İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın bitməyən təxribatçı mövqeyi - məğlub ölkə Azərbaycana şərt diktə edir

680 14.03.2023 13:07 Siyasət A A

Bakıdan reaksiya: “İrəvan bilərəkdən Azərbaycanın qəbul etməyəcəyi, etməsinin mümkün olmadığı təklifləri, şərtləri irəli sürmək paktikasını davam etdirir”

Ermənistan Qarabağdakı bir ovuc erməni icmasının məsələsini bəhanə edib Azərbaycanla sülh müqaviləsini ləngitməyə davam edir. Bu isə bəzi xarici güclərin, xüsusən də Rusiya və İranın işinə tam yarayır. Çünki sülh sazişinin imzalanması, sərhədlərin dəqiqləşməsi ilə hər iki ölkənin bölgəmizə müdaxilə imkanları minimuma enəcək.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın martın 11-də AzadlıqRadiosunun erməni xidmətinə verdiyi müsahibə isə Bakı-İrəvan danışıqlarına faktiki son qoyur, çünki orada Qriqoryan açıq şəkildə bəyan edib ki, “Qarabağın təhlükəsizlik məsələsi” həllini tapmayınca Paşinyan hökuməti sülh müqaviləsi imzalamaq fikrində deyil.

“Bakı Qarabağ erməniləri ilə ultimatum dilində danışmağa çalışır və müxtəlif vasitələrlə Dağlıq Qarabağa təzyiq göstərməyə davam edir. Mən Laçın dəhlizinin blokadasını, eləcə də təxribat və terror fəaliyyətini nəzərdə tuturam. Əgər kimsə yekun nəticəni əvvəlcədən müəyyənləşdirməyə başlasa, o zaman bu danışıqlar çətin ki, irəli getsin”, -Qriqoryan bildirib.

Xatırladaq ki, A.Qriqoryan erməni tərəfdən Azərbaycanla danışıqlar prosesinə məsul edilmiş 3 əsas şəxsdən (Nikol Paşinyan və Ararat Mirzoyanla birgə) biridir. Yəni bununla o, yüzdə-yüz rəsmi İrəvanın mövqeyini ifadə edir.

“Ona görə də danışıqların baş tutması üçün müzakirə imkanı yaratmaq, anlaşmalar çərçivəsində qalmaq lazımdır. Biz təhlükəsizlik və hüquqları müzakirə etməyə razılaşdıq. Beynəlxalq mexanizm Stepanakertlə (Xankəndi-red.) Bakı arasında danışıqlar və ya müzakirələr üçün nəzərdə tutulub və müzakirələr nəticəsində mexanizmlər yaradıla bilər”, - deyə erməni rəsmisi ardınca vurğulayıb.

Onun sözlərinə görə, mexanizmlərdən biri də “Dağlıq Qarabağın təmas xətti ətrafında hərbsizləşdirilmiş zonanın yaradılması” ola bilər. “Bu hərbsizləşdirilmiş zona Dağlıq Qarabağ üçün təhlükəsizlik təminatları yaradacaq”, - deyə Qriqoryan iddia edib.

Göründüyü kimi, rəsmi İrəvan yenə arzularını gerçək kimi qələmə verməyə çalışır, guya Bakı-Xankəndi danışıqları ilə bağlı hansısa beynəlxalq mexanizm haqda razılıq əldə olunduğunu iddia edir, hətta heç vaxt qəbul edilməyəcək yeni-yeni şərtlər irəli sürür .

Hansı “Dağlıq Qarabağ” və onun “perimetrlərindən”, “təmas xətti”ndən söhbət gedir, görəsən? Azərbaycanda belə bir inzibati ərazi vahidi, “təmas xətti”-filan yoxdur. Qarabağ iqtisadi zonası var, onun da kiçik bir hissəsində müvəqqəti olaraq Rusiya SMQ-i yerləşib. Beləcə, məğlub ölkə bizimlə az qala şərt dilində danışır. 10 noyabr sənədinin özünə aid öhdəliyini (4 və 9-cu bəndlər) hələ də yerinə yetirmədiyi halda, o sırada Qarabağdan qanunsuz silahlı birləşmələri tam çıxarmadığı halda, üstəlik, mifik Dağlıq Qarabağ ətrafında “hərbsizləşdirilmiş zona”, “təhlükəsizlik zolağı” yaratmaq şərtini irəli sürür.

Bu məsələlərlə bağlı ciddi təhlillər aparılsın" - AYDIN HÜSEYNOV

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirib ki, Ermənistanın indi də “Dağlıq Qarabağın təmas xətti ətrafında hərbsizləşdirilmiş zonanın yaradılması” söhbətini ortaya atması onların sülh sazişi imzalamaq fikrində olmadığını bir daha nümayiş etdirir: "İrəvan bilərəkdən Azərbaycanın qəbul etməyəcəyi, etməsinin mümkün olmadığı təklifləri, şərtləri tez-tez irəli sürmək taktikasını davam etdirir. İndi də bu fikri ortaya atırlar ki, sülh danışıqları baş tutmasın. Ermənistan ötən ilin sonlarından sülh danışıqlarını pozub. Dekabrın 7-də Brüsseldə Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaqdı. O zaman da Ermənistan Makronun görüşdə iştirakını istədiyini bəyan edərək görüşün baş tutmasına imkan vermədi. Ermənistan sülh istəmədiyini, vaxt udmaq məqsədi güddüyünü yenə də bu cür şərtlərlə açıq ortaya qoyur. Ancaq unudur ki, hər keçən gün əslində ermənilərin-Ermənistanın zərərinə işləyir. Azərbaycan güclü və qalib ölkədir. Qalib ölkə ilə şərt dilində danışmaq mənasızdır, gülüncdür. Şərt ədalətsiz və Azərbaycan qanunlarına tamamilə zidd olduğu halda isə ümumiyyətlə, gülünc və mənasızdır. Qarabağ Azərbaycan ərazisidir və bütün dünya bunu belə tanıyıb. Azərbaycanın ərazisi daxilində hər hansı təmas xətti yoxdur. Qarabağda separatçı silahlı erməni quldur dəstələri mövcuddur və onlar ya 10 noyabr üçtərəfli bəyanatının şərtləri əsasında ərazidən çıxarılmalıdırlar, ya da Azərbaycan Konstitusiyasının və beynəlxalq qanunların verdiyi hüquqdan istifadə edərək həmin silahlı dəstələri tərk-silah edəcək, zərərsizləşdirəcək. Armen Qriqoryan və onun kimiləri buna əmin ola bilərlər. Qalib Azərbaycan Armen Qriqoryan kimilərinin hansısa sərsəm iddiaları ilə öz qanuni ərazisindən, Qarabağdan öz silahlı qüvvələrini geri çəkəsi və silahlı erməni quldurları üçün şərait yaradası deyil. Qriqoryanın son təklifinin Ermənistanın sülh danışıqlarından növbəti imtinası olduğunu vasitəçilik etmək istəyən tərəflər də bilməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR