Ermənistan müxalifəti Nikol Paşinyana gələn həftənin 2-ci günü, saat 12:00-dək vaxt verib. Baş nazirə ultimatum göndərilib ki, əgər üç günə şələ-küləsini yığışdırıb dinc yolla hakimiyyətdən getməsə, zorla devriləcək. Hətta o, terrorla hədələnib. Nə olmasa da, bu ölkədə siyasi mübarizədə terror - çoxdan sınanmış və adiləşmiş metoddur. 1999-cu il oktyabrın 27-də parlamentin gülləbaran edilməsini yada salmaq kifayətdir.
Özləri bilər, asi çıxdıqları Allahları bilər. Ancaq bizim üçün maraqlı olan mühüm bir məqam var. Bu da odur ki, 10 noyabr kapitulyasiya sənədinin imzalanmasından sonra düşmən ölkədə cərəyan edən proseslər xırda istisnalarla, bu məğlub xalqın və onun siyasi elitasının rüsvayçı hərbi məğlubiyyətdən əsla dərs götürmədiyini göstərir. Hasil olan qənaət həm də budur ki, Ermənistan iqtidarındakı bir “Müharibə partiyası”nı digər “müharibə partiyası” əvəzləyə bilər. Əsl nonsens yəni.
Bu da əlavə ştrixlər.
Yəqin ki, Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın vəzifəyə keçər-keçməz, misli görünməmiş həyasızlıq və qalib ədası ilə bizə 4 şərt irəli sürməsindən xəbərdarsınız. Bu sarsaq erməni konfliktin “ədalətli həlli” üçün bizdən bir ovuc erməniyə öz müqəddəratını təyin etmə haqqının tanınması, Azərbaycan qoşunlarının 27 sentyabradək olan vəziyyətə qayıtması (bəh-bəh!!) və s. kimi başından yekə tələblərdə bulunmuşdu (Diqqət: Fransa parlamentinin məlum fitnəkar bəyanatındakı təxribatçı tezislərə necə də bənzəyir. Ayvazyan elə bil fransız senatorların dili ilə danışır).
Yəni parlaq hərbi qələbədən və bunca şəhidlər verdikdən sonra biz öz ordumuzu elə öz qanuni ərazilərimizdən geri çəkməli, ardınca “arsax”ın “müstəqilliyi”nə aparan yolu açmalıyıq. Müxtəsəri, sözün bitdiyi yer. Deyirik, bəlkə Ayvazyanın bütün bu “şərtlərinə” əməl etdikdən sonra erməni tərəfindən bir üzr də istəyək və ona üstəlik, təzminat vəd edək?
İndi bunların guya ən ağıllıları, baş diplomatları belə xəyallar qurursa, qafalarında belə sərsəmliklər gəzdirirsə, yerdə qalanlardan nə gözləyəsən? Sanki 10 min fərari hərbçisi olan, yüzlərlə əsgəri hələ də tapılmayan, anaları hər gün küçələrə axışıb itkin düşən (böyük ehtimalla, artıq həyatda olmayan) hərbçi övladları üçün ağlaşan toplum bunlar deyil.
Yaxud 16 müxalifət partiyasının keçdi dövrü üçün baş nazirliyə namizəd kimi sabiq baş nazir Vazgen Manukyanı irəli sürməsi. Bu adam Qarabağda aqressiv separatizmin başında durmuş, hələ də “miatsum” ideyasının tərəfdarı olan avantüristin biridir. Manukyan və bu qəbildən olan məsləkdaşları neçə gündür bir ağızdan bəyan edirlər ki, guya “müharibəni uduzan erməni xalqı yox, Paşinyan və komandasıdır”.
Hətta Xocalı hərbi caniləri, 20 il ölkəyə rəhbərlik etmiş və problemin həllini uzatmaqla məşğul olmuş, öz bədbəxt xalqını “müstəqillik” nağılları ilə şirin yuxuya vermiş Köçəryan-Sərkisyan cütlüyü - “Qarabağ klanı” da kapitulyasiyaya şərik olmaq istəmır. Sanki darmadağın edilən bunların qurduğu ordu deyilmiş. Təsadüfi deyil ki, hər iki faşist-cəllad Manukyanın namizədliyini müdafiə edir.
Amma yenə bunlarla müqayisədə Nikol Paşinyan toya gedəsidir. Yəni iki pisdən daha yaxşısı məsələsi. Hər necə olmasa, Nikol müharibədəki acı məğlubiyyəti şəxsən dadıb və çətin ki, bir də odla oynamağa cürət edə. Başqa yandan, Paşinyan müxalifətin heç də asan sındıracağı qoza oxşamır. Son rəy sorğularına görə isə, onun istefasını əhalinin cəmi 46%-i arzulayır. Demək, bir o qədəri hakimiyyətdə qalmasında maraqlıdır. Bu səbəbə ölkədə vətəndaş müharibəsi istisna olunmur.
Nə isə. “İlanın ağına da lənət, qarasına da”...
“Ermənistan müharibədən dərs götürmədi. Bu müharibənin bizim üçün əsas dərsi isə ötən 25 ildə yaşadığımız illüziyalardan imtinamız olmalıdır. Ötən müddətdə biz reallıqdan təcrid olunmuş şəkildə yaşadıq. Halbuki gücümüzü düzgün hesablamaq, real vəzifələr qoymaq lazım idi. Bunu eləmədik və o səbəbə indi sahib olmalı olduğumuza sahibik. Onu da bilirik ki, Vazgen Manukyan “Ermənilər dünyanın ali millətidir” ideyasının dəstəkçilərindəndir. Bu, o ideologiyadır ki, onun üzündən müharibəni uduzmuşuq. İfrat tərslik və maksimalizm evimizi yıxdı”.
Bu sözlər erməni politoloq Armen Baqdasaryana məxsusdur. Əfsus ki, belə az-çox soyuq başla düşünən erməni təhlilçilər hələ ki, eşidilməz olaraq qalır.
Sonda öz xalqını labüd olaraq yeni fəlakətlərə aparan erməni avantürist yığnağına heç olmasa, gələn həftə Bakıda keçiriləcək hərbi paradı diqqətlə izləməyi və bir daha düşünüb-daşınmağı tövsiyə edirik. Tarixdən dərs götürməyənlər onu bir də yaşamalı olurlar – özü də daha ağır formada...
Zahid SƏFƏROĞLU
Musavat.com