İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın hazırkı rejimi İslam adına qara ləkədir”- İranşünas

591 03.04.2023 17:54 Siyasət A A

 

İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb. Onlar Yasin Əhmədov, Rüfət Qurbanov, Cavid Allahverdiyev, Əliəkbər Sadıqov və Elxan İsmayılovdur. Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdirilir. Fazil Mustafaya qarşı terroru da İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırılıb.

Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, ələlxüsus da SEPAH-ın dayandığını aydın şəkildə göstərir. Bu, İranın Azərbaycana qarşı dövlət səviyyəsində apardığı terror siyasətinin növbəti çirkin təzahürüdür. Bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, bütün dünya bunu terror aktı kimi qiymətləndirib. Hazırkı dövrə kimi Azərbaycana qarşı Ermənistan terror siyasəti həyata keçirib, vətəndaşlarımız bu qatı cinayətlərin qurbanına çevriliblər. İndi İran da Azərbaycana qarşı eyni metodlardan yararlanır və bu hal Azərbaycan ictimaiyyətində İranı Ermənistanla eyniləşdirir. 

Məhz bu səbəbdən İrana işləmək, onun xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir. İranın öz məqsədlərini reallaşdırması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir. İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq.

Siyasi şərhçi Asif Nərimanlı Musavat.com-a dedi ki, Fazil Mustafaya hücumda İran izi ən çox ehtimal edilən versiyadır və hadisənin motivlərindən tutmuş hədəfinə qədər, əksər detal diqqəti Tehranın üzərinə yönəldir. Terror aktının bir nəfər tərəfindən yox, qrup şəkilində təşkil edilməsi və qrupa bağlı digər şəxslər haqda araşdırmanın davam etməsi İranın Azərbaycanda göstəriş gələndə silahlı hücumlar təşkil etmək potensialına malik dəstələrinin olduğu fikrini isbat edir. Bu əməliyyat həmin dəstələrin ifşa edilməsi və neytralaşdırılmasına yeni imkanlar yaradacaq”.

İranşünas Vidadi Mustafayev Musavat.com-a bildirib ki, İranın son qırx ildə İslamın adından danışması, Cənubi Azərbaycandan deputatın Fələstinin maraqlarını və Qarabağ ermənilərinin hansısa  "hüquqları" nı müdafiə etməsi absurddur:

“İran molla rejimi şimal qonşusuna qarşı düşmənçilik niyyətlərini daim nümayiş etdirməklə məşğuldur. Onun şimal-qərb bölgəsində bəzi əsilsiz-nəsilsiz ideoloqlarından olan Həqiqətpur adlı birisi ağalarının bəd əməllərinə haqq qazandırmaq məqsədi ilə hələ bir ekspert kimi fikir də söyləyir. Bu, fars elitası sıralarına daxil olub , orada qalmaq arzusu ilə yanan, lakin etibar edilməyən, keçmiş SEPAH əsəri, sonra siyasətə üz tutan, nə qədər də mənsub olduğu xalqın əleyhinə danışsa da, yaltaqlığına görə ciddi inam və etibar qazanmayan, siyasət aləmindən uzaqlaşdırılan, şəxsiyyətsiz insan indi də Qafqaz regionu üzrə ekspert kimi hakimiyyətə yarınmağa çalışır. Bu adam  özü kimilərdən ibarət olan “anaj” saytına müsahibəsində İranın Zəngəzur dəhlizinə qarşı zahirən ağılsızcasına, lakin qərəzli məqsədlərlə  dirənməsinə haqq qazandırmaq üçün deyir ki, Zəngəzur dəhlizi  İsrailin marağına xidmət edir. Lakin onun Zəngəzur dəhlizinə qarşı ən inandırıcı arqumenti NATO təhlükəsi  ilə bağlıdır. O deyir: “Hansı sağlam düşüncə NATO-nun ayağının bizim sərhəd zolağımıza açılmasına dözə bilər?” Yəni Türkiyənin buradan sərbəst keçməsinə dözə bilmərik.

Ekspert qeyd edir ki, Həqiqətpurun “sağlam düşüncə” sahibi olduğu qətiyyən şübhə doğurmur, çünki Ermənistana sevgisi və Azərbaycana düşmənçiliyi nəticəsində ölkənin İranla sərhədini fırıldaqla və ya da sadəcə olaraq savadsızlıq üzündən uzadaraq 40 kilometrdən 60 kilometrə çatdırıb: “Savadsızlıq və ona əsaslanan qərəzlilik və yaltaqlıq bu ekspertə daha çox uyğun gəlir. Çünki o, İranın Zəngəzur dəhlizinə qarşı çıxmasını bir tərəfdən İsrail, digər tərəfdən NATO təhlükəsi ilə izah etməyə və əsaslandırmağa  çalışır. Amma o bilməli idi ki, artıq 71 ildən çoxdur ki, NATO –nun (1952-ci ildən) ən güclü ölkələrindən olan Türkiyə ilə qonşudur. Özü də bu qonşuluq kiçik (40 km) sərhəd zolağını deyil,  534 km bir zolağı əhatə edir.  Sonra həmin o NATO ölkəsi olan Türkiyənin, artıq tarixə keçmiş son bir neçə il nəzərə alınmasa, ən yaxın əməkdaşlıq etdiyi ölkələrdən biri İsrail olub və indi yenidən münasibətləri sürətlə bərpa olunur. Amma İranın millətçi-molla rejimi Türkiyəyə İsrail ilə çox sıx əməkdaşlıq etdiyinə görə heç vaxt etiraz edə bilməyib. Bu yaltaq və savadsız ekspert və onun ağaları Amerikanın regionda ən böyük səfirliyinin  Ermənistanda olduğunu, Ermənistanın İranın əsas düşmənləri sayılan Qərb və ABŞ-la ən yaxın əməkdaşlıq etdiyini, hətta İrana qarşı mədəni təcavüzlə məşğul olan Qərb dünyasına inteqrasiya  siyasəti yeritdiyini bəlkə bilmirlər. Bilirlər, bəs niyə iki gündən bir Ermənistandan həmin əlaqələri nəinki kəsməyi, heç azaltmağı belə dilə gətirmirlər. Çünki hakimiyyət ikiüzlü siyasət yeridir, daim öz xalqını aldatmaqla məşğul olur. Bütün bunlar İranın hazırki rejiminin İslam adına bir qara ləkə, ideoloqlarının isə şərəfsiz və yaltaq insanlar olduğunu göstərir”.


Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR