İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda bu, sonun başlanğıcı ola bilər - Sensasion şərhlər

2074 03.10.2022 18:17 Siyasət A A

“İranda baş verən son iğtişaşlar kütləvi olsa da, nə İran hakimiyyəti, nə də İran dövləti üçün təhlükə yaradır”. 

Bu fikirləri Musavat.com-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib. 

661fb34b-58eb-3d84-8b29-27ea39be5bcc_850.jpg (93 KB)

Onun sözlərinə görə, baş verənlərdən çox da uzaqgedən nəticələr çıxarmağa dəyməz:

“Hakimiyyət hesab edir ki, baş verməli olmayan bir hadisə baş verib və əgər ortada bir cinayət varsa, o, araşdırılacaq. İranın az qala bütün ərazisinə yayılan aksiyaların iştirakçıları isə sadəcə qadınların geyim formasına olan tələblərin həddindən artıq sərt olmasına etiraz edirlər. Yəni hazırda məsələ bundan ibarətdir”.

Hikmət Babaoğlu bildirib ki, son günlər hakimiyyətə çağırış edən sabiq baş nazir Mir Hüseyn Musəvinin açıqlaması da ümumi əhval-ruhiyyədən heç nə ilə fərqlənmir:

“Sadəcə, polisi zorakılıqdan çəkinməyə, siyasiləri isə millətlə “əhdi-peymana” sadiq qalmağa çağırır. Belə məzmunda olan çağırışlar isə hadisələrin bundan sonrakı inkişafına heç bir keyfiyyət dəyişikliyi gətirə bilməz”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu fikirdədir ki, İranda xalq hərəkatı geniş vüsət aldıqca hakimiyyət içərisindən müxtəlif səslər eşitməyə başlayacağıq:

ffad3053-ebac-3a46-82fb-684e9c9a4a0a_850.jpg (63 KB)

“Mir Hüseyn Musəvinin son açıqlamaları bu qəbildəndir. İranın keçmiş prezidenti və tanınmış siyasi xadimi, mərhum Rəfsəncaninin qızı da nümayişçilərə açıq dəstək verib, islahatların gerçəkləşməsini tələb edib. İran parlamentində də müxalif fikirlər səslənir”.

Politoloq hesab edir ki, Məhsa Əmininin ölümü qığılcım rolunu oynayıb:

“İran vətəndaşlarının əksər hissəsi rejimin onların geyiminə qarışmasını istəmir. Tehran insanların etirazını azaltmaq üçün birinci addım kimi “əxlaq polisi”nin ləğvini həyata keçirə bilər. Ancaq rejim bu addımı da atmaq istəmir. Görünür, düşünürlər ki, qadınlara azad geyinmək hüququnun verilməsi rejimin dayaqlarını sarsıdacaq və bu, sonun başlanğıcı olacaq. Ancaq heç nə etməmək daha ağır nəticələrə gətirib çıxaracaq”.

Elxan Şahinoğlu bildirib ki, Türkiyədə olarkən İrandan gələn vətəndaşları müşahidə edib: “Onlar Türkiyədə rahat geyinir və dincəlirdilər. Demək, bunu başqa ölkədə edən öz ölkəsində də rahat geyinmək və əylənmək hüququna malik olmaq istəyir”.

Politoloq qeyd edib ki, ilk dəfə Təbrizdə 1999-cu ildə olub:

“Təbriz Universitetində tələbələrlə görüşümdə onlar məhdudiyyətlərdən təngə gəldiklərini mənə açıq bildirirdilər. 20 il sonra Təbrizdə yenidən oldum, şəhərdə əhval-ruhiyyənin eyni olduğunu hiss etdim. İnsanlar haqlarını tələb edirlər. İran müxtəlif etnik qrupların yaşadığı ölkədir. Bu ölkədə təlatümlər mərkəzdənqaçma meyllərini gücləndirə bilər. Tehran bunu anlayaraq islahatlara başlamaq əvəzinə, repressiya aparatını gücləndirməyə qərar verib. Bunun yanlış qərar olduğu aşkardır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR