliyyətinə R.Xəlilov türkiyəli xanımı ilə birlikdə nəzarət edir. O, həm də “İSR Turizm”in İdarəetmə Şurasının sədr müavinidir.

Xatırladaq ki, İ.Xəlilov Azərbaycanda “Hilton Baku” hoteli də daxil olmaqla, bir çox biznes aktivlərinə nəzarət edir.

İ.Xəlilov “Hilton Baku”ya 140 milyon manat yatırıb.

O həm də Bakıdakı “NİKoil Bank” Müşahidə Şurasının sədridir. İ.Xəlilov  şəhərin mərkəzindəki “Bakı Teleqraf Agentliyi”nin binasını sökərək yerində 5 mərtəbəli yaşayış binası tikib.  Milyarderin həmçinin Azərbaycanda avtomobil biznesi də var. O, “Toyota Center”in sahibidir. İ. Xəlilov i Qış İdman Növləri Federasiyasının,  kiçik oğlu Rauf Xəlilov Azərbaycan Xizəksürmə Federasiyasının prezidentidir.  Onun qardaşlarından biri Cavanşir Xəlilov Bakı Əyləncə Mərkəzinin sahibi, Azərbaycan İdman Boulinqi Federasiyasının prezidentidir.

Digər qardaşı Vaqif Xəlilov “Sinqapur evləri”nin sahibidir.  İ.Xəlilov şəhərin mərkəzindəki “City Centr” yaşayış kompleksinə 500 milyon manat qoymağı planlaşdırdığını bildirmişdi. Amma belə məlumatlar var ki, onun Azərbaycandakı başqa layihələri kimi bu layihəsi də dayanıb. İ.Xəlilovun 2012-ci ilin sonlarında Rusiyada yaradılan və Azərbaycan hakimiyyətinə qarşı olduğu bildirilən “Milyarderlər İttifaqı”nda yer alması onun Bakı ilə münasibətlərinin pisləşməsinə səbəb olub. İ.Xəlilov israrla Azərbaycan hakimiyyətinə qarşı olmadığını və prezident İlham Əliyevi dəstəklədiyini bildirsə də, hər halda, bu layihə barədə tam məlumatlı olan hakimiyyət artıq onu etibar edilə bilməyəcək şəxs sayır. Buna görə də onun Azərbaycandakı layihələri ilə bağlı bir sıra problemlərin yarandığı bildirilir.
İndi onun oğlunun R.Köçəryanın da payçı olduğu şirkətdə direktor seçilməsi yəqin ki, Xəlilovların Azərbaycandakı fəaliyyətlərinə təsirsiz ötüşməyəcək.  Hər halda, əli Azərbaycan xalqının qanına batmış, torpaqlarımızın işğalında əsas rol alanlardan biri olan R.Köçəryanla ortaq olan bir şəxsə nə cəmiyyət, nə də hakimiyyət laqeyd yanaşa bilər.  Odur ki, bu hadisə Xəlilovların Azərbaycandakı biznes imperiyasını bitirə bilər.

Teymur HƏSƏNLİ



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR