İsa Qəmbərdən gənclərin məhkəməsində sərt sözlər - (Foto-Yenilənib-Video)
Cavid Hüseynovun sədrlik etdiyi prosesdə, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Avropa Birliyinin Azərbaycan nümayəndəliyi, Amerika Birləşmiş Ştatlarının və Almaniya Respublikasının səfirliklərinin nümayəndələri və digər müxalifət funksionerləri iştirak ediblər.
Məhkəmə prosesində iştirak edən Müsavat Başqanı İsa Qəmbər hakimlərə iradını bildirib: “Siz cavan uşaqları qanunsuz olaraq həbsdə saxlayıb, gecə evinizdə necə yatırsız? Ağsaqqal adamsız, ayıb olsun sizə ”.
Hakim İ. Qəmbərdən zalı tərk etməyi tələb edib. Müsavat başqanı məhkəmə salonunu tərk edib.
İsa Qəmbərin hakimlə dialoqunu olduğu kimi təqdim edirik:
Prosessual Məcəllənin tələblərinin pozulması ilə bağlı vəsatətlərdən danışarkən İsa Qəmbər replika atıb:
- Bu məhkəmənin özü başdan ayağa pozuntudur.
Hakim:
- Kimdir o?
- Mən.
- Qalx ayağa.
- Xeyir ola? Sizin kimi hakimin qarşısında ayağa qalxmaq olmaz. Ağsaqqal adamsız, günahsız uşaqları burda dəmir barmaqlıqlar arxasında saxlayıb axşam evdə necə rahat olursuz? Bu cür ağsaqqallardır günahsız uşaqları həbs edib sonra da yekə-yekə Prosessual Məcəllədən danışırlar.
Bundan sonra İsa Qəmbər üzünü dəmir barmaqlıqlar arxasında olan səkkiz gəncə tutub:
- Millətin sütunu sizsiniz! Biz sizinlə fəxr edirik! Eşq olsun sizlərə! Gün gələcək biz ölkəmizi xilas edəcəyik! Bağışlayın ki, bu tamaşanı bundan artıq izləməyə səbrim çatmır.
İsa Qəmbər nitqini bitirdikdə gənclər onu alqışlayıb. Məhkəmə binasının qarşısına toplaşanlar da alqış səslərinə alqışla cavab veriblər.
Daha sonra prosesdə Zaur Qurbanlı və İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov vəsatətlə çıxış edib. O, müdafiəsinə qalxdığı şəxslərin yanında əyləşmələri, prosesdə audio və video çəkilişlər aparılmasına icazə verilməsi, İ. Rüstəmzadəyə xuliqanlıqla bağlı verilmiş ittihama xitam verilməsi barədə vəsatət qaldırıb.
Vəkil bildirib ki, İ. Rüstəmzadənin əməlində heç bir xuliqanlıq halları yoxdur. Vəkil Z. Qurbanlının digər vəkili Aslan İsmayılovun cinayət işinin materialları ilə tanış olmağa heç bir şərait yaradılmadığını bildirib. O baş vermiş bu qanun pozuntusuna görə, gənc fəal barəsində olan cinayət işinə xitam verilməsi və yenidən istintaq orqanlarına qaytarılması barədə vəsatət verib.
Cavid Hüseynov vəsatətlərin növbəti prosesdə müzakirəyə çıxarılacağını bildirib.
Proses noyabrın 21-i saat 15:00-a təxirə salınıb.
Toğrul İSMAYIL
Video, Fotolar: Məhəmməd TÜRKMƏN, TURAN






