İnsanlara hürriyət, millətlərə istiqlal!

İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİNİN ARASINDA KƏSKİN ZİDDİYYƏT VARMI?

1527 16.02.2012 09:32 Siyasət A A
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Əli Kərimli ilə İsa Qəmbər, o cümlədən AXCP ilə Müsavat Partiyası arasında ziddiyyətlər olduğu barədə tirajlanan fikirlərin heç bir əsası yoxdur: “Təbii ki, hər iki partiyanın hansısa məsələyə fərqli yanaşması ola bilər. Lakin hər hansı ziddiyyətin, gərginliyin olduğundan danışmaq tamamilə əsassızdır. Ümumi fikir ayrılıqları olanda, bunlar İctimai Palata çərçivəsində uzlaşdırılır. Elə müttəfiqlik münasibətləri də bunun üçündür ki, fərqli mövqelər mümkün qədər uzlaşdırılsın. Bu günə qədər AXCP ilə Müsavatın, həmçinin bu partiyaların liderlərinin çox səmərəli əməkdaşlığı var. İctimai Palatanın səmərəli fəaliyyət göstərməsi və qəbul olunmuş qərarlarla bağlı hər hansı ziddiyyətlərin, sabotaj hallarının meydana çıxmaması onu göstərir ki, hər iki tərəf qəbul olunan qərarlar çərçivəsində öz mövqelərini uzlaşdıra bilirlər.
Qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. 2012-ci il bu seçkilərin necə olacağını müəyyənləşdirəcək dönəmdir. Belə bir mərhələdə müxalifətin aparıcı qüvvələrinin bir yerdə olmasından hakimiyyət narahatdır. Ona görə də çalışırlar ki, müxalifətin aparıcı iki qüvvəsi arasında qarşıdurma, ziddiyyət görüntüsünü yaratsınlar. Bəzi media orqanlarında tirajlanan həmin əsassız iddiaların arxasında bu istək dayanır".
F.Qəhrəmanlı AXCP və Müsavat rəhbərliyinin bu cür əsassız iddiaların yayılması üçün hər hansı əsas vermədiyini də vurğuladı: “Elə məhz buna görə də uzun müddətdir müxalifətdaxili ziddiyyətlər mövzusunu hakimiyyət, əvvəllər olduğu kimi, işlədə, təbliğat qura bilmir. Çünki ortada heç bir fakt yoxdur. İndi əlacsız qalıb predmetsiz ”ziddiyyət"lə bağlı dezinformasiyaları dövriyyəyə buraxırlar. Burada məqsəd həm də cəmiyyətdə, partiyaların yerlərdəki sıravi üzvlərində pessimizm yaratmaqdır. Lakin hamı bilməlidir ki, heç bir ziddiyyət yoxdur".
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da bildirdi ki, hər hansı ziddiyyətdən söhbət belə gedə bilməz: “Müsavatla AXCP İctimai Palatada müttəfiq münasibətlərdədir. İctimai Palatada fəaliyyət açıqdır. İctimai Palatanın sessiyaları, tədbirləri hər kəsə açıqdır. O əsassız iddiaları dövriyyəyə buraxanlar bircə nümunə göstərsinlər ki, hansı məsələlərdə İsa Qəmbərlə Əli Kərimlinin arasında ziddiyyət var? Hansısa məsələyə yanaşmada fikirlərin üst-üstə düşməməsi hətta eyni partiyanın üzvləri arasında da ola bilər. Demokratiyada bu təbiidir. Bu baxımdan ola bilsin, hansısa məsələyə münasibətdə İsa bəylə Əli bəyin də yanaşması fərqlidir. Bu cür məsələləri ziddiyyət adlandırmaq əsassızdır. Heç bir ziddiyyət yoxdur”.
T.Yaqublu hesab edir ki, bəzi qüvvələr Müsavat Partiyası ilə AXCP-nin bir yerdə olmasından ciddi narahatlıq keçirirlər. Bu narahatlıq prezident seçkiləri yaxınlaşdıqca artır. Məlum əsassız yazıların dərc olunması da bununla bağlıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR