İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqın dərdi - Bağdaddan dönən yazarın qeydləri

2415 01.09.2018 05:00 Yazarlar A A

Dünya mədəniyyətinin beşiyi hələ də qəbilə-tayfa, camaat zəncirindən qopa bilmir

İraqa səfər etmiş adama geri qayıdanda verilən sual adətən “oralarda vəziyyət necədir?” şəklində olur. Zarafat deyil, söhbət dünyanın ən qeyri-stabil, terrorun, vəhşətin tüğyan elədiyi ölkəsindən gedir. Son 38 ildə İraqda sabitlik olmayıb.

1980-88-ci il İran-İraq müharibəsi, 1990-cı ildə Küveytin işğalı, 1991-ci ildə ABŞ başda olmaqla 32 dövlətin koalisiyası ilə “Körfəz müharibəsi”, ardınca böyük blokada, 2003-cü ildə ABŞ və Britaniyanın hərbi müdaxiləsi, Səddam Hüseyn hakimiyyətinin devrilməsi və ondan sonra sabitləşə bilməyən ölkənin adıdır İraq.

Səfər yazılarında İraqın hazırkı iqtisadi vəziyyətinə toxunmuşdum. Gündəlik 4,4 milyon barrel neft, böyük miqdarda qaz ixracı, münbit torpaqlar və ildə 10 milyona yaxın turist-zəvvar axını olan ölkənin hazırkı çətin vəziyyətinin bir səbəbi var: korrupsiya. İraq korrupsiyadan əziyyət çəkir. Amma bu vəziyyət təkcə istisadi, sosial şərtlərlə bağlı deyil, İraqın indiki vəziyyətinin əsas səbəbi ideolojidir.

Bir ölkə düşünün ki, onun hələ də milli günü, müstəqillik günü bayramı yoxdur. İraqda vətən məfhumu, milli birlik, bütünlük anlayışı necə deyərlər, hələ tam olaraq formalaşmayıb. Ölkə başdan başa qəbilələr, tayfalar, bir az üstdə etnik qruplar, xalqlar, bir az da üstdə dinlər və məzhəblərə görə bölünüb. Bir baxımdan buna fürsət də olmayıb. Məsələ ondadır ki, indiki İraq coğrafi məfhum olaraq hələ çox qədimdən mövcud olsa da, milli bir dövlət olmayıb. Baxmayaraq ki, bir zamanlar 500 ilə yaxın dünyanın ən böyük dövlətlərdən birinin – Abbasi xilafətinin mərkəzi olub. Osmanlı dövründə (1534-1918-ci illər – K.R.) indiki İraq ərazisi 3 əyalətdən ibarət olub. Bunlar şimalda Mosul, mərkəzdə Bağdad, cənubda isə Bəsrə əyalətləri olub. Yəni ayrı-ayrı valilərin idarə etdiyi inzibati ərazi vahidləri. 1921-ci ildə Məkkədən qovulan Şərif Hüseynin üçüncü oğlu Faysal Suriyada bir illik “hakimiyyətindən” sonra qovulur və atasının xidmətlərinə mükafat olaraq 1921-ci ildə İraq kralı elan edilir. Ancaq İraq krallığı və onun kralı Britaniya vassalı idi, iraqlıları isə ingilslər idarə edirdi. Buna baxmayaraq, nə o zaman nə də 1958-ci ildə monarxiya devrilib əsasən hərbçilərin idarə etdiyi respublika illərində İraqda vahid milli birlik ideyası formalaşdı. Ərəblər, kürdlər, türkmənlər, assurilər və digər kiçik etnik qruplar, şiələr, sünnilər, xristianlar, yezidilər kimi dini qruplar və saysız-hesabsız qəbilələr siyasətdə, sosial və iqtisadi həyatda əsas aparıcı faktor rolunu oynayıb.

Sonrakı dövrdə nə nasirçi generallar, nə də “dəmir yumruq” Səddam İraqı bütünləşdirə bildi. Əksinə diktarura, qorxu rejimi və məqsədli bölücülük təbliğatı insanları bir-birindən daha da ayırdı. 2005-ci ildə amerikalıların diktəsi ilə yazılan yeni İraq konstitusiyası ölkəni federal parlament respublikası modelinə keçirdi. Üstəlik hakimiyyət də etnik və məzhəbi xətlər üzərindən bölündü. Prezident kürd, baş nazir şiə, məclis sədri isə sünni olmalıdır. Bu da bölünmənin daha incə və dərin yarası. Buna görə İŞİD meydana çıxaraq Səddamın keçmiş generalları ilə ittifaq qurub Bağdadın 57 kilometrliyinə gələndə də İraq vahid səs ola bilmədi. Əlbəttə buraya kənar ölkələrin də təsirini əlavə etmək lazımdır. İran, Səudiyyə Ərəbistanı, Türkiyə, ABŞ, Böyük Britaniya kimi ölkələr hələ də İraqda ciddi təsirə malikdirlər.

Mənə görə, İraqın bu gün yaşadığı çətinliklərin əsas səbəblərin biri məhz milli birliyin formalaşmamasıdır. İraq hələ də xaricdən olan açıq və qapalı müdaxilələr qarşısında xeyli zəif, kövrək bir ölkə olaraq qalır. Bəşər tarixində mədəniyyətin yarandığı yer olan ölkə bu gün bir çox xalqların yüz illər öncə arxada qoyduğu mərhələni keçə bilmir.

Bu yöndə cəhdlərin olmadığını demək doğru olmazdı. Məsələn, ötən ilin avqusutunda gözlənilmədən Səudiyyə Ərəbistanına səfər edərək vəliəhd-şahzadə ilə görüşən, bununla İranla məsafə saxladığını nümayiş etdirən, seçkilərə kommunistlərlə ittifaqda gedən, ölkənin sünni bölgələrində sosial və siyasi tələblərlə keçirilən aksiyalara dəstək verən şiə din adamı və siyasətçi Müqtəda əs-Sədr fikrimcə, məhz bu tabunu sındırmaq, milli bir siyasi fikir yaratmaq istəyir. İrana, Səudiyyəyə eyni məsafə, məzhəb, etnik fərq qoymadan milli birlik. Ancaq bu, hələlik ilk cəhdlərdəndir. Necə deyərlər, solo ifadır. Fikrimcə, Sədrin mayın 12-də keçirilən seçkilərdə qalib gəlməsi də məhz bununla izah oluna bilər, İraq xalqı da birlik istəyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR