İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın müttəfiqi görün kimdir - məğlub Ermənistan - Polkovnikin məqaləsi

1693 08.10.2021 15:40 Siyasət A A

Çox təəssüf ki, müsəlman ölkəsi olmasına baxmayaraq, İran hər zaman bizə düşmən olan ermənilərə isti münasibət bəsləyib. İşğalçılıq dövründə farslar həmin ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu bildikləri halda, gedib soydaşlarımızın oradakı mənzillərini ucuz qiymətə alırdılar.

Əhalisinin 30 milyonu azərbaycanlılardan ibarət olan bir ölkədə Azərbaycan dilində məktəbin olmaması çox şeyi deyir. Amma cəmi 200 min erməni üçün məktəb açırlar. Bunun adı xəyanət deyilsə, nədir?! Mərmilərlə bağlı aramızda müqavilə olmasına, hətta sazişin şərtlərinə uyğun ödəniş belə həyata keçirilməsinə baxmayaraq, 44 günlük müharibə dövründə vədlərinə xilaf çıxaraq bizə mərmi verməkdən imtina etdilər. Guya müharibə getdiyi üçün bizə mərmi verməyi düzgün hesab etməyiblər. Qafan-Gorus yolunun bağlanmasına gəlincə, bu, sırf Azərbaycanın verə biləcəyi bir qərardır. Müharibədə qalib gəlmişik, torpaqlarımızı işğaldan azad etmişik. Azərbaycan öz ərazisində hansı yolu açıb, hansını bağlayacağına özü qərar verir. Bu, həqiqətdir və bununla barışmaq lazımdır.

İllərdir İran Ermənistan ordusunu silahla təchiz edir və üstəlik, yanacaq-sürtkü materialları qanunsuz olaraq Azərbaycan ərazisindən daşınır. Müharibədən sonrakı dövrdə Azərbaycan bu xoşagəlməz halla bağlı dəfələrlə şifahi xəbərdarlıq etsə də, iki dəfə İrana nota versə də, qarşı tərəf buna məhəl qoymadan öz işinə davam edib.

İran ordusunun sərhədimizdə təlimlərə başlaması, üç korpusluq şəxsi heyəti sərhədə toplaması təbii ki, tərəfimizdən müsbət qarşılana bilməzdi. Niyə müharibədən əvvəl belə təlimlər keçirilmirdi, müharibə dövründə şəxsi heyət sərhədə cəlb olunmurdu?! Məqsəd sərhəddə gərginlik yaratmaqdırsa bu, qətiyyən bizi qorxutmur. 44 gün ərzində dünya hərb tarixində yeni səhifə yazmış bir xalqı 70-ci illərdən qalmış silahlarla qorxutmaq mümkün deyil. Biz yalnız torpaqlarımızı, ərazi bütövlüyümüzü qoruyuruq. Bu haqq işində qardaş Türkiyə, dost İsrail, Pakistan və digər dövlətlər yanımızdadırlar, bizi dəstəkləyirlər. İki-üç gün bundan əvvəl İsrail müdafiə nazirinin İranın hədəflərini vurması haqqında çıxışı, Türkiyənin dörd sərhəd-keçid məntəqəsini İrandan gələn yük maşınlarının üzünə bağlaması, ABŞ Dövlət Departamentinin yüksək məmuru tərəfindən "İranın kaprizlərinə dözməyəcəyik" fikrinin səsləndirilməsi bunu bir daha sübut edir.

İran Azərbaycanla bağlı rəftarında böyük səhv etdi. Bu səhv onu dalana dirəyib. İran Azərbaycana qarşı çıxandan bəri, onu heç kim müdafiə etmir. Bir yoluq məğlub Ermənistanın ümidinə qalıb. Ermənistan dərman bilsə, onu öz başına çəkər.

İran bu dalandan çıxmaq istəyirsə, Azərbaycanla rəftarını dəyişməli, hədə-qorxu ritorikasından imtina etməlidir.

Rövşən Məhərrəmov,
Ehtiyatda olan polkovnik,
Silahlı Qüvvələrin hərbi polisinin keçmiş rəisi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR