İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda sirli şəkildə itkin düşən Fərid Səfərlidən xəbər var

3463 29.04.2023 11:23 Gündəm A A

Anası: “Qardaşım iki dəfə İrana gedib, axırıncı dəfə deyiblər ki...”

İrana səfər etməsindən iki ay vaxt keçməsinə baxmayaraq Almaniyanın Yena Universiteinin tələbəsi, Azərbaycan vətəndaşı Fərid Səfərlinin ailəsi onun barəsində məlumat ala bilmir. Fəridin anası Dilarə Əsgərova “Yeni Müsavat”a deyib ki, bütün axtarışlar, cəhdlər boşa çıxıb. 

“İran səfirliyindən aprelin 4-də mənə məlumat verməli idilər, vermədilər. Qardaşım iki dəfə İrana gedib, axırıncı dəfə deyiblər ki, Fərid həbs olunmayıb. Mən bu xəbəri eşidib çox pis oldum. Düşünürdüm ki, Fərid onların əlindədir, sağdır. Sonra Azərbaycanın Xarici İşlər Nazirliyinə zəng vurdum, dedilər ki, Fəridə görə üç dəfə nota verilib, amma rəsmi cavab verilməyib. Mən artıq İran səfirliyinin bizə verdiyi xəbərə inanmıram”, deyə dərdli ana qəzetimizə bildirib. 

Fərid Səfərlinin anası: "İranda sevdiyi qız var imiş. Onunla görüşmək üçün  gedib" - BBC News Azərbaycanca

Sözünə davam edən D.Əsgərova deyib: “Fərid bizdə həbs olunmayıb deyirlər. Əgər həbs olunmayıbsa, rəsmi məlumat versinlər ki, həbs olunmayıb. Biz də arxayın olaq ki, bu həbs olunmayıb, Fəridin axtarışı üçün başqa istiqamət götürək. Ona görə mən rəsmi cavab gözləyirəm, dövlətə yazılı şəkildə deyilsin ki, həbs olunmayıb. İki aydır bir vətəndaşı tapmaq, onun haqqında məlumat vermək nə qədər çətindir ki?! Başa düşmürlər ki, bir ana üçün uşağını iki aydır görməmək, onun səsini eşitməmək nə deməkdir. Onların bir insana, vətəndaşa münasibətini izah edə bilmirəm”.   

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Dilarə Əsgərova bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub. Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.  Bundan sonra Fərid Səfərli barədə hər hansı məlumat almaq mümkün olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə martın 9-da nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR