İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Qəmbərin hökuməti “Bakılı oğlanlar”ı necə qələbəyə gətirdi…

9824 01.06.2014 00:46 Son xəbər A A
Azərbaycan xalqının yaxşı bir məsəli var: “Yalan ayaq tutar, yeriməz”. Bu məsəli öncədən ona görə yada saldım ki, bəzi hadisələrə obyektiv qiymət verməkdən ötrü onlar haqda müəyyən zaman keçdikdən sonra danışmaq daha yaxşı olar. 

1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycanın həyatında belə hadisələrdən biri qismində mən 20 il öncəki bir tarixçəni qeyd edərdim. Söhbət 1992-ci ildə MDB ölkələrinin KVN (“Şən və Hazırcavablar Klubu” – red.) komandaları arasında mövsümi yarışlar çərçivəsində “Bakılı oğlanlar”la “ErMi” (İrəvan Tibb İnstitutu) komandası arasında mübarizədən gedir.

Bu tarixçə uzaq 1992-ci ildən başlanır. O vaxt Nazirlər Kabinetində işləyərkən yanıma çoxillik dostum, tanınmış bəstəkar Leonid Vaynşteyn gəlmişdi. Yaxın tanışlığımızı nəzərə alıb bu yerdə özümə borc bilirəm ki, belə ləyaqətli insanın xatirəsi qarşısında onun haqqında bir neçə kəlmə deyim, nədən ki, həyatdan o, çox tez köçdü. 

Bu insan böyük hərflə BAKILI idi. Onu Bakıya və bakılılara böyük sevgi fərqləndirirdi. Azərbaycan dilini gözəl bilirdi ki, bu da onun mədəniyyətimizə, xalqımıza bağlılığının parlaq sübutu idi – o xalq ki, heç vaxt özünü ondan ayırmazdı. 


“Prezident səlahiyyətlərinin icraçısı İsa Qəmbər mənə dedi ki, bu məsələdə sənə kart-blanş verirəm, həm dövlət, həm də şəxsi imkanlarını işə sal və yadda saxla ki, biz qalib gəlməliyik!..”

 


Vaynşteynin ilk populyarlığı ötən əsrin 60-ci illərinin sonu - 70-ci illərin əvvəlinə - “Bakılı oğlanlar”ın KVN yarışında finalda odessalılar üzərində möhtəşəm qələbə qazanaraq SSRİ çempionu olmasından sonraya təsadüf edir. Bu məqamı xüsusi qeyd edim ki, bakılıların həmin əfsanəvi komandasında Leonid Vaynşteyn dostu Yuli Qusmanla birgə aparıcı rol oynayıblar...    
 
O zaman yanıma çoxlu mədəniyyət xadimi gəlirdi. Çünki SSRİ-nin çöküşü xeyli texniki problem yaratmışdı və onların bəzilərini dövlət səviyyəsində həll eləmək lazım gəlirdi. Odur ki, bəstəkar Vaynşteynin mənimlə görüşmək istəməsinə təəccüblənmədim. Gözümün önünə həmin o görüşün səhnəsi gəlir. O vaxt Lyonya mənə əl uzadıb salam verəndən dərhal sonra dedi ki: “Mənimlə təcili prezidentin görüşünü təşkil elə, dövlət əhəmiyyətli məsələ var”.

Mən maraqlandım görüm, nə dərəcədə bu ciddi məsələdir. Çöhrəmdə dost təbəssümünü və səmimi şəkildə onu dinləmək istəyimi görən Vaynşteyn başladı xırdalamağa ki, Bakıda yeni “Bakılı oğlanlar” komandası yaradan və sələflərinin uğurunu təkrarlamaq niyyətində olan gənc oğlanlar var və onlar artıq 1992-ci il KVN mövsümü üçün ərizə də veriblər. “Nəzərə alanda ki, bizim komanda ilə yanaşı turnirdə ermənilər də iştirak edir, məsələ siyasi çalar alır. Odur ki, əgər hökumətimiz uşaqlara dəstək verməsə, uğursuz çıxış alınacağı təqdirdə ölkənin imici zərbə ala bilər”, - deyə dostum öz söhbətini emosional notda bitirdi.

Leonidə söz verdim ki, əlimdən gələni edəcəyəm və xahiş elədim ki, ertəsi gün yanıma uşaqlarla birgə gəlsin. Elə həmin gün axşam məruzə ilə Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən İsa Qəmbərin yanında oldum. Mənim məruzəmi və fikrimi dinləyəndən sonra İsa Qəmbər həmişəki kimi qısa-konkret oldu. Yeri var bu konkretliyi təkrar izhar edək. İsa Qəmbər dedi: “Bu məsələdə sənə tam şəkildə kart-blanş verirəm. Bütün imkanlarını, həm dövlət, həm də şəxsi imkanlarını işə sal və yadda saxla ki, biz qalib gəlməliyik!” 

Ölkənin birinci şəxsindən belə bir dəstəyi aldığım günün ertəsi təşkilati məsələlərə girişdim. İlk olaraq Nazirlər Kabinetində qərargah yaratdıq. Ona özüm rəhbərlik elədim. Qərargaha ölkənin əsas nazirlərini, həmçinin, indi haqq dünyasında olan Bakı meri Rauf Gülməmmədovu cəlb elədik. Qurumun ilk iclasına mən “Bakılı oğlanlar”ın kapitanı Anar Məmmədxanovu, Leonid Vaynşteynin özünü və onun oğlu, komandanın bədii rəhbəri Timuru dəvət elədim. 

İclasda tədbirlər planı cızıldı və iş bölgüsü aparıldı. Lyonyadan xahiş elədim ki, ayrıca söhbət eləmək üçün iclasdan sonra uşaqlarla birgə ləngisin. Biz ayrı-ayrı məsələləri xeyli müzakirə elədik və söhbətin sonunda mən müzakirələri yekunlaşdırıb rezümə şəkildə Anara dedim: “Mən qərargahın işlədiyi müddətdə sənə Hökumət Evində kabinet ayırıram, komanda üzvlərinin siyahısını yaz ki, onlar binaya giriş üçün buraxılış vəsiqəsi alsınlar. Sən mənim yanıma gündə iki dəfə – səhər və axşam gəlib işlərin gedişi barədə məruzə edəcəksən. Kabinetində bütün təşkilati məsələləri həll eləmək üçün pulsuz beynəlxalq rabitə olacaq, AZAL-ın təyyarələrində bütün MDB üzrə pulsuz uçmaq hüququn da olacaq. Bura bütün komanda və dəstək qrupu ilə birgə final oyunu da daxil olmaqla matçlara pulsuz getmək də aiddir. Bütün təsərrüfat məsələləri, o cümlədən nəqliyyat məsələləri Nazirlər Kabinetinin Təsərrüfat İdarəsi və avtoparkına həvalə edilib. Moskvada komanda üçün qarşılanma və yola salma təşkil olunacaq, bütün məsrəflər, yataqxana, qidalanma – hamısı ödəniləcək. Buna etməyə Moskvadakı azərbaycanlı biznesmenlər yardımçı olacaq. Əgər finala çıxsanız, o zaman matça sizi hökumət nümayəndə heyətinin başında mən müşayiət edəcəyəm”. 

“Əgər məndən bu gün soruşsaydılar ki, həmin uşaqlara yenə də kömək edərdinmi? Əminliklə cavab verərdim: “Bəli, bəli və min dəfə bəli! Çünki o zaman uşaqlara kömək eləməklə mən ölkəmə kömək eləmişəm”


Oxucuları bu yarım il haqda söhbətlərlə, qərargahda işləməyimlə yormaq istəmirəm, amma fakt faktdır: komandamız layiqli şəkildə finala çıxdı və hökumət nümayəndə heyəti komanda və azarkeşləri ilə birgə çarter reysi ilə  Moskvaya uçdu. Nümayəndə heyətində mənimlə birgə həmçinin, Bakı meri Rauf Gülməmmədov, mədəniyyət naziri Polad Bülbüloğlu var idi.

Ən maraqlısı isə artıq Moskva baş vermişdi. O vaxt  KVN-nin dəyişməz prezidenti Aleksandr Moslyükov oyundan öncə məsləhətləşmələr aparmaq üçün Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin görüşünü təşkil etməyi qərarlaşdırdı. Görüşdə ermənilərlə azərbaycanlıların yarıbayarı doldurduqları zalda onsuz da gərgin olan ehtirasları daha da qızışdırmamaq naminə Moslyükovun öz təşəbbüsü ilə hər iki komandanı qalib elan eləmək kimi “Solomonov” sayağı bir qərar qəbul edilmişdi. 

Bir daha xatırladaq ki, bu, 1992-ci il idi, iki ölkə arasında müharibə gedirdi və iki xalqın bir sıra nümayəndələri Moskvada, Bakıda və İrəvanda silahla gəzirdilər. Lakin hər iki nümayəndə heyətinin prinsipial razılığının alan Aleksandr Moslyükov bütün köhnə SSRİ-yə car çəkməkdə tələsmişdi. Axı o zaman verilişi bütün MDB izləyirdi. 

Həmin yaddaqalan hadisələrdən 20 ildən çox keçib. O zaman biz öz komandamızı əvvəlcə Moskvada alqışladıq, 1993-cü ilin yanvarında vətənə dönəndən sonra isə Bakı meriyasında təntənəli görüş təşkil olundu. Orada uşaqlara qiymətli hədiyyələr verildi. Axşam görüşü bitmək üzrə ikən mən səhnəyə Anar Məmmədxanovu dəvət elədim və sürəkli alqışlar altında ona Zevin (indiki A.Əliyev) küçəsindəki keçmiş Sürücülər Klubunun (bu yaxınlaradək orada “Dolçe Vita” restoranı yerləşib) “Bakılı oğlanlar”a daimi istifadəyə verilməsi haqda hökumətin qərarını təqdim elədim.   

Mən belə isti qəbulu gözləməyən uşaqların xoşbəxt sifətinə baxanda öz sevinc hisslərim də aşıb-daşırdı. Anar Məmmədxanov cavab nitqində məni “xaç atası” adlandıranda isə açığı, qələbəyə görə qürur hissimin həddi-hüdudu olmadı.

***

İllər keçdi... O vaxtdan Azərbaycanda çox şey dəyişib. Əfsus ki, Leonid Vaynşteyn, Rauf Gülməmmədov, Anar Məmmədxanov dünyadan köçüblər. Ölkədə hakimiyyət də dəyişib və o, bu gün özünün sələfləri haqda yalnız neqativ düşünənlərin əlinə keçib. Niyə gərəsən? Məgər bizim hamımızın ölkəsi bir deyil? Və məgər bizləri birləşdirən ümummilli dəyərlər yoxdur? 

Mən bu barədə tez-tez düşünürəm və ağıllı bir cavab tapa bilmirəm... Bəlkə ona görə ki, o zaman bizim aramızda, sponsorlar və sadə azarkeşlər arasında hazırkı hakimiyyətin qurucusu və davamçısı olmayıb? Hər nə isə... Bu məqaləni məqsədi ayrıdır. 

*** 

O gün “Bakılı oğlanlar” komandasından olan, mənim “xaç oğulları”mdan biri Tahir İmanov müsahibə verərək deyib ki, guya o vaxt onlara heç kim kömək etməyib. Belədə ondan sadəcə soruşmaq istərdim: nəyə görə, Tahir? Ona görə ki, mən sizə o qədər vaxt sərf elədim, qələbənizə qəlbimi qoydum? Mən hələ sərf edilən böyük dövlət vəsaitlərini, şəxsi vəsaitlərimi demirəm.    

Bu gün Moskvadakı qələbəmizin tarixçəsini xatırlatmaqla ilk növbədə ona kədərlənirəm ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra bir başqası yox, məhz “Bakılı oğlanlar” komandasından olan mənim “xaç oğullarım” siyasi situasiyanın nəbzini çox tez tutublar və çox da fikirləşmədən 22 il öncə qazandıqları qələbəyə görə minnətdar olmalı olan bir hakimiyyətin nümayəndələrini səhnədə öz hücumlarının hədəfləri qismində seçiblər. Tahir İmanovun müsahibəsi buna növbəti sübutdur. 

Ancaq bütün bunlara rəğmən, əgər məndən bu gün soruşsaydılar ki, həmin uşaqlara yenə kömək edərdinmi? Əminliklə cavab verərdim: “Bəli, bəli və min dəfə bəli! Çünki o zaman uşaqlara kömək eləməklə mən ölkəmə kömək eləmişəm”.

Ramis Yunus, politoloq  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR