Xocalı qatili Serj Sərkisyanın baş nazir kürsüsünü ələ keçirməsinə etiraz edən on minlərlə erməni Ermənistan paytaxtında həyatı iflic etdi; politoloq: “Ermənistanda və regionda baş verə biləcək istənilən dəyişikliyə hazır olmalıyıq...”
Ermənistan paytaxtında yaşanan hadisələr onu deməyə əsas verir ki, Serj Sərkisyan 2008-ci ildə prezident kürsüsünü qan tökməklə ələ keçirdiyi kimi, baş nazirlik uğrunda mübarizədə də eyni ssenarini tətbiq etmək istəyir.
Mart ayında oyuncaq prezident postuna özünün familiyadaşını “təyin edən” Serj Sərkisyanın konstitusiya dəyişikliyi nəticəsində faktiki olaraq ölkənin birinci şəxsi olacaq Nazirlər Kabinetinin başçısı vəzifəsini asanlıqla ələ keçirəcəyini gözləyənlər yanılıbmış. Son üç gün ərzində İrəvan küçələrində baş verənlər proseslərin qana doğru apardığını deməyə əsas verir.
Keçmiş prezidentin cinayətlərindən bezmiş ermənilər küçə və prospektlərə tökülərək Sərkisyanın rədd olub getməsini tələb edirlər. Bazar günü İctimai Radionun binasını bir neçə saatlıq ələ keçirib xalqa müraciət edən etirazçı qüvvələrin lideri, deputat Nikol Paşinyan nəinki geri çəkilmir, hətta ölkənin paytaxtında hakimiyyəti ələ keçirməyə iddialı görünür. Yazı çapa hazırlanarkən erməni mənbələri Paşinyanın növbəti çağırışını tirajladılar. “Yeni Müsavat” xəbər verir ki, müxalifətçi bir sıra mərkəzi yol və prospektlərdə həyatı iflic etmiş həmvətənlərini Fransa meydanına çağırıb. Bəyan edib ki, meydanda “yüz minlərlə” adam var. Bundan əvvəl isə aksiya iştirakçıları vacib əhəmiyyətli yolları nəzarət altına almışdılar.
Bu səbəbdən də bazar ertəsi səhər tezdən İrəvanın mərkəzi küçələrində avtomobillərin tıxacı yaranıb. Serj Sərkisyanın baş nazir seçilərək hakimiyyətə qayıtmasına qarşı etiraz edənlər yolların ortasında oturub, ya əl-ələ verib nəqliyyatın hərəkətini dayandırıb. Yüzlərlə tələbələr etiraz aksiyalarına qatılıb. Onlar tələbə yoldaşlarını tətilə qoşulmağa çağırırlar. Tələbələr canlı hasar yaradaraq küçələri bağlayır. Bəzi sərnişin və sürücülər narazılıq edir, bəziləri avtomaşından düşüb etirazçılara birləşirlər. Təşkilatçılar sürücü və sərnişinlərdən üzr istəyərək izah edirlər ki, dözümlü olsunlar.
“Müvəqqəti narahatlığa görə dözümlü olmağı xahiş edirik. Bu, daha böyük narahatlıqdan - Serj Sərkisyan mafiyasının hakimiyyətə qayıtmasından - xilas olmaq üçün atılan məcburi addımdır”, - hərəkata rəhbərlik edən müxalif millət vəkili Nikol Paşinyan səsucaldanla elan edib və tərəfdarlarını narazılıq izhar edən digər sakinlərlə mübahisəyə girməməyə çağırıb. Bəzi yerlərdə polis güclə yolları açmağa uğursuz cəhdlər edir.
Qeyd edək ki, Milli Məclisdə çoxluq təşkil edən hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) fraksiyası öz lideri, keçmiş prezident Serj Sərkisyanın namizədliyini irəli sürülmək üçün bazar ertəsi yığışmalı idi və aksiyanın başlıca məqsədi də bu iclasın işini iflasa uğratmaq idi. Şənbə günü hakim partiyanın idarə heyəti aprelin 9-da ikinci prezidentlik müddəti başa çatan Serj Sərkisyanın namizədliyini baş nazir vəzifəsinə təqdim edib. Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini Milli Məclis 17 aprel iclasında səs çoxluğu ilə təsdiq etməlidir. Hazırda hakim partiya öz koalisiya müttəfiqi Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası ilə parlamentdə kifayət qədər səsə malikdir. Nikol Paşinyan İrəvanın mərkəzində mitinq zamanı İrəvan əhalisinə müraciət edərək bazar ertəsi səhər saatlarında, ilk növbədə paytaxt rayonlarını şəhərin mərkəzilə birləşdirən körpüləri bağlamağa çağırıb.

O, əhalini öz şəxsi avtomobilləri ilə körpü üzərindən yol hərəkətini bağlayıb piyada Milli Məclis binası yerləşən Bağramyan prospektinə getməyə çağırıb. “Sizin avtomaşınlarınız körpünün üstündə nasaz ola bilər. Siz onları orada qoyub, piyada parlament binasının ətrafına gedə bilərsiniz” - Paşinyan bəyan edib və yol boyunca İrəvan sakinlərini aksiyaya qatılmağa səsləməyi təklif edib. O, bəyan edib ki, yerüstü nəqliyyatdan başqa, metronun da hərəkəti dayandırılmalıdır. Bunun üçün etirazçılar metro vaqonlarının açıq qapıları arasında yerə uzanarlar. Deputat hətta özü və ya etiraz aksiyalarını təşkil edən fəalların bu gecə həbs olunması təqdirdə, kütləvi itaətsizlik planının qüvvədə qaldığını deyib. “Mən millət vəkiliyəm. Həbs etmək üçün məni parlamentə aparmalıdılar və parlament mənim deputat toxunulmazlığımı ləğv etmək qərarı qəbul etməlidir. Mən parlament tribunasından çıxış edib, gələcək hərəkətlər planımızı deyərəm”, - Paşinyan deyib. Yüzlərlə insan mitinqdən sonra gecəni İrəvanın küçələrində keçirib. BBC Azərbaycan xəbər verir ki, etirazçılar üçün burada bir neçə xarici diaspor ermənilərinin ianələri hesabına pulsuz bufet təşkil edilib.
Nikol Paşinyanın başçılıq etdiyi nümayişçilər Dövlət Tibb Kollecinin binasına daxil olub. Nümayişçilər şüarlar səsləndirərək kollecin ərazisindən keçiblər, dərs prosesi pozulub, tələbələrin bir hissəsi nümayişçilərə qoşulub. Virtualaz.org-un məlumatına görə, bundan əvvəl isə Paşinyanın tərəfdarları Baqramyan prospekti ilə yürüş edərək Yazıçılıq İttifaqının binasına qədər gediblər. Baqramyan prospektinə çıxan yollarda nəqliyyatın hərəkəti iflic olub. Ermənistan Konstitusiya Məhkəməsinin binası önündə polis kordonu qoyulub, üzbəüz isə nümayişçilər toplaşıb.

Paşinyan və tərəfdarları Baqramyan prospekti ilə yürüş edərkən başqa küçədə nümayişçilərlə polis arasında toqquşma olduğunu eşidərək həmin istiqamətə gediblər. Ermənistan KİV-ləri xəbər verir ki, aprelin 16-da İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sərksyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib. Tələbələr Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.
İşğalçı ölkədə baş verənlər, təbii ki, Azərbaycanda həssaslıqla izlənilir. Təkcə ona görə yox ki, Ermənistan Azərbaycan torpaqlarını məhz ölkəmizdə qeyri-stabilliyin hökm sürdüyü dönəmdə işğal edib və biz də fürsət düşən kimi düşmənin cavabını verməliyik. Ermənistanda baş verənlər Qarabağla bağlı aparılan danışıqların da taleyini sual altında qoyur və proseslərin hansı istiqamətdə cərəyan edəcəyi bizimçün mühüm əhəmiyyətə malikdir. Çox yaxşı olardı ki, Qarabağda böyük cinayətlər törətmiş Serj Sərkisyan kimi canini Azərbaycan əsgəri cəzalandırsın. Amma görünür ermənilər özləri də onları fəlakətlər girdabına yuvarlamış Sərkisyanla haqq-hesab çürütmək qərarına gəliblər. Ancaq baş verənlərin miqyası həm də ondan xəbər verir ki, prosesləri tətikləyən ciddi qüvvələr var və bu, təkcə Paşinyanın, başının dəstəsinin işi deyil. Sərkisyanın Rusiya və Qərb arasında vurnuxmasının cavabının bir gün veriləcəyi barədə əvvəlki dönəmlərdə çox yazmışıq. Üstəlik, onun prezidentlik kürsüsünə Britaniyadakı səfiri təyin etməsi, Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalaması, üstəlik, Rusiyanın kadri olan Karen Karapetyanı kənara itələyib baş nazir olmaq istəməsinə Kremlin sakit yanaşacağı az inandırıcı idi və artıq Serjin məhşər ayağına çəkilməsi yaxındadır.
