İnsanlara hürriyət, millətlərə istiqlal!

İri şirkətlər kiçik və orta sahibkarlığın inkişafına necə təkan verir?

1409 22.08.2020 08:00 KİVDF layihələri A A

İqtisadçı-alim: “Azərbaycan Türkiyə təcrübəsindən yararlanmalıdır”

Müasir dünyada kiçik və orta müəssisələrin dünya iqtisadiyyatında rolu və payı çox böyükdür. İnkişaf etmiş ölkələrin hamısı məhz kiçik və orta sahibkarlığın hesabına iqtisadiyyatda böyük uğurlar əldə edə bilib. Təsadüfi deyil ki, hazırda inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda, həmçinin məşğulluğun təminatında kiçik və orta müəssisələrin payı 50-80 faiz ətrafında dəyişir.

Azərbaycanda isə indiyədək kiçik və orta sahibkarlığın inkişafına dair çoxsaylı proqram və sənədlər qəbul olunsa da, bu sahədə ciddi nəticələrin əldə olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda 244883 mikro, kiçik və orta sahibkarlıq subyekti olub. Bunun çox mühüm hissəsi - 237815-i mikro sahibkarlıq, 4930-u kiçik sahibkarlıq, cəmi 2138-i isə orta sahibkarlıq subyektidir. Ümumilikdə bu sahibkarlıq subyektlərinin 218494-ü fərdi sahibkardır - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

2018-ci ildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yaratdığı əlavə dəyərin həcmi 9 milyard 836,6 milyon manat olmaqla ölkə ÜDM-də payı cəmi 13,4 faiz təşkil edib. Buna baxmayaraq, ölkə üzrə işçi sayının 42,9 faizi bu sahibkarlıq subyektlərinin payına düşür. Bu pay əsas kapitala investisiyalarda 41,8 faiz, Yüklənmiş malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin dəyərində isə 20,9 faiz təşkil edib. Orta sahibkarlıq subyektlərinin ölkə üzrə əlavə dəyərdə payı 5,6 faiz, işçi sayında 26,1 faiz, əsas kapitala investisiyalarda 18,5 faiz, yüklənmiş malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin dəyərində isə cəmi 9,6 faizdir.

Dünya təcrübəsi göstərir ki, kiçik müəssisələr bazar şərtlərinə uyğun mobilliyi təmin edir, dərin ixtisaslaşma və kooperasiyalaşma yaradır. Hazırda kiçik və orta müəssisələr istehsal, ticarət, məşğulluqla yanaşı, tədqiqat və elmi istehsal işləmlərində də mühüm rol oynamaqdadır. Baxmayaraq ki, elmi potensialın böyük hissəsi iri müəssisələrdə cəmləşib, əldə olunan yeni məhsulların sürətlə populyarlaşması, kommersiyalaşmasını kiçik və orta müəssisələr həyata keçirirlər.

Strategiya.az - QLOBAL İQTİSADİ ÇAĞIRIŞLAR ŞƏRAİTİNDƏ KİÇİK VƏ ...

Kiçik müəssisələrin iqtisadiyyatda bir mühüm rolu da onların kəskin rəqabət mübarizəsi şəraitində daim inkişaf etməyə, yenilənən bazar qaydlarına mümkün qədər tez uyğunlaşmağa məcbur qaldıqlarına görə ümumi inkişafa təkan vermələridir. Bu müəssisələrdə iri şirkətlərlə müqayisədə əməyin effektivliyi daha yüksək olur. Onlar daha az xərclə çatışmayan məhsullara olan tələbatı ödəməyə, xammal tapmağa və bu zaman məşğulluğa böyük töhfə verməyə müvəffəq ola bilirlər. ABŞ-da 30 milyona yaxın kiçik müəssisə məşğulluğun təminatında 60-80 faiz yer tutur. Bu ölkədə kiçik müəssisələr irilərdən 13 dəfə artıq patentə sahibdir.

Bir çox hallarda ixtisaslaşmış və kooperasiyalarda birləşmiş kiçik və orta müəssisələr böyük korporasiyaların təsir dairəsinə düşürlər. Lakin statistika onları müstəqil vahidlər kimi qəbul edir. Hazırda dünyada geniş yayılmış trendlərdən biri də iri şirkətlərin kiçik və orta sahibkarlığın inkişafında rolunun artmasıdır. İri korporasiyalar ötən əsrin ortalarından etibarən hər şeyi özləri istehsal etməkdən, daha çox hazır komponentlərlə işləməyə başlayıblar. Xüsusilə maşınqayırma, elektron sənayesində yüzlərlə xırda müəssisələr ana şirkətin ətrafında toplaşırlar. Onların hər biri bir və ya bir neçə detalın istehsalında ixtisaslaşır, vahid bir məhsulun istehsalı üçün çalışdıqlarına görə asanlıqla birliklər formalaşdıra bilirlər. İri müəssisələr onlara bir çox hallarda maliyyə və texniki yardım da edirlər. Beləliklə, əksər hallarda iri müəssisələrin təchizatı ilə məşğul olan böyük klasterlər yaranır. Məsələn, İtaliyada məşhur brend məhsulların istehsalı bu prinsip əsasında təşkil olunur. Çox uğurlu əməkdaşlıq formalarından bir hesab olunan ixtisaslaşmış klasterlərin yaradılması metodundan kiçik və orta sahibkarlığı inkişaf etdirməyi hədəfləyən əksər ölkələr istifadə edirlər. Müasir dövrdə əksər inkişaf etmiş ölkələrdə kiçik müəssisələrin ixtisaslaşma və kooperasiyalaşma nəticəsində iri sahəvi strukturlara çevrilməsi tendensiyası da güclənib.

Avtomobil istehsalı kəskin azalıb – 27 faiz - Abc.az

İri şirkətlər tərəfindən kiçik müəssisələrlə əməkdaşlığın bir forması da uzunmüddətli istifadə üçün olan məhsulların (avtomobil, soyuducu, televizor, paltaryuyan maşın və sair) istehsalı təmir, qulluq kimi sənaye xidmətləri üçün kiçik müəssisələr qrupunun cəlb olunmasıdır. Əksər hallarda, iri şirkətlər bu işə müəyyən təlim keçdikləri kiçik müəssisələri cəlb edirlər.  Beləliklə, bir məşhur istehsalçı onlarla ölkədə təmir və qulluq müəssisələrinin inkişafına təkan vermiş olur.

Hazırda dünyada iri şirkətlərin kiçik müəssisələrlə işbirliyinin əsasında françayzinq (ingiliscə “franchise” sözündəndir, mənası iştirak hüququ, imtiyaz deməkdir) müqavilələri dayanır. Belə müqavilələrlə iri şirkətlər müxtəlif ölkələrdə, bir ölkənin müxtəlif əyalətlərində öz məhsullarının satışı, daşınma, təqdim etdikləri xidmətlərin göstərilməsi hüququnu kiçik firmalara verirlər. Həmin firmalar əsas şirkətin istehsal, satış, xidmət standartlarına əməl etməyi üzərlərinə götürürlər. Bir çox hallarda əsas şirkət bu standartları öyrətmək üçün kiçik müəssisələrə təlim keçirlər. Eyni zamanda böyük şirkətlərin adından, məhsulundan istifadə etməyin müqabilində kiçik müəssisələr onlara müəyyən haqq da ödəyirlər. Belə müqavilələr ictimai iaşədən tutmuş, hotelçilik, mehmanxana biznesinə qədər çoxsaylı sahələrdə bağlanır.

Mikro, kiçik, orta və iri sahibkarlar kimlər olacaq? - YENİ QƏRAR ...

Azərbaycanda iri şirkətlərin (həm dövlət, həm də özəl) kiçik və orta sahibkarlığın inkişafında ciddi rol oynadığını söyləmək mümkün deyil. Hətta bir çox sahələrdə iri şirkətlər inhisarçı mövqelərini qorumaq üçün kiçik və orta sahibkarlığın inkişafı qarşısında əsas maneəyə çevriliblər. Bundan əlavə, iri dövlət şirkətləri belə kiçik müəssisələrə hansısa işi, xidməti qohumluq, yaxın tanışlıq əlaqələri əsasında verirlər. Əksər hallarda, bu iş və xidmətlər iri dövlət şirkətlərinin rəhbərliyinin yaxın adamlarına məxsus müəssisələrə verilir. Belə yaxınlıq əsasında bir çox hallarda bir müəssisə iri dövlət şirkətindən ən müxtəlif sahələr üzrə iş və xidmətləri ala bilir. Bu isə kiçik müəssisələrin bir iş və ya xidmət üzrə ixtisaslaşması prinsipinə zidd olmaqla, müvafiq sahələrdə sağlam rəqabət mühitinin formalaşmasına,  dərin ixtisaslaşmaya, nəhayət, keyfiyyətin yüksəlməsinə imkan vermir.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev qeyd edir ki, dünyada kiçik və orta sahibkarlığın inkişafına bazar şərtləri ilə yanaşı, iri müəssisələrin yaratdığı imkanlar da mühüm təsir göstərir: “Lakin müasir dünyada kiçik və orta müəssisələrin dünya iqtisadiyyatında rolu və payı çox böyükdür. İnkişaf etmiş ölkələrin hamısı məhz kiçik və orta sahibkarlığın hesabına iqtisadiyyatda böyük uğurlar əldə edə bilib. Təsadüfi deyil ki, hazırda inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda, həmçinin məşğulluğun təminatında kiçik və orta müəssisələrin payı 50-80 faiz ətrafında dəyişir. hər hansı inzibati üsullarla tənzimlənmir. Sadəcə, bazarın tələbləri iri şirkətlərin özlərinin kiçik və orta müəssisələrin xidmətlərinə üz tutmağa vadar edir. Bunun Azərbaycanda da baş verməsi üçün bazar iqtisadiyyatının təməl prinsiplərinə uyğun iqtisadiyyatın, münasibətlərin olması lazımdır. Eyni zamanda, ölkədə böyük təchizat zəncirinə malik istehsal sahələri inkişaf etməlidir: avtomobil, elektron əşyalar və sair məhsullar üzrə. Yəni dünyada məhz belə məhsulların istehsalı sahəsində təchizat zənciri formalaşır. Lakin biz bu gün Azərbaycanda belə təchizat zəncirinə malik istehsal sahələrinin inkişafını görmürük. Xüsusilə emal sənayesinin aşağı inkişaf səviyyəsi belə zəncirlərin olmamasına gətirib çıxarır. Bizdə əsasən büdcə vəsaitlərinin xərclənməsinə hesablanmış məmur biznesi üstünlük təşkil edir. Müxtəlif iri dövlət şirkətlərinin ehtiyacları yerli deyil, daha çox xarici məhsullar hesabına təmin olunur - qiymət şişirtmələri imkanları daha geniş olduğuna görə. Bütün bunlar Azərbaycanda iri biznesə bağlı kiçik müəssisələr şəbəkələrinin formalaşmasına imkan verməyib”.

A.Mehtiyev iri dövlət şirkətlərinin kiçik və orta sahibkarlığa töhfəsini müəyyənləşdirmək üçün onların satınalmalarına diqqət yetirməyin gərəkdiyini bildirir: “Bu satınalmalardan görünür ki, bir çox hallarda şirkətlər yalnız bir və ya bir neçə əməliyyat üçün yaradılır, tenderlərdə qalib çıxarılır, icra müddəti başa çatan kimi isə ləğv olunur. Yaxud bir müəssisə-şirkət bir neçə il ərzində eyni dövlət qurumundan onlarla çox müxtəlif istiqamətli iş və xidmətlərin sifarişini alır. Normal bazar qaydaları kiçik və orta sahibkarlığın belə çoxsahəli fəaliyyətini mümkünsüz edir”.

Malayziya təcrübəsindən danışan iqtisadçı-alimin sözlərinə görə, dövlət iş və xidmətlərin satışında yerli sahibkarlara üstünlük verilməsini nəzərdə tutan güzəştlər təqdim edib: “Nəticədə tezliklə ölkədə emal və istehsal sənayesində az qala bütünlüklə yerli detal və xammaldan istifadəyə keçid təmin olundu. Yəni dövlət inzibati üsullarla deyil, stimullaşdırma ilə iri şirkətləri yerli kiçik və orta müəssisələrlə əməkdaşlığa yönəltdi. Azərbaycanda son vaxtlar hökumət müxtəlif güzəştlər tətbiq etməklə sahibkarlığı inkişaf etdirməyə çalışır. Uzun müddətdir Sahibkarlığa Kömək Fondu regionlarda sahibkarlara təlimlər təşkil edir. Lakin bu təlimlər nəticəsində hansısa sahibkarın yetişməsi barədə məlumat verilmir. Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlığın inkişafına kompleks yanaşma olmasa, uğur əldə etmək mümkün deyil. Türkiyədə kiçik və orta biznesin inkişafı sahəsində çox yaxşı bir təcrübə var. Orada orqanize sənaye bölgələri adlandırılan klasterlər yaradılır. Demək olar ki, bütün iri şəhərlərin ərazisində belə klasterlərin formalaşdırılması üçün geniş yerlər ayrılıb. Klasterlər kooperativlər, yaxud səhmdar cəmiyyət formasında orada fəaliyyət göstərən biznesin özü tərəfindən idarə olunur. Orada minlərlə, bəzən on minlərlə kiçik müəssisə fəaliyyət göstərir. Azərbaycanda bunun kiçik forması olaraq sənaye məhəlləsi, sənaye parkları yaradılması təcrübəsi tətbiq olunur. Lakin əsasən dövlət məmurları tərəfindən idarə olunan bu məhəllə və parklarla bağlı ciddi uğurun əldə olunduğunu söyləmək mümkün deyil. Düşünürəm ki, Azərbaycanda bu məsələdə Türkiyə təcrübəsindən yararlanmaqla böyük işlər görülə bilər”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR