İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Qəmbərin namizədi kim olacaq?

1774 03.03.2014 08:20 Ölkə A A
Maraqlı məqamlardan biri başqan İsa Qəmbərin kimi başqan postunda görmək istədiyini heç bir formada sezdirməməsidir. Ancaq şübhə yoxdur ki, İsa Qəmbər nəzərində kimi isə tutub. Əgər başqanlıq məsələsi ağrılı və partiya üçün zərərli həddə çatacağı halda İsa Qəmbərin öz namizədinin kimliyini açıq və ya eyhamla müsavatçıların nəzərinə çatdıracağı istisna deyil.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da “Yeni Müsavat”a müsahibəsində başqan İsa Qəmbərin hansı namizədə üstünlük verəcəyinin onu maraqlandırdığını dilə gətirib: “Müsavat Partiyası İsa Qəmbərin rəhbərliyi altında bərpa olunub və Məhəmməd Əmin Rəsulzadə partiyanın başqanı olduğu dövrdən sonra Müsavat Partiyası məhz İsa Qəmbərin başqanlığı dövründə ən güclü siyasi təşkilata çevrilib. Bu baxımdan şəxsən mənim üçün İsa Qəmbərin mövqeyi çox mühümdür”.
Yəni hər kəs bilir ki, başqanın mövqeyi çox şeyi həll edəcək. İsa Qəmbər görsə ki, partiyaya ziyan vuran və ya ziyan vuracaq vəziyyət yaranır, konkret kimi başqan görmək istədiyini açıq şəkildə, yaxud da eyhamla bildirəcək. İsa Qəmbərin partiya üzvləri arasında nüfuzunu nəzərə alsaq, onun bir eyhamının qurultay nümayəndələrinin seçiminə, həmçinin, namizədlərin qərarına təsir edəcəyi şübhəsizdir. 

İddiaçıların əksəriyyətinin belə vəziyyətdə namizədliklərindən imtina edəcəyi ehtimalı böyükdür.

Bu barədə bizimlə söhbətində Müsavat başqanlığına iddiaçı Tural Abbaslı bildirdi ki, illərdir Müsavatın əsas yükü İsa Qəmbərin çiyinləri üzərindədir. İsa Qəmbər necə ki, partiyanın hüquqi, siyasi yükünü daşıyır, elə də mənəvi yükü də onun üzərindədir: “Ona görə də təbii ki, partiyanın siyasi həyatının istənilən sferasında onun mövqeyi önəmlidir və partiyamızın bütün üzvləri tərəfindən ciddiyə alınır. İsa bəyin mövqeyi ilə hesablaşılır və mövqeyi nəzərə alınır. Bu həm də İsa Qəmbərin bir şəxs olaraq qazandığı nailiyyətdir. Təbii ki, İsa bəy istəsə və zəruri bilsə, hansısa mərhələdə öz mövqeyini, kimin başqan olmasını məqsədəuyğun gördüyünü ya açıq şəkildə, ya da dolayısı ilə çatdıra bilər. Onu da nəzərə almaq lazımdır ki, İsa Qəmbərin də partiyanın digər üzvləri kimi hansı namizədi dəstəklədiyini, kimi başqan görmək istədiyini ifadə etmək hüququ var. Partiyanın digər üzvləri bu hüququndan açıq şəkildə istifadə etdiyi kimi, İsa bəy də partiyanın bir üzvü kimi öz fikrini ifadə eləməkdə sərbəstdir. Bu, təbii də qarşılanar. Sözsüz ki, könül istərdi bu məsələdə İsa bəy gənclərə dəstək versin. Bunu da zaman göstərəcək”. 

“Başqan kimi başqan görmək istədiyini hansısa şəkildə ifadə edərsə və həmin şəxs siz olmasanız, namizədliyinizi geri götürəcəksinizmi” sualına T.Abbaslı belə cavab verdi: “İsa Qəmbərin özü namizəd olarsa, mən birmənalı şəkildə onun namizədliyini dəstəkləyərəm və qətiyyən namizədliyimi vermərəm. İsa Qəmbərin başqanlıqda qalması üçün mən və ətrafımız hər cür siyasi dəstəyi verərik. Əgər İsa bəy başqa bir namizədin adını çəksə və ya dəstək verdiyinə eyham vursa, bu halda İsa bəylə görüşərik və onun fikirlərini bir qədər də dəqiq öyrəndikdən sonra qərar verərik. Bu gün üçün dəqiq deyə bilmərəm ki, dərhal namizədliyimizdən imtina edərik və ya sona qədər gedərik. Yaranmış situasiyanı və İsa Qəmbərin arqumentlərini nəzərə alarıq. İsa bəyin fikirləri dünən də önəmli olub, bu gün də önəmlidir, sabah da önəmli olacaq”.

Müsavat başqanlığına iddialılardan Səxavət Əlisoy isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, kiməsə güzəştə getməyi düşünmür. Hətta İsa Qəmbərin özünün namizədliyi olsa belə, Səxavət Əlisoy namizədliyini vermək niyyətindədir. 

E.SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR