Azərbaycanda səfərdə olan bir qrup iranlı jurnalist bu gün “Yeni Müsavat” Media Qrupunu ziyarət edib. Görüşün təşkilatçısı, İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmməd Rza Nəcəfi bildirib ki, qonaqlar Mazandaran əyalətində fəaliyyət göstərən media orqanlarını - əsasən qəzet, jurnal və saytları - təmsil edirlər. M.R.Nəcəfinin sözlərinə görə, Bakıya gələn jurnalistlər hər il keçirilən media müsabiqəsinin qalibləridir və Azərbaycan, eləcə də yerli media ilə tanış olmaq üçün ölkəmizə səfər ediblər.
Cənab Nəcəfi onu da bildirildi ki, Mazandaran şəhərindən gələn media nümayəndələri azərbaycanlı həmkarları ilə, o cümlədən Mətbuat Şurası və APA Holdinqdə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparıblar.
Qonaqları salamlayan “Yeni Müsavat” media qrupunun rəhbəri qəzet haqqında məlumat verdi. O, bildirdi ki, 1989-cu ildən nəşr olunan gündəlik qəzetlə yanaşı Mediq Qrupa musavat.com, minval.az, minval.info, tr.minval.az saytları daxildir. Rauf Arifoğlu İran və Azərbaycan media orqanları arasında əlaqələrin zəif olduğunu, bu cür qarşılıqlı səfərlərin iki ölkə KİV-ləri arasında əməkdaşlığın qurulması baxımından faydalı olacağını qeyd etdi.
Eyni zamanda qonaqların suallarına cavab olaraq R.Arifoğlu media fəaliyyəti barədə, həmçinin Azərbaycanda medianın hazırkı durumu barədə məlumat verdi. Qonaqlar Azərbaycan mediasının hazırkı durumu, “Yeni Müsavat”ın fəaliyyəti, nəşriyyat və yazıları ilə bağlı çoxsaylı suallar verdilər.
İranlı həmkarlarımız həmçinin, Mazandaran şəhərində fəaliyyət göstərən KİV-lər barədə də məlumat verdilər.
Kənan Rövşənoğlu, musavat.com
Fotolar: Elçin Əkbər






