Fikrət Yusifov: “İnanmıram ki, Xəzəryanı dövlətlər buna getsinlər”; Əhəd Məmmədli: “İran dostu Rusiyadan oxları yayındırmaqla məşğuldur”
İran Rusiya üzərindən neft satmayacaq. AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namidar Zəncənə deyib.
Bəzi mənbələr İranın ABŞ-ın sanksiyaları ilə əlaqədar Rusiya ilə gizli razılığa gəldiyini iddia edirdilər. Bu razılaşmaya görə, İranın öz neftini Xəzər dənizi ilə Rusiyaya nəql edəcəyi, sonra isə həmin nefti beynəlxalq bazarda Rusiya nefti kimi satacağı bildirilirdi.
Nazir həmçinin bildirib ki, Tehran Enerji Birjasında indiyədək 280 min barel neft satılıb.
Qeyd edək ki, İran ötən günlərdə öz neftini ilk dəfə enerji birjasında satışa çıxarıb.
Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.
Cənub qonşumuza qarşı sanksiyalar tətbiq edildikdən sonra İranın neftini hansı yollarla satacağı suallar doğurur. Burada ilk göz önünə Xəzər ölkələri gəlir. Ekspertlər hesab edirlər ki, Rusiya olmasa belə, rəsmi Tehranın Xəzəryani ölkələrdən birinin adı ilə neftini beynəlxalq aləmə çıxarmaq şanslarının olduğu qeyd edilir. O da vurğulanır ki, İran əvvəlki qiymətdə neftini sata bilməyəcək. Adıçəkilən ölkələr sırasında heç şübhəsiz ki, göz önünə Azərbaycan və Türkmənistan kimi dövlətlər gəlir.
![]()
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, İran neftinin embarqo qoyulandan sonra Xəzər ölkələrinin biri üzərindən satılma ehtimalları sıfıra bərabərdir: “İnanmıram ki, Xəzəryanı dövlətlər buna getsinlər. Burada yeganə ölkə kimi Rusiya müəyyən addımlar ata bilər. İranlı nazirin bəyanatında səslənən fikirlərdən biri də onunla bağlı oldu ki, biz öz neftimizi Rusiya üzərindən satmayacağıq. Bu bəlkə də bir siyasi gedişdir. Fikirləri çaşdırmaq nöqteyi-nəzərindən belə açıqlamalar verilə bilər. İranla Rusiya arasında kökləri çox dərinə gedən bir müttəfiqlik var. Bu müttəfiqlik bir çox məsələlərdə eyni nöqtədən çıxış etməyə gətirib çıxarır. Dəfələrlə biz onları bir yerdə görmüşük. Düşünürəm ki, əsas niyyət Rusiya üzərindən neftin satılması ilə bağlı olacaq. İran neftinin bir hissəsini nə qədər siyasi vəziyyəti gərgin olsa da, İraq üzərindən də sata bilər. Amerika prezidentinin çağırışına qoşulan ölkələrin, şirkətlərin sayı artıq kifayət qədər çoxalmaqdadır. Görünən odur ki, heç kəs nə dövlət, nə də şirkət olaraq Amerikanın qəzəbinə tuş gəlmək istəmir. Bu baxımdan çalışacaqlar ki, İran neftindən uzaq dursunlar. Onlar üçün nefti başqa ölkədən almaqla İrandan almaq arasında heç bir fərq yoxdur. İran neftinin alıcılarına müəyyən qədər, yəni noyabra qədər vaxt verildi ki, öz alıcılarınızı, satıcılarınızı axtarın tapın. Əslində bu zaman rəsmi Tehrana verilməmişdi. ABŞ-dan olsaydı həmin an sanksiyaları tətbiq edərdi. Sadəcə, 6 ay vaxt verilməsinə səbəb yuxarıda dediyim səbəblər idi. Vaxtı artıq başa çatmaq üzrədir. Amerikanın öz mövqeyində qaldığı açıq görünür. İran embarqoların tətbiqindən sonra ən azından neftinin 50%-ni gizli yollarla sata bilər. Amma neftinin böyük bir hissəsini bazara çıxarması çətin olacaq. Bu da İran üçün çox böyük itki olacaq. İranın maliyyə vəsaitlərinin xarici valyutadan daxil olması azalacaqdır”.

Politoloq Əhəd Məmmədlinin qənaətinə görə, İran neftini satmağa davam edəcək: “Cənub qonşumuz həmişə necə edirdisə, indi də elə edəcək. Yəni qeyri-rəsmi yollarla Türkiyə, Rusiya, Avropaya neftini satacaq. İran deməyəcək ki, illərdir neftimiz Rusiyadan Avropaya necə gedibsə, elə də gedəcək. Bu dəfə Amerika bu işin üstünə bərk düşüb. Ona görə də İran dostu Rusiyadan oxları yayındırmaqla məşğuldur. Fikrimcə, istənilən halda Türkiyə, Rusiya, Britaniya, Avropa Birliyi və Çin yenə də ucuz İran neftindən imtina edən deyillər. Bu yaxınlarda Britaniya neft şirkəti hətta İranla bu yöndə razılığa da gəlib. Baxmayaraq ki, ABŞ bu məsələyə çox neqativ yanaşır. Üstəlik, qara bazar var. Sadəcə, bu dəfə yuxarıda qeyd etdiyim ölkələr ucuz İran neftini alanda daha diqqətli davranacaqlar ki, Amerika ilə üz-üzə gəlməsinlər. Xəzər ölkələrindən Tehran istəsə də, istifadə edə bilməz. Çünki nə Azərbaycan, nə də Türkmənistan ABŞ-la üz-üzə gəlmək istəməzlər. Azərbaycan heç istəməz. Unutmayaq ki, Azərbaycan neftini İsrailə satır.
Türkmənistana bəlkə Rusiya dolayısı yollarla təzyiq göstərə bilər, lakin Aşxabadın da bu məsələdə çox ehtiyatla davranacağı düşüncəsindəyəm. Sanksiyalar çox güman ki tətbiq olunacaq. Dünyanı, regionu və bizləri qeyri-adi heç nə gözləməyəcək. 40 ilə yaxındır ki, İran sanksiyalar altında yaşayır. Sanksiyalara rəğmən İran nəinki ayaqda qalmağı bacarıb, hətta irəliyə addımlayıb. Əsasən də silah industriyasında. Son günlərdə neftin qiymətinin sürətlə düşməsi çox güman ki, İran neftinə qoyulan embarqo ilə bağlıdır. Amma təkcə bununla bağlı deyil. Səudiyyə Ərəbistanı və kral ailəsi ətrafında baş verən olaylar, eləcə də Qaşıqçının qətli ilə bunu bağlayıram. Dünyada əsas neft eksportyoru Səudiyyə Ərəbistanıdır. Neftin qiymətinin son dönəmlər düşməsini Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərində baş verən soyuqluqla əlaqələndirirəm. Xəzər daima ABŞ-ın diqqət mərkəzindədir. Yenə də belə olacaq. Çox güman ki, İran neftini yenə də Rusiya üzərindən Avropaya satacaq. Rusiya ilə İran çoxdankı tərəfdaşdır. Amma bu dəfə bu məsələdə hər iki tərəf daha ehtiyatlı davranacaq. ABŞ eyni vaxtda Rusiyaya da sanksiyalar tətbiq edir. Düzdür, bu, hələlik İrana tətbiq edilən sanksiyalar miqyasında deyil, amma ildən-ilə çoxalır. Ucuz İran neftini almaq istəyən müştərilər yenə də çox olacaq, lakin əvvəlki kimi bunu satmaq asan olmayacaq. Qeyri-rəsmi yollarla, qara bazar vasitəsilə İran neftini alanlar tapılacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






