İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Qəmbər: “Milli Şuraya daxil olan bəzi qüvvələr Müsavata qarşı kampaniya aparır”

2360 13.07.2013 16:22 Son xəbər A A
“Milli Şuranın daxilində boykota meylli qüvvələr var. Seçkilərin boykot edilməsi isə yolverilməzdir”. APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya məclisinin toplantısındakı çıxışı zamanı deyib.

 İ. Qəmbər bildirib ki, vahid namizəd konsepsiyası ilə bağlı mövqelərini açıqlayarkən vahid namizədin qeydə alınmaması ehtimal olduğunu da deyiblər: “Belə olanda isə düşərgə seçkilərdən kənarda qala bilər. Bu ən pis variantdır və yolverilməzdir”.

 Müsavat başqanı müxalifətdə boykota meylli qüvvələrin olduğunu deyib: “Əvvəl deyirdilər ki, ölkədə seçki mühiti yoxdur, öncə mübarizə aparıb mühiti demokratikləşdirməliyik və sonra namizəd irəli sürməliyik. Amma Milli Şuranın sessiyasında da qeyd elədiyim kimi, nədənsə Milli Şura yaranan kimi bu qüvvələrin yadından çıxdı ki, demokratik mühit yaratmaq lazımdır. Halbuki biz öncədən deyirdik ki, demokratik mühit lazımdır, ancaq bunu yaratmaq bizim mübarizəmizdən keçir. Demokratik mühiti yaratmağın ən böyük vasitələrindən biri də seçki kampaniyasıdır. Seçki yolu ilə hakimiyyətə gəlmək, onu dəyişmək istəyən qüvvələr seçkilərdə mütləq seçkilərdə iştirak etməlidirlər. Bu, o qədər aydın məntiqdir ki, bunu başa düşməyənlərin ya səviyyəsinə, ya da səmiyyətinə şübhə etməliyik. Bizim narahatlığımız da məhz bununla bağlıdır”.

 İ. Qəmbər Milli Şuraya daxil olan bəzi qüvvələrin Müsavat Partiyasının seçkilərdə iştirakının qüvvədə saxlanmasından narahat olduğunu, partiyaya qarşı kampaniya apardığını vurğulayıb: “Bizim seçkilərdə iştirak qərarımızın qüvvədə saxlanması Milli Şurada normal qarşılandı. Hətta Rüstəm İbrahimbəyov öz müsahibələrində bunu normal qarşıladığını, məntiqli olduğunu bəyan etdi. Bəzi müsahibələrində isə özünün qeydiyyatdan keçməyəcəyi təqdirdə, başqa namizədlərə, mənim adım çəkiləndə isə konkret demişdi ki, İsa Qəmbərə səs verməyə çağıra bilər. Sonra görünür ki, fərqli maraqlar özünü göstərməyə başladı. Bizim vahid namizəd iddiamızın olmamasına baxmayaraq, bəzi həmkarlarımız həyəcanlanmağa başladılar. Narahat oldular ki, birdən bu variant gerçəkləşə bilər. Belə təsəvvür yaranır ki, ölkədə təkcə hakimiyyət üçün yox, hətta demokratik düşərgədəki bəzi qüvvələr üçün də əsas məsələ Rüstəm İbrahimbəyovun vahid namizəd olması deyil, Müsavatın, İsa Qəmbərin seçkilərdə iştirak etməməsidir. Bunu açıq şəkildə onların davranışından, mövqelərindən görmək olur. Bəzi dostlarımız bizim əleyhimizə kampaniyaya başlayıblar. Sosial şəbəkələrdə, bölgələrdə təbliğat qururlar. Təbii ki, insanları aldadırlar, deyirlər ki, Müsavat Partiyası vahid namizəd ideyasının əleyhinədir. Halbuki biz aydın şəkildə deyirik ki, bizim narahatlığımız Milli Şuranın, demokratik düşərgənin seçkilərdən kənarda qalmasıdır. Açıq şəkildə deyirik ki, Milli Şura seçkiləri boykot etmək üçün yaranmayıb, Milli Şuranın yaradılmasında məqsəd məhz seçkilərdə iştirakdır”.

İ. Qəmbər boykot tərəfdarlarını bunu açıq etiraf etməyə çağırıb: “Kimsə boykot tərəfdarıdırsa, bunu açıq şəkildə desin. Kimsə seçkilərdə iştirak tərəfdarıdırsa, onda o suala cavab versin ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması şəraitində Milli Şura nə etməlidir?”

Müsavat başqanı Milli Şurada onun əleyhinə olanların varlığı da açıq söyləyib: “Cəmiyyətin tam əksəriyyəti Müsavat Partiyasına, onun namizədinə səs versə belə, Milli Şurada elə partiyalar var ki, bu, onlar üçün məqbul deyil. Onlardan incimirik, bu da onların mövqeyidir. Zamanında hər kəs xalqın, tarixin qarşısında cavab verəcək”.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR