17-20 dekabrın təqvimi
17 dekabr
Tarixi hadisələrlə zəngin gün
Hər vaxtınız xeyir!
17 dekabr tarixi hadisələrlə zəngin bir gündür. 2003-cü ilin bu günündə dünya prokatına “Üzüklərin hökmdarı” filmi daxil olub, sonra da bolluca “Oskar”lar yığıb. 1992-ci ildə Çexoslovakiya parlamenti ölkənin ləğvi və yerində Çexiya və Slovakiya kimi iki dövlətin yaradılması barədə qanun imzalayıb. 1990-cı ildə Moskvada SSRİ deputatları dördüncü qurultayda Qorbaçovun istefasını tələb ediblər. 1989-cu ildə ABŞ-ın Fox telekanalında “Simpsonlar” multserialının premyerası baş tutub. 1986-cı ildə Kembric hospitalında tarixdə ilk dəfə eyni zamanda bir insana ürək, qaraciyər və ağciyər köçürülməsi edilib. 1962-ci ildə Granada TV-də əfsanəvi “Beatles” qrupunun ilk teleçıxışı baş tutub. Onlar “Love Me Do” mahnısını oxuyublar.
Bu gün həm də aviasiya işçiləri üçün önəmli gündür. 1903-cü ilin bu günündə Orvill Rayt özü düzəltdiyi təyyarə ilə tarixdə ilk təyyarə uçuşunu həyata keçirib, bu uçuş 12 saniyəlik olub. 1790-cı ildə Meksikada üzərinə asteklərin təqvimi çizilmiş daş tapılıb. 1777-ci ildə isə amerikalılar üçün çox əhəmiyyətli bir hadisə baş verib: Fransa Şimalı Amerikadakı Britan koloniyalarının müstəqilliyini tanıyıb. Britan koloniyaları da gələcək ABŞ dövlətini təşkil edib.
Kimlər gəldi, kimlər getdi...
![]()
2011-ci ilin bu günündə Şimali Koreyanın lideri, tarixin ən məşhur diktatorlarından biri Kim Çen İr vəfat edib. 1999-cu ilin 17 dekabrında müstəqil Azərbaycan mətbuatının qurucularından biri, “Azadlıq” qəzetinin yaradıcısı, unudulmaz jurnalist Nəcəf Nəcəfov cəmi 44 yaşında dünyadan köçüb. Allah rəhmət eləsin. 1993-cü ilin bu günündə tanınmış Azərbaycan ziyalısı, Azərbaycan SSR xalq yazıçısı Mirzə İbrahimov, 1987-ci ilin bu günündə isə milyonlarla sovet adamını gözləri yaşarıncaya qədər güldürən komediya aktyoru Arkadi Raykin dünyadan köçüblər. Milyonlarla kişini əfsunlamış aktrisa Mila Yovoviçinsə bu gün doğum günüdür, 36 yaşı tamam olacaq. 1924-cü ilin bu günündə Nuxada Şirməmməd Hüseynov dünyaya gəlib, Azərbaycanın görkəmli və unudulmaz alimini gəlin yad eləyək, ruhu şad olsun deyək. 1930-cu ildə məşhur Penthouse jurnalının yaradıcısı Bob Quççione doğulub. 1908-ci ildə kimya üzrə Nobel mükafatçısı, Amerika alimi Uillard Libbi dünyaya gəlib. 1905-ci ildə Qazaxın İkinci Şıxlı kəndində Azərbaycan SSR-in xalq yazıçısı Osman Sarıvəlli anadan olub. 1881-ci ildə Amerika etnoqrafı, elmi antropologiyanın banisi Lyuis Henri Morqan dünyasını dəyişib. 1830-cu ildə isə Cənubi Amerikada ispan müstəmləkəçiliyi ilə mübarizə aparan dünyaca məşhur şəxs – Simon Bolivar vəfat edib, yeri gəlmişkən, Boliviya dövləti onun adı ilə adlandırılıb.
Ekzotik Butan Krallığında kralın taxta çıxmasının ildönümü bayramı
Butan sözü Odlu Əjdahanın torpağı kimi tərcümə olunur. Ölkə bu adı ona görə alıb ki, Himalaydan tez-tez şiddətli çovğunlar gəlib yerlə-göyü bir edir. Bütpərəstliyin ən möhkəm dayaqları olan bir ölkədir Butan. Bu bayram 1907-ci ildən qeyd edilir, onda ki, Vançkuq Butan kralı kimi ilk dəfə taxta əyləşib. Vançkuq müstəqil dövlət qurub, butanlıları birləşdirib, beləcə də tarixə düşüb.
Tximpu Asiyada ikinci paytaxt şəhəridir ki (digəri Pxenyandır) orada işıqfor yoxdur. Və Butan dünyada yeganə ölkədir ki, örda tütün satışı rəsmən qadağan edilib. Butan həm də dünyada yeganə ölkədir ki, öz əhalisinin üzərinə Konstitusiya ilə öhtəlik qoyub ki, ətraf mühiti mühafizə etsinlər. Butanın bir özəlliyi də odur ki, öz adət-ənənəsini, buddizmi, mental dəyərlərini qorumaq üçün uzun illər televiziya və radionun, sonrakı dönəmlərdə də internetin istifadəsinə rəsmən qadağa qoyulmuşdu, yalnız 2001-ci ildən bu izolyasiya aradan qaldırıldı. Burada ilk seçki isə yalnız 2008-ci ildə baş tutub, butanlılar özlərinə deputatlar seçiblər. Özü də karuselsiz, filansız.
Butanda çoxlu Budda məbədləri var, Himalayın əbədi qarla örtülü landşaftının misilsiz gözəlliyi var, buna görə də ölkənin əsas gəlir mənbəyi turizmdir. Qəribədir ki, gəlir üzrə ikinci sırada poçt markaları durur, Butan markalarını dünyada həvəslə alırlar. Butan əhalisi varlı deyil, amma xöşbəxtdir. Çünki iqliminin dağlıq olması, sərt şaxtalar, əkin torpaqlarının azlığı, təbii sərvətlərin minimum olması səbəbindən ölkə özü kasıb ölkədir, hamının güzəranı oxşardır. Biri də var, elə bir ölkədə yaşayasan ki, ölkə varlı ola, bir ovuc insan milyonlara sahib çıxa, xalq özü isə yoxsulluqdan inləyə.
“İsgəndər” raketi
![]()
Bu gün Beynəlxalq seks xidmətçilərinin zorakılıqdan qorunması günüdür. Lətifəsi bizdən uzaq, sonrakına keçək. Ruslar Raket qoşunları gününü (“İsgəndər”lər də bu qeydetmənin tərkib hissəsidir), ukrainlər Dövlət icra qulluqçuları gününü qeyd edirlər. Beloruslarda bu gün kino günüdür; Amerikalılar isə Milli ağcaqayın şirəsi gününü qeyd edirlər.
18 dekabr
Beynəlxalq mühacir günü
İnternational Migrants Day 2000-ci ildən qeyd olunur. 1990-cı ilin həmin günündə mühacirlərin və onların ailələrinin hüquqlarının müdafiəsi Konvensiyası qüvvəyə minib. BMT-nin Baş Assambleyası bu zümrədən olan insanların müdafiəsinə qalxmaqla onlara qarşı tətbiq edilən ayrı-seçkiliyə son qoymağa cəhddə bulunub. Son hesablamalara görə, planetin hər 35-ci sakini mühacirdir.
![]()
Hazırda öz ölkələrindəki zülm və istibdaddan, müharibələrdən kütləvi şəkildə qaçan əfqanlar, suriyalılar dünya sərhədlərini didib-dağıtmaqdadırlar. Təbii ki, azərbaycanlılar da çoxsaylı mühacirləri ilə diqqət mərkəzində olmalıdır. Xüsusən, Rusiyada mühacirlərimizin sayı çoxdur, qeyri-rəsmi məlumatlara görə hətta iki milyon civarındadır. Güzəran dalınca qürbətə üz tutanlarımız əfsus ki milyonlarladır. Ən çox adamı ağrıdan da xaricə olan “beyin axınıdır”.
Tanınmış aktrisa Mehriban Zəkinin 55 illik yubileyi
![]()
1990-ci ildən 2005-ci ilədək “YUĞ” Dövlət Teatrında, 2006-2007- ci illərdə Milli Akademik Dram teatrında, 2000-ci ildən 2011-ci ilə qədər “İBRUS” Teatrında calışan, teatr səhnəsində “Şirəbənzər”, “Buninin sonuncu döyüşü”, “Müsyo İbrahim və Quran çiçəkləri” kimi tamaşalarda, “Otel otağı”, “Küçələrə su səpmişəm”, “Hökmdarın taleyi”, “Əli və Nino” kimi bir çox bədii və sənədli filmlərdə, seriallarda çəkilən, özəl səs tembrinə və ifa tərzinə malik olan Mehriban Zəki saz aləti ilə “Kitabi-Dədə-Qorqud” eposu, Füzuli, Yunus Emrə və bir çox müasir şairlərin şeirlərinə bəstə qoşaraq ifa da edir. Mehriban Zəki 1993-cü ildə Aşqabadda keçirilən “Novruz 93” Teatr Festivalında “Xatun” mono-tamaşasına görə “Ən yaxşı teatr rolu”, 1996-cı ildə Alma-Atada keçirilən Cambul Cabayev Festivalında “Ən yaxşı dastançı”, 2005-ci ildə “Şərq-Qərb” Kinofestivalında “Küçələrə su səpmişəm” filmində “Ən yaxşı qadın obrazı” nominasiyası üzrə mükafatları alıb. İstedadlı aktrisa 1998-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2003-cü ildə Prezident mükafatı alıb. Səmimi qəlbdən təbrik edirik Mehriban xanımı!
Beynəlxalq ərəb dili günü
BMT bu günü təqvimə salmaqla yanaşı, həm də ərəb dilini Baş Assambleyanın və onun komitələrinin rəsmi dilləri sırasına da aid edib. Dinimizin dilinin bu qədər ucalması əlbəttə ki, mütərəqqi haldır. İstəyərdim ki, başında zat aliləri Allahşükür Paşazadə dayanan dini qurumlarımız bu fakta diqqət yetirsinlər, ucdantutma ərəbcə bilməyən mollaların meydan sulamasına göz yummasınlar. Bir əhvalat danışım. Tələbəlik vaxtı bir dəfə Qazaxın Yuxarı Salahlı kəndinə getmişdim, yas mərasimi idi, bir molla əlində tutduğu kağızdan “Quran” kəlmələrini izhar edirdi, camaat da kirimişcə onu dinləyirdi. Təsadüfən gözüm onun “şparqalkasına” sataşdı, gördüm orda ərəb əlifbası (yəni bizim əski əlifba) ilə Səməd Vurğunun şeiri yazılıb : “El bilir ki sən mənimsən, Yurdum yuvam məkənimsən...” Ehmalca qoluna toxunub qulağına pıçıldadım ki, əlindəki vərəqdə şeir yazılıb. Yalvar-yaxar elədi, dedi çörəyimə bais olma.
Qətərin milli günü
Nefti və qazı ilə xalqını xoşbəxt edən Qətər dövlətinin bu gün bayramıdır, müstəqilliklərinin ildönümüdür. 1878-ci ilin 18 dekabr günü müstəqil Qətərin qurulduğu gündür. Qətər dövləti quruluşca monarxiyadır. Ərazisi tamamilə səhralıq olan Qətərdə neft və qaz pulları ilə əsl cənnət yaradılıb. Neft və qaz Qətəri Ümumi Daxili Məhsula görə dünyanın lider dövlətinə çevirib. Qətər adambaşına düşən gəlirə görə də dünya lideridir, bu rəqəm bizlərin yuxusuna belə girməyən həddədir – 88222 ABŞ dolları!!! Orada yerli əhali məmurları və biznes sahiblərini çıxmaq şərti ilə demək olar ki işləmir, neft və qazdan adambaşına hesablanan aylıq gəlirlə bəy balası kimi yaşayır, bütün qara işləri gəlmə qasrtobayterlər görürlər.
Əslində Qətər barədə çox danışmaq olar, amma qibtə və paxıllıqdan susmağa üstünlük verirəm.
Spilberqdən Stalinə qədər
Ruslarda “ZAQS” işçiləri, yəni kəbinkəsənlər günüdür. Moldovanlarda polis günü, anqolalılarda mədəniyyət festivalı günləridir. Britaniyalılar Milli Stilton pendiri gününü qeyd edəcəklər. Amerikalılar isə onların acığına Milli Peçenyebişirmə gününü qeyd edəcəklər, üstəlik, “Mən bal sevirəm” gününü qeyd edəcəklər, hələ üstəlik Milli qızartma çoşka gününü də qeyd edəcəklər.
Vyetnamlıların bu gün matəm günüdür, 1972-ci ildə ABŞ prezidenti Nikson Şimali Vyetnamın bombalanması əmrini verib, 1600 vətəndaş həlak olub; 1940-cı ildə 3-cü reyx məşhur Barbarossa planını təsdiqləyib; 1963-cü ilin bu günündə dünyaca məşhur Amerika aktyoru Bred Pitt dünyaya gəlib. Onunla eyni gündə ad gününü dünyaca məşhur Amerika rejissoru Stiven Spilberq də qeyd edir. Stiven Breddən 17 yaş böyükdür. 1921-ci ilin bu günündə komedik filmlərinə günü bu gün də sevə-sevə baxdığımız məşhur sovet aktyoru Yuri Nikulin doğulub. 1878-ci ilin 18 dekabrı isə dünyaya İosif Stalin adlı tarixin ən qəddar diktatorlarından birini bəxş edib.
18 dekabrda dünyadan köçənlərdən isə çex prezidenti, həm də dramaturqu Vaslav Qaveli (2011), island şairi, island himninin müəllifi Mattias Yokumsonu (1920) və dünyaşöhrətli İtaliya skripka ustası, 1200 skripka düzəltmiş Antonio Stradivarini (1737) göstərə bilərik.
19 dekabr
Ümumdünya kasıblara yardım günü
![]()
Statistikaya görə, 20-ci əsrin sonlarında planet əhalisinin dörddə biri – milyard yarım insan yoxsulluq, dilənçilik həddində olub. Yoxsulluğun ləğvi barədə proqramların genişmiqyaslı icrasına isə BMT 10 il əvvəl başlayıb. Yoxsulluq deyiləndə bura təkcə boş ciblər, boş qazanlar aid edilmir, işsizlik, mənzilsizlik, yaxşı təhsilə və müalicəyə imkanın olmaması da özündə yoxsulluğu ehtiva edir.
Azərbaycanda rəsmi statistikaya görə yoxsul adam demək olar ki yoxdur, hamı yağ-bal içində yaşayır. Təsadüfən, kiminsə beləsi rastına çıxsa, Allahın və BMT-nin xatirinə, lütfən bu gün ona yardım etsin.
Böyük Azərbaycan rəssamı Mikayıl Abdullayevin 100 illiyi
Bu ad kimə tanış deyil ki? Hər gün Nizami metrosunda divarlardakı heyrətamiz mozaikalar gözünüzü oxşamırmı? Bax onlar Mikayı Abdullayevin əl işləridir. O, 1921-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olub. 1935-1939- cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda görkəmli rəssam Əzim Əzimzadənin sinfində təhsil alıb. 1939-cu ildə ilk dəfə ənənəvi “Bahar” sərgisinə qatılıb, nümayiş olunan tabloları böyük rəğbətlə qarşılanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, S.V.Gera¬simov kimi görkəmli rəssamlardan dərs alıb. İlk fərdi sərgisi 36 yaşında, Moskvada keçirilib. 1957-ci ildə “Hindistan silsiləsi”nə və 1958-ci ildə yaratdığı “Sevinc” tablosuna görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. Yaradıcılığının ən məhsuldar dövrü 60-cı illərə təsadüf edir. 1974-cü ildə “Yeddi gözəl” silsiləsinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Mikayıl Abdullayevin əsərləri Moskva, Berlin, Paris, London, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və Brüsselin sərgi salonlarında nümayiş etdirilib, o, müxtəlif fəxri adlara, təltif¬lərə layiq görülüb. SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Rəssamlar İttifaqının katibi seçilib, 1971-ci ildə C.Nehru adına Beynəlxalq mükafat laureatı olub, sovetin müxtəlif orden, medal və fəxri fərmanlarına layiq görülüb. 1955-ci ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi”, 1963-cü ildə “Xalq rəssamı” fəxri adlarını alıb. 1997-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib. 2002-ci il avqust ayının 21-də Bakı şəhərində vəfat etmiş dahi rəssam Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!
Həmişəyaşıl bitkilər günü
Həmişəyaşıl bitkilər günüdürsə, nəzərə almalıyıq ki, ölkəmizdə həmişəyaşıl şam və küknar ağacları yetəri qədərdir. Yarpaq tökməyən sitrus bitkiləri də çoxdur. Xüsusən, subtropik cənub zonamız həmişəyaşıl bitkilər üçün vətəndir. Talış dağlarının qoynundakı Hirkan meşələri sözügedən bitkilərin ən unikallarını öz qoynunda bəsləməkdədir. Üstəlik, Azərbaycanda çox nadir Eldar şamı da yetişməkdədir. Odur ki, bu bayram bizlərə xüsusən düşərlidir.
Bakıda tez-tez ağacəkmə kampaniyası keçirilir, ən müxtəlif əlamətdar hadisələrə həsr edilən bu aksiyalarda minlərlə həmişəyaşıl ağac əkilir. Bu gün də bir aksiya keçirmək, düşünürəm ki, yerində olardı.
Brejnev və “Titanik”
BMT bu günə daha bir bayram düzənləyib – Təminat günü. Bu günün məğzi odur ki, insan yaranışından bəri özünü bütün zəruri şeylərlə vaxtında təmin etməlidir. Qida, mənzil, istilik, tibbi ləvazimatlar, nəqliyyat və sair bu qəbildəndir. Burada informasiya təminatı da başlıca rol oynayır. Amerikalılarda isə başlıca məsələ ilin hər bir günündə mətbəx bayramlarına sevinməkdir, bu gün Milli şüşə konfet günüdür, üstəlik, Milli yulaf keksi günüdür.
![]()
1997-ci ilin bu günündə məşhur “Titanik” filmi ekranlara çıxıb, prokatın 25-ci günündə artıq öz büdcəsinə 200 milyon dollar toplamaqla rekorda imza atıb; 1941-ci ildə 15 yaşlı İngiltərə şahzadəsi Yelizaveta “Zoluşka” tamaşasında baş rol alaraq əsgərlər qarşısında çıxış edib, onları qələbəyə ruhlandırıb; 1917-ci ildə Monreal və Toronto arasındakı matçla Milli Hokkey Liqası fəaliyyətə başlayıb.
19 dekabrda dünyaya gələn tanınmışların siyahısına da bir nəzər salaq: 1969-cu ilin bu günündə əfsanəvi cazmen Vaqif Mustafazadənin yadigarı, tanınmış caz ifaçısı Əzizə Cəfərzadə; 1962-ci ildə detektiv romanları ilə ölkədə xeyli populyar olan yazıçı Elxan Elatlı, 1927-ci ildə görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilov, 1915-ci ildə dünyaşöhrətli fransız müğənni Edit Piaf; 1906-cı ildə “Şiroko şaqaet Azerbidjan” deyərək Azərbaycanı faciələrə sürükləyən sovet rəhbəri Leonid Brejnev doğulublar. 19 dekabrda həm də tanınmış azərbaycanlı alim Kamal Abdullayevin 85 illiyi qeyd ediləcək. Yüksək minerallı və çirkab suların emalı və sənayedə istifadəsi, dəniz suyunun istilik elektrik stansiyalarında kompleks emalı kimi qiymətli tədqiqatlar müəllifi, 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Kamal müəllimə cansağlığı və yüz yaş arzulayırıq.
“Qara kvadrat”ın doğuluşu
Ən nəhayət, 1915-ci ilin 19 dekabrında ünlü rəssam, abstraksizmin bir qolu olan suprematizmin banisi Kazemir Maleviç Petroqradda 39 iş ortaya qoyub ki, bunlardan biri də məşhur “Qara kvadrat” olub. Bilirsinizmi, fitri istedadı olan bu Rusiyada yaşayan polyak rəssamı gənc ikən Moskva rəngkarlıq məktəbində oxumaq istəyib, onu “istedadsızsan” deyə ora qoymayıblar. Gedib işləyib, səfalət içində yaşayaraq rəsmlər çəkməkdə davam edib, inadla yenidən həmin məktəbin qapısını açıb, yenə də onu qəbul etməyiblər. Gedib teatrda dekorasiyalar çəkən, sərgilərə qatılan Kazemir tədricən rəssam kimi tanınıb, vaxt gəlib, “Qara kvadrat” rəsmini çəkərək dünyaca şöhrətlənib, varlanıb. Onun məşhur ikən sərgisinə bir vaxtlar məktəbə girməsinə imkan verməyən müəllimlər də gəlib təzim edərək əl çalıblar. Baxın, həyat budur. Sən zəif ikən üstünə yeriyənlər sən güclənəndə qarşında təzim edirlər. Tanrı sizləri həmişə güclü etsin!






