İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın İraqdakı bir nömrəli adamı Vaşinqtona meydan oxudu: "Yazıq Amerika, Tramp kimi..."

5436 18.05.2019 03:40 Dünya A A

“Amerika İraqa hücum etsə, İran, Rusiya və Çin bizə dəstək verəcək”

Bin Ladendən müsahibə götürmüş jurnalist “super-terrorçu” ilə görüşmək istəyir

72 yaşlı qocaman ingilis yazıçısı və jurnalisti Robert Fisk (1946) “The İndependent” qəzetinin müxbiri kimi dəfələrlə müxtəlif mükafatlar alıb. O, 40 ildən çoxdur ki, ərəb ölkələrində yaşayır. Suriya və Livan müharibələrində olub. İsrailin fərqli zamanlarda 5 dəfə həyata keçirdiyi işğallar haqqında yazıb. İran-İraq müharibəsi, SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi, Əlcəzairdəki vətəndaş müharibəsi, Səddam Hüseynin Kuveytə hərbi yürüşü, Bosniya və Kosovo müharibələri, ABŞ-ın İraqa müdaxiləsi və işğalı, 2011-ciildə baş vermiş “Ərəb Baharı” haqqında məqalələr müəllifidir. Ərəb dilini yüksək səviyyədə bilir. O, nadir Qərb jurnalistlərindən biridir ki, Usama bin Ladendən 1993-1997-ci illər arasında 3 dəfə müsahibə götürüb.

Robert Fisk ile ilgili görsel sonucu

Robert Fisk

Erməni məsələsində anti-türk və anti-Türkiyə mövqeyində olan birisidir.

Onun “The İndependent”də gedən son məqaləsini kiçik ixtisarla diqqətinizə çatdırırıq. Zəruri məqamlarda isə yazıya bəzi əlavələr də edilib. Ümid edirik ki, həmin əlavələr Azərbaycan oxucusu tərəfindən bəhs edilən mövzunun daha aydın qavranılmasını təmin edəcək.

***

...64 yaşlı Hadi əl-Əmiri İranın İraqdakı bir nömrəli adamı kimi tanınır. O, Iraqin keçmiş nəqliyyat naziridir, eyni zamanda Bədr Təşkilatının rəhbəriridir. Bu təşkilatın əsası 1982-ci ildə İranda qoyulub. İraqda da İran İslam İnqilabı tipli siyasi dəyişiklik həyata keçmək məqsədi güdüb. Bu təşkilat İraq diktatoru Səddam Hüseynə qarşı döyüşlərdə xüsusi fəallıq göstərib. Təşkilatda əsasən İraqdan qaçan bir neçə min mühacir cəmləşmişdi, təbii ki, İranın rəhbərliyi altında rəsmi Tehranın sifarişinə uyğun şəkildə fəaliyyət göstərirdi. İran tərəfdən silahlandırılan Bədr Briqadası İran-İraq müharibəsi zamanı (1980-1988) İranın tərəfində vuruşub. 1991-ci ildə İraqda yerləşən müqəddəs şiə şəhərləri Nəcəf və Kərbəlada Səddam Hüseyn iqtidarıına qarşı üsyan təşkil edib, ancaq az sonra qarşı tərəfin təzyiqləri nəticəsində İrana çəkilmək zorunda qalıb. Hadi əl-Əmiri də İran tərəfindən Səddam Hüseynə qarşı vuruşanlar arasında olub. Hazırda bu təşkilat siyasi partiya kimi ortadadır və bu partiyanın rəhbəri kimi o, İraq parlamentində təmsil olunur. Daha bir önəmli məqam, bu təşkilat İraq dövlətinin İŞİD-ə qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda xüsusi fəallıq göstərib və ön sırada yer alıb.

Hadi əl-Əmiri ile ilgili görsel sonucu

Hadi əl-Əmiri

O, fars dilində sərbəst danışır. “The New Yorker” dərgisinə verdiyi müsahibdə deyir: “Qasım Süleymaniyə böyük rəğbətim var. O, mənim ən əziz dostumdur”. Xatırladaq ki, general Qasım Süleymani İran İslam İnqilabi Keşikçiləri Korpusunun Qüds Briqadasının komandanıdır. Onun hərbi məharəti haqqında əfsanələr dolaşır. Yaxın Şərqdə gedən hərbi münaqişələrə son dərəcə ciddi təsir imkanına malikdir. O, özünü təvazökarcasına “balaca əsgər” adlandırır. ABŞ isə bu yaxınlarda İslam İnqilabi Keşikçiləri Korpusunu terrorçu təşkilat elan edib. “Balaca əsgər”i isə “super-terrorçu” adlandırıb.

ABŞ-ın dövlət katibi Maykl Pompeo bugünlərdə İraqda oldu. Dedi ki, daha İraq İrandan elektrik enerjisi alamamalıdır. Bundan başqa, İraq tərəfi xüsusi diqqət etməlidir ki, iranlılar İraqdakı ABŞ hərbi bazasına hücum etməsin. “The New York Times” bu səfəri “gizliliyə bürünmüş” müəmma kimi xarakterizə edib. Dövlət katibi Hadi əl-Əmiri ilə görüşübmü? Bəlli deyil. Bəlli olan odur ki, Hadi əl-Əmiri İraq-İran münasibətləri ilə bağlı əks fikirdədir. Son açıqlamalarından birində o, deyir: “Amerika yazıq olub, ona Tramp kimi sərsəm rəhbərlik edir. İraqda toplu-tüfəngli, tanklı 180 min ABŞ ordusu vardı (söhbət 2003-2007-ci illər arasında ABŞ və Böyük Britaniyanın liderliyi altında koalisiya qüvvələrinin İraqı işğalından gedir. E.H), ancaq biz onların istək və arzularına baş əymədik. Bu gün biz müstəqil İraq dövlətinin quruculuğunu davam etdiririk. İraq xalqının maraqları naminə regionda olan ölkələrlə əməkdaşlıq edirik. Önəmli İraqın maraqlarıdır, nə ABŞ-ın, nə Səudiyyə Ərəbistanının, nə də ki, İranin maraqları bizim üçün prioritet deyil. Biz İraqın başqa dövlətlərin öz borclarını silməsi üçün müharibə meydanına çevrilməsinə də imkan vermərik”.

pompeo irag ile ilgili görsel sonucu

Gördüyünüz kimi, Hadi əl-Əmiri İranı da bu siyahıya daxil edir. O, özünü öncə İraq millətçisi, daha sonra isə şiə kimi görür. Əlbəttə, onun İraqdakı siyasi opponentləri onun bu iddiasına etiraz edərdi.

O, deyir: “Amerika daha əvvəlki Amerika deyil. O, heç vaxt olmadığı qədər zəifdir. Amerika Venesuelada və ya Kubada, qonşuluğunda olan ölkələrdə ən güclü zamanlarında belə bir iş görə bilmədi. Amerika burada nə edə bilər? Tramp gedib öncə Konqreslə öz problemini həll etsin. Siz Amerikanın gücündən qorxursuz? Əgər Amerika burada müharibəyə başlasa, Vyetnamdakı kimi biabırçı məğlubiyyətlə üzləşəcək. Amerikanın haqqı yoxdur ki, öz iradəsini başqa dövlətlərə diktə etsin”.

trump america ile ilgili görsel sonucu

Təbii ki, o, ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan Səudiyyə taxt-tacının sahibi, şahzadə Məhəmməd ibn Salman və İsrailin Baş Naziri Benyamin Netanyahu haqqında o qədər də yüksək fikirdə deyil və bunu gizlətmir də: “Biz (Bədr Təşkilatı) İraq dövlətinin bir hissəsiyik. Biz İraq hökumətinin də bir parçasıyıq. Kimsə bizə hücum etsə İraq xalqı ona qarşı vuruşacaq. Bizə İranın yardımı lazım deyil. Özümüzü müdafiə etmək üçün kifayət qədər imkanlara sahibik. General Corc Kaseyə (George Casey. Amerikalı general. O, 2003-2007-ci illərdə İraqda koalisiya qüvvələrinin komandanı olub. E.H.) dedim ki, mən sizdən güclüyəm. Siz işğalı həyata keçirən qüvvələrdən asılısız. Ancaq siz İraqı tərk edəcəksiz, mən isə burada qalacam”.

O, ABŞ-ın İraq ordusuna keçdiyi hərbi təlimlərdən də narazıdır: “2014-cü ildə ABŞ tərəfindən təlim görmüş İraq ordusu İŞİD-in qarşısında diz çökməli oldu. Mosul, Səlahəddin, Kərkük, Ənbər, Diyalanın böyük bir hissəsi İŞİD-in əlinə keçdi. Bağdad mühasirəyə alındı. O vaxt çoxları deyirdi ki, İraq bitdi. Mənsə deyirdim ki, biz qalib gələcəyik. O vaxt orduda son dərəcə bədbin əhval-ruhiyyə hakim kəsilmişdi. Ancaq biz toparlana bildik. Yalnız biz hərbi baxımdan ilk qələbələr çaldıqdan sonra ABŞ da İŞİD-ə qarşı hərbi müdaxiləyə rəvac verdi. Ancaq əsas işi biz gördük. Amerika İŞİD-lə savaşı kənardan seyr edirdi”.

Qərb mənbələri bildirir ki, o, nəqliyyat naziri olarkən İranın göndərdiyi silahların İraq üzərindən Suriya rejiminə çatdırılmasını təmin edib. Ancaq bu məsələ ilə bağlı suallara o, həmişə inkarla cavab verib: “Mən nazir olanda ABŞ-ın Bağdaddakı səfiri mənimlə görüşdü. O, dedi ki, biz İran döyüşçülərinin Suriyaya İraq üzərindən getməsinin (təyyarə ilə) qarşısını almalıyıq. Mən isə ona dedim ki, sizin mənə əmr verməyə haqqınız yoxdur. BMT beynəlxalq uçuşlarla bağlı bu işə müdaxilə edə bilər. Mən sizdən gələn əmrlərə əməl etmək fikrində deyiləm. İŞİD terrorçu təşkilatdır, bu təşkilatın üzvlərin siz bir araya gətirmisiz. Vaxt gələcək onlar bu fəlakəti Avropaya daşıyacaq”...

Cənab Əmiri razılaşır ki, İran və Rusiya Suriyaya kömək edir: “İran ən həlledici məqamda Suriyaya dəstək verdi. İran İŞİD-in Suriyada uğur qazanmasının qarsısını aldı. Bu işə Rusiya da qoşuldu. Hizbullah (Allahın ordusu anlamını verir. Lideri Seyid Həsən Nəsrullahdır. Şiələrə aid siyasi partiya və hərbi birləşmə. E.H.) yardım göstərdi. Suriya ordusu Hizbullahın dəstəyi ilə vuruşdu. Hizbullahın Suriyada gördüyü işi biz Bədr Briqadası olaraq İraqda həyata keçirdik”.

iran rusiya ile ilgili görsel sonucu

Əlbəttə, o, İranın rolunu xeyli şişirdir. Məsələn, Suriyalı hərbçilər deyərdilər ki, bu savaşda onların əsas müttəfiqi Rusiya olub. Ancaq biz söhbətin nədən getdiyini yaxşı bilirik və Hadi əl-Əmiri davam etdirir: “Əgər Amerika gələcəkdə bizə qarşı cəbhə açsa, İraq ordusu onlara qarşı birləşəcək. Amerika istəyirdi ki, İŞİD-in əli ilə İraqı və Suriyanı eyni vaxtda məhv etsin...Ancaq İraq birləşdi. Məzhəbçilik ölüb getdi. Amerikalılar bir qayda olaraq mənim haqqımda deyirlər ki, “Əmiri məzhəbçidir”. Ancaq indi Əmiri sünnilər arasında şiələrlə müqayisədə daha populyardır. Səudiyyəlilər-onlar çox axmaqdır və Məhəmməd ibn Salman Yəməndə özünü uşaq kimi apardı. Amerikalılar mənə deyirdi ki, Yəməndə müharibə iki həftəyə bitəcək. Sonra dedilər ki, uzağı 40 günə müharibə yekunlaşacaq. Sonra 4 aya bitər, dedilər. Artıq 5 ildir ki, müharibə gedir. Səudiyyə hər gün Yəməndə itkilər verir, kimlərsə qurban gedir. Əgər ABŞ bizə hücum etsə İran bizə dəstək olacaq. Rusiya və Çin də bizə bu savaşda tək qoyan deyil. İran elə ölkədir ki, xarici təzyiq güclənəndə onlar daha çox birləşirlər”.

Əmiri İran haqqında yüksək fikirdədir: “İran prezidenti Həsən Ruhani Qərbə açılım edəndə də İran xalq birləşdi, o vaxt da daxildə xeyli problem vardı... İran iqtisadiyyatı əsasən özəl sektorda cəmləşib, o cümlədən İraqın İrandan aldığı elektrik enerjisi də özəl sektora aiddir”.
Əmiri dostu general Qasım Süleymani haqqında da danışıb: “Əlbəttə, amerikalılar məmnuniyyətlə onu ilk növbədə aradan götürmək istərdi. O, müxalifətlə anlaşmaq üçün bizə dəyərli məsləhətlər verdi. İŞİD-lə müharibədə isə o, ön sırada dayanmışdı. İran xalqı adından İraqa kömək edirdi. O, əla məsləhətçidir. Onun yüz nəfərə qədər məsləhətçisi vardı. Onlardan bir çoxu İraq torpağında şəhid oldu. Onlar ön cəbhədə dayanmışdı və ona görə də bu müharibənin gedişinə belə ciddi təsir göstərə bildilər”.

ruhani ile ilgili görsel sonucu

Məqalənin sonunda ingilis jurnalist vurğulayır ki, Əmirinin dedikləri ilə İranı rəsmi mövqeyi arasında eynilik çoxdur. Onun tarix haqqında dedikləri də İranın baxışlarını əks etdirir. Ancaq sən ona desən ki, cənab Əmiri, siz İranın İraqdakı səsisiz, o, bu iddianı gülməkdən uğunub getməklə qarşılayacaq. Buna baxmayaraq, biz ayrılanda ona iki vizit kartı verdim. Rica etdim ki, onlardan birini Qasım Süleymaniyə çatdırsın və desin ki, mən ondan müsahibə almaq istəyirəm. Əmiri əllərini yuxarı qaldırıb dedi: “Ancaq mən bilmirəm ki, biz generalla nə vaxt qarşılaşacağıq”. Mən isə mərc gələrəm ki...

 

Elbəyi Həsənli, Sürix
Musavat.com üçün

P.S.İranın yarım-dövlət agentliyi olan “Mehr News Agency”yə müsahibəsində Hadi əl-Əmiri deyib: ”Əgər Qasım Süleymani İraqda olmasaydı Heydər əl-Abadi (İraqın sabiq baş naziri. 2014-2018) öz kabinetini mühacirətdə yaratmalı olardı”. Heç şübhəsiz ki, Qasım Süleymani olmasaydı Bəşər Əsəd də ən yaxşı halda İranda mühacir kimi yaşayırdı. Sabah Qərb mətbuatında Qasım Süleymani ilə bağlı getmiş məqalələr əsasında hazırlanan yazını diqqətinizə çatdıracağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR