İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın “normal qonşuluq siyasəti”ndən imtinası

1679 20.10.2022 09:40 Siyasət A A

Tehran tarixi və Azərbaycanın mərdliyini niyə unudur?; cənub qonşumuz odla oynayır; diqqəti daxildəki problemlərdən yayındırmaq üçün “xarici düşmən ovu”na çıxanları ağır aqibət gözləyir; Bakıdan ilginc reaksiyalar

İran Azərbaycana qarşı son davranışları ilə faktiki olaraq “normal qonşuluq və dostluq siyasəti”ndən imtina etmiş kimi görünür. Rəsmi Tehranın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdidləri artıq əndazəni aşır.

Görünən budur ki, cənub qonşumuz vəziyyəti durmadan dramatikləşdirir. İran İnqilab Keşikçiləri Korpusu artıq oktyabrın 17-dən etibarən SEPAH-ın Quru Qoşunlarını, canlı qüvvə və zirehli texnikanı Azərbaycanla sərhədə cəmləyib. Eyni zamanda əraziyə Araz çayından keçmək üçün (?!) üzən körpülər və digər hərbi qurğular göndərilib. Bununla bağlı SEPAH-ın “Twitter” kanalı “TƏCİLİ” qrifi ilə İran əsgərinin Araz çayının Azərbaycanla sərhəddə Xudafərin körpüsü yaxınlığında durduğu və İran ordusunun üzən körpülərinin Araz çayının üzərində açıldığına dair videorolik hazırlayıb. Videonun altında yazılır: “SEPAH "işğal altındakı Şimali Azərbaycan əyalətində" (Bakı) yaşayan iranlılara mənalı mesaj göndərib". Habelə Quran ayəsindən sitat gətirilir: “O zaman ki, biz dənizi yardıq və sizi xilas etdik”.

Çox ciddi təxribat və təhdiddən söhbət gedir. Bununla İran tərəf Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək üzrə olduğunu nümayiş etdirir. Zamanında İran Azərbaycanın hava və su sərhədlərini pozmağa cəhd edərkən Türkiyənin sərt reaksiyası ilə üzləşmişdi. Görünür, Tehranda unudurlar ki, Azərbaycan və Türkiyə arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsinin icraya yönəldilməsi an məsələsidir. Azərbaycan illərdir təzyiqlərə rəğmən, öz ərazisindən İrana qarşı hər hansı fəaliyyətə izn vermədiyi halda, İranda bu, nə dönüklük, nə aqressiyadır? Yəni doğrudanmı İran kəşfiyyatına hansısa məkrli qüvvələr tərəfindən yanlış, Azərbaycanla əlaqələri pozmağa yönəlik saxta məlumatlar, iddialar ötürülüb ki, Tehran da tez-tələsik Arazın üstündən təcavüzkar körpülər atmağın planını hazırlayıb? İranın Azərbaycandakı səfiri Gəncədə olarkən növbəti dəfə dostluqdan, qonşuluqdan danışdı, amma reallıq budur ki, İranın davranışları dostluğa, “od qonşuluğu”na uyğun gəlmir, əksinə, düşmənçilik toxumları səpməyə imkan yaradır.

Son təhdidləri ilə SEPAH Azərbaycanı hədələyərək mesaj verir ki, İran ordusu hər an Araz çayı üzərindən keçərək dost, müsəlman, qonşu, eyni dil, din və mədəniyyətin daşıyıcısı dediyi bir ölkəyə hərbi təcavüz etmək üçün hazır vəziyyətə gətirilib. Özünü İslam dövləti hesab edən, Qurandan sitat gətirən bir dövlətin bu etdikləri həmin dəyərlərə tamamilə ziddir. Görünən budur ki, çürük molla rejimi islami dəyərlərdən, sadəcə, öz məkrli siyasətində istifadə edir. İran illərdir ki, sanksiyalara məruz qalan ölkədir. Uzun zamandır Qərb İranı bombalamaq üçün fürsət və məkan gəzir. Bu prosesin tormozlayıcılarından, İranın bombalanmasının əleyhinə olan, öz ərazilərindən İrana qarşı proseslərdə istifadə edilməsinə imkan verməyəcəyini açıq şəkildə, mərdliklə bəyan edən Azərbaycana qarşı İran rejiminin hazırda etdiyi hərəkətlər, yumşaq desək, namərdlik və nadanlıqdır. Təbii, İran bilir ki, Azərbaycan istəsə, molla rejiminin məhv edilməsi prosesini aparanlara dəstək verər və bununla Tehran çox çıxılmaz bir duruma düşər. Ancaq biz İrandan fərqli olaraq, heç zaman qonşularımıza namərdlik etməmişik və etmərik. Bunun qarşılığında İran niyə normal qonşuluq siyasətindən imtina edir? Yoxsa Tehran rejimi mərdi qova-qova “namərd” etmək istəyir? İranda doğrudanmı anlamırlar ki, bu kimi davranışlar son anda Azərbaycanı İrana qarşı planlara “yaşıl işıq” yandırmağa sövq edə bilər? Elə isə bu cür fəlakətli sonluq fars rejiminin nəyinə lazımdır?

Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar  Çaxmaqlı

Qafar Çaxmaqlı 

Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, İran Azərbaycanla bağlı apardığı siyasətdə heç zaman səmimi olmayıb və indiki durumda da Ermənistanın yanında yer alan siyasət yeritməkdədir: “Normal qonşuluq siyasəti odur ki, qonşunun haqlarına sayqı duyasan və egər Ermənistanla da bu qonşuluq prinsiplərinə sadiqdirsə, o zaman bu ölkənin 30 il boyunca etdiyi işğalçı hərəkətlərə də eyni prinsiplə yanaşmalı idi. İndi hansı hərəkətimiz İranın sərhədlərimizə qoşun yığmasına səbəb olub? Bu, Ermənistanla münasibətlərimizin gərginliyidirsə, bunun İrana nə dəxli var?! Zəngəzur dəhlizinin açılması İranın özünün də yararlanacağı əlaqə vasitəsi, kommunikasiya xətti olacaq. İranın "qırmızı xətt" kimi görmək istədiyi sərhədlərdə Azərbaycan heç bir hərbi əməliyyatlar keçirmir. Ermənistanla artıq razılaşdırılmış dəhlizin açılmasını tələb edir". Q.Çaxmaqlı qeyd etdi ki, İranın iddiaları, sadəcə,  bəhanədir: “Tehran, sadəcə olaraq, Azərbaycanın güclənməsini və Türkiyəni arxasına alaraq, bölgədə söz sahibinə çevrilməsini istəmir. Sərhədlərimizə qoşun yığıb, Araz çayı üzərində hərbi təlim keçirməsi də bu səbəblərdəndir. İkinci tərəfdən, İran son vaxtlar baş verən olaylardan diqqəti yayındırmaq üçün belə addımlar atır. Bu ölkə İraq sərhədlərində də eyni hərbi hərəkətlilik başladıb. Daxildə etiraz və gələcəkdə rejimə qarşı üsyanın qarşısını almaq üçün ola bilsin bu ölkə müharibəyə də girsin. Amma Azərbaycanla bunu etməsinə səbəb yoxdur. İran rejimi Azərbaycanla dost və qonşuluq münasibətlərini qəsdən pozur. İranın bu siyasəti Azərbaycana qarşı provokasiyadır. Düşünürəm ki, bu provokasiyaya əhəmiyyət verməmək ən düzgün siyasət olardı”.

Elxan Şahinoğlu: “Ermənistan hakimiyyətinə bir başqası gələrsə bu Dağlıq  Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd etdi ki, hər bir ölkənin hərbi təlimlər keçirməsi həmin dövlətin müstəsna hüququdur: “Ancaq hərbi təlimlərin məqsədi olur və bir sıra hallarda kiməsə mesaj göndərmək üçün keçirilir. Bu mənada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlərinin məqsədi nədir və kimə mesaj göndərirlər? SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur təlimlərə belə tərif verib ki, guya təlimlər qonşu ölkələr üçün sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Sərhəddə hərbi təlimlərin "dostluqla" nə əlaqəsi var? Həmin generalın cümləsinin davamı belədir: “Hərbi təlimlər düşmənlər üçün İranın digər silahlı qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır”.

İranın ətrafında düşmənmi var? Azərbaycan və Türkiyə sərhədi boyunca İrana təhdidmi var? SEPAH-ın quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian İran silahı qüvvələrinin Araz bölgəsində təlim keçirməsi ilə bağlı SEPAH-ın “Aşura” qanadının komandirləri ilə görüşündə təlimlərin İsraillə bağlı olduğunu deyib: "

İsrailin bölgədə olması ciddi təhlükədir. Region dövlətlərinin silahlı qüvvələri ilə hər hansı yaxın əməkdaşlıq olarsa, bu, region diplomatiyası və təhlükəsizliyi üçün yeni çağırışlar yarada bilər. Buna əhəmiyyətsiz yanaşmaq olmaz"".

E.Şahinoğlu xatırlatdı ki, bölgə ölkələrindən İsraillə sıx əməkdaşlıq edən ölkə Azərbaycandır: “Deməli, İranın hərbi təlimləri Azərbaycana qarşıdır. SEPAH təmsilçisi Azərbaycan və Ermənistanın İran üçün təhlükə olmadığını bildirsə də, "bölgənin sərhədləri dəyişilməməlidir" fikrini səsləndirib. Bu mesaj da Bakıya ünvanlanıb. Çünki Azərbaycan Ermənistan ərazisindəki Qərbi Zəngəzurda dəhlizin açılmasını istəyir. Tehran belə bir dəhlizi İran üçün təhdid kimi qiymətləndirir. Azərbaycan və İran prezidentləri oktyabr ayında Astanada görüşdülər. Bu görüşdən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərində suallar yaradır". Analitik qeyd etdi ki, SSRİ dövründə İran sərhəddə təlimlər keçirmirdi: “Tehran Moskvadan ehtiyatlanırdı. İran daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır? İranın sərhəddə tez-tez keçirdiyi hərbi təlimlər rəsmi Bakının siyasətini dəyişdirməyəcək. Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etməyəcək, Qərbi Zəngəzur dəhlizinin açılması üçün səylərini davam etdirəcək”.

Bəzi xarici dairələrin maşaları cəmiyyəti çaşdırmağa çalışırlar”-Tural  İsmayılov

 Tural İsmayılov

Politoloq Tural İsmayılov isə bildirdi ki, İran uzun illərdir qonşuları ilə normal münasibətlər qurmaq yerinə, nifrət ideologiyasını təbliğ edir: “Nəticədə İran müsəlman çoxluğa malik Azərbaycan və Türkiyə ilə yaxşı əlaqələr yerinə Ermənistan kimi təxribatçı ölkə ilə əməkdaşlıq etmək istəyir. Məscidlərimizdə donuz saxlayan Ermənistanı daim dəstəkləyən İran İslam dəyərlərinə hansı həddə aid olduğunu hər kəsə nümayiş etdirir. Eyni zamanda İran Azərbaycan və Türkiyənin qlobal güc halına gəlməyini həzm edə bilmir. Həmçinin İran Türk dünyasının Zəngəzur dəhlizi vasitəsilə daha da koordinə olunmasını anlamsız şəkildə özünə təhdid hesab edir. Halbuki Azərbaycan və Türkiyənin təklif etdiyi 3+3 İran üçün də yeni əməkdaşlıq meyarları müəyyənləşdirir”.

T.İsmayılov qeyd etdi ki, İran Güney Azərbaycanda insan haqlarına bağlı pozitiv addımlar atmaq yerinə, Azərbaycanın güclənməsindən narahat olur: “Bu baxımdan hər saniyə İrana bağlı təbliğat platformaları ölkəmizə informasiya hücumları edirlər. İran öz cəmiyyətini müsəlman əhalisi olan ölkələrə qarşı qıcıqla yükləyir. Azərbaycan İrana qarşı öz səmimi mövqeyini hər zaman ifadə edib. Bu baxımdan mən hesab edirəm ki, İranın bu ardıcıl düşmənçilik siyasəti Azərbaycan cəmiyyətində İrana qarşı olan antipatiyanı gücləndirəcək”.

Yazı çapa hazırlanarkən da İranda, həmçinin Cənubi Azərbaycanda dinc etirazçıların, o cümlədən azərbaycanlı fəalların, sənət adamlarının, idmançıların, mədəniyyət xadimlərinin, yeniyetmələrin həbsi, repressiyaya məruz qalmaları barədə həyəcanlı xəbərlər gəlməkdə idi. Öz daxilində insan haqlarını kobud şəkildə tapdalayan rejim süni gərginlik yaratmaqla diqqəti daxildəki problemlərdən yayındırmağa çalışır, bu müstəvidə də Azərbaycan türkünə qarşı düşmənçiliyini davam etdirir. “Xarici düşmən” obrazı yaratmaqla İran bu dəfə də xalqı aldadacağını zənn edirsə, yanılır, artıq bu rejimin iç üzü hər kəsə məlumdur. Kəsəsi, ömrünün ən kritik çağını yaşayan İran rejimi odla oynayır...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR