İrəvan şəhərindəki Hakob Oşakanlı adına 172 saylı orta məktəbdə keçirilən tədbirlərin birində müəllimlərin və erməni uşaqlarının “Rusiya mənim vətənimdir” şüarı altında şəkil çəkdirmələri, əllərini ürəklərinə qoyaraq, Rusiyanın himnini səsləndirmələri Ermənistanda etirazlara səbəb olub.
Avropa.info xəbər verir ki, bu barədə İrəvan ağsaqqallarının parlamentdə “Yelk” fraksiyasının üzvü, təhsil, mədəniyyət və sosial məsələlər üzrə daimi komissiyanın sədri Arayik Harutunyan öz “facebook” səhifəsində yazıb.
Harutunyan tədbir zamanı çəkilmiş şəkilləri paylaşaraq bu sözləri yazıb:
“Siz buranın rus orta məktəbi olduğunu düşünürsüz, lakin bu biabrçılıq İrəvan şəhərində Hakob Oşakanlı adına 172 saylı orta məktəbdə baş verib. Ermənistan vətəndaşı olan şagirdləri “Rusiya mənim vətənimdir” şüarı altında dayandırıblar. Üstəgəl, Rusiya bayrağının rənglərini də bilmələri vacib deyil, amma bu məktəbin direktoru və müəllimləri Ermənistan bayrağının rəng ardıcıllığını bilmədikləri üçün yerin dibinə girməlidirlər. Məktəbin direktoru Qayane Mkrtçyan və müəllimlər Rusiyanı özlərinə vətən hesab etsələrdə, uşaqları bu ruhda tərbiyə etmələri nəinki biabrçılıq həmdə cinayətdir. Rusiyanın himni oxunarkən direktorun əlini ürəyinin üstünə qoymasına təəcüblənmədim”.
Qeyd edək ki, Ermənistanın siyasi-iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdə olmasını anlayan Ermənistan rəhbərliyinin Rusiyaya yarınmaq üçün müxtəlif üsullardan istifadə etməsi erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.