“Ermənistanda baş verən hadisələrin əsas səbəbi Serj Sarkisyanın növbəti dəfə hakimiyyətə yiyələnməsinin qarşısını almaqdan ibarətdir”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspertin sözlərinə görə, proses Ermənistan və Rusiya mətbuatının təqdim etdiyi kimi xaotik deyil, idarə olunur: “Ermənistanın paytaxtına gedən bütün yolları, İrəvanın mərkəzi küçə və meydanlarını bağlayıblar. Məqsəd parlamentin ölkənin paytaxtından kənarda keçirilməsi ehtimal olunan toplantısına mane olmaqdan ibarətdir. Hazırda aksiyalar Nikol Paşinyanın rəhbərlik etdiyi ”Yelk" (“Çıxış”) fraksiyası tərəfindən koordinasiya olunur. “Yelk” siyasi bloku 2016-cı ildə avrointeqrasiya tərəfdarı olan 3 müxalif partiyanın birləşməsi nəticəsində yaranıb".
E.Mirzəbəyli etirazların başında dayanan erməni liderlə bağlı bəzi bilgilər verdi: “Nikol Paşinyan siyasətə jurnalistikadan gəlib. 2008-ci ildə keçirilən prezident seçkilərində Levon Ter-Petrosyanın seçki qərargahının aparıcı üzvlərindən olub. Seçkilər zamanı baş verən qarşıdurmalarda ittiham olunub və haqqında axtarış elan edilsə də, təxminən 1 il ərzində istintaqdan yayına bilib. 2009-cu ildə Sərkisyan rejimi tərəfindən həbs edilib. 2011-ci ildə amnistiyaya düşüb. ”Yelk" Ermənistan parlamentində 9 deputatla təmsil olunur. Paşinyan da daxil olmaqla fraksiyadakı deputatlar Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi ilə sıx əlaqədədirlər. Erməni Milli Konqresi də aksiyalara dəstək verir. “Yelk” Ermənistanda Avrasiya inteqrasiyasın əleyhinə açıq çıxış edən yeganə siyasi qüvvədir".
Ancaq politoloq hesab edir ki, aksiyaları təkcə Sərkisyan faktoru ilə əlaqələndirmək doğru olmazdı: “Prosesə, şübhəsiz ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və sanksiyaların acınacaqlı nəticəsi də təsir göstərib. Ermənistan iqtisadiyyatı birbaşa Rusiyadan asılı olduğu üçün sanksiyaların təsiri bu ölkədə də hiss olunur. Əslində bu aksiyalar Sərkisyandan daha çox Rusiyaya qarşıdır. Erməni siyasətçilərinin cəsarətlənməsinə səbəb olan amil Rusiyanın zəifləməsidir. Hadisələrin qısa bir zaman ərzində normal məcraya dönə biləcəyi bir o qədər də inandırıcı görünmür. Hazıra Sərkisyan ölkədaxili proseslərə tam nəzarət etmək imkanında və səlahiyyətində deyil”.
E.Mirzəbəyli hazırkı situasiyanın Qarabağla bağlı prosesə təsirlərinə də toxundu: “Əgər qarşıdurma baş verərsə, bu, Qarabağ klanının bütövlükdə ölkənin siyasi səhnəsindən silinməsinə gətirib çıxara bilər. Sərkisyanın baş nazirliyi Qarabağ üçün indikindən artıq heç nə vəd etmir. Sərkisyanın baş nazirliyi dövründə ”kartları yenə Rusiya paylayacaq". Əgər Ermənistanda avrointeqrasiya tərəfdarları bu və ya digər şəkildə üstünlük qazanarlarsa, o zaman ola bilsin ki, danışıqlar prosesində ABŞ və Fransa (Avropa İttifaqı) daha çox aktivlik nümayiş etdirəcək. Amma bu aktivliyin münaqişənin ədalətli həllinə gətirib çıxaracağı da az inandırıcı görünür. Bu baxımdan, hesab edirəm ki, Ermənistanda və regionda baş verə biləcək istənilən dəyişikliyə hazır olmalıyıq".
“Bu gün Ermənistan qaynayan qazana bənzəyir. Sabah bu qazan partlayış səviyyəsinə gəlib çıxacaq”. Bunu isə Axar.az-a politoloq Qabil Hüseynli İrəvanda bir neçə gündür davam edən aksiyalara münasibət bildirərkən deyib. O bildirib ki, uzun müddətdir, Ermənistanda hakimiyyət başında Qarabağ klanı əvvəlcə Köçəryanın, daha sonra isə Sərkisyanın timsalında hökmranlıq edir: “Bu müddət ərzində, demək olar ki, Qarabağ klanı təkcə siyasi hakimiyyəti deyil, eyni zamanda iqtisadi strukturların hamısını zəbt edib. Yerli ermənilər, demək olar ki, çox aciz və kasıb vəziyyətdədir. Bu, yerli ermənilərin heysiyyətinə həddindən artıq toxunur. Cəbhədə tez-tez baş verən əsgərlər arasındakı toqquşmalar daha çox Ermənistandan gəlmiş əsgərlərlə sayları az olan yerli Dağlıq Qarabağ erməniləri arasında baş verir”.
P.S. Yazı hazırlanarkən İrəvanda kütləvi etirazlar davam edirdi.






